ABŞ-ın Ermənistandakı səfiri C.Heffern Dağlıq Qarabağ probleminin həllində yüzün yüzə nisbətində Yerevanın mövqeyini dəstəkləyir. O özünün Dövlət Departamentinə verdiyi hesabatlarında Ermənistan rəhbərliyinin haqlı olduğunu vurğulayır və Azərbaycan tərəfi ermənilərə güzəştə getməməkdə ittiham edir. C.Heffernin fikrincə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsi heç də Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmələrindən vacib şərt deyil.
Necə deyərlər, ermənilərin dəstəkçiləri az idi, birinin də buynuzları ABŞ hüdudlarından göründü. Atalar demişkən, əleyhimizə ulayan çaqqal-çuqqal az idi, biri də sifarişlə Mazandarandan gəldi. C.Heffern bilməmiş deyil ki, Azərbaycan terrorçuluğa qarşı mübarizə məsələlərində ABŞ-ın ən yaxın müttəfiqi olduğu halda, Ermənistan dördəlli Rusiyanın quyruğundan sallaşıb qalmaqdadır. Görünür, bu cür sallanmaq əbədiyyətədək davam edəcəkdir. Bütün bunlar C.Heffern kimilərini qətiyyən narahat etmir. Çünki onun başlıca məqsədi erməniləri, nəyin bahasına olursa-olsun, müdafiə etməkdir. Səfir sarıdan ermənilərin bəxti həmişə gətirir. ABŞ-dan Yerevana nə qədər səfir gəlirsə, hamısı da ermənilər deyəni deyir. Necə deyərlər, motal alırlar, cim yağ çıxır və ya doşab alırlar, bal çıxır.
Bizə gələndə isə, hər bir ABŞ səfirinin gözü yumulu qalır. Çörəyimizinmi duzu yoxdur, yaxud nədəndirsə, Vaşinqtonun ölkəmizə göndərdiyi səfirlər ya ermənipərəst çıxır, ya işlərini-güclərini buraxıb, Azərbaycanın daxili işlərinə qarışır, ya da müxalifəti üstümüzə qısqırtmağa cəhd edirlər. Götürək elə sonuncu ABŞ səfiri Riçard Morniqstarı. Bu adam öz səlahiyyətləri dairəsində fəaliyət göstərmək əvəzinə, ABŞ-ın Ermənistandakı səfiri C.Heffernin mövqeyini dəstəkləyən addımlar ataraq, bizim müxalifətin yönünü ermənilərə doğru çevirməyə cəhd edir. "Bizimkilər" də haya bəndmişlər kimi, dərhal əks-həmləyə keçirlər. Təki başlarına şıdırğı qrant yağdırılsın.
R.Morniqstarın Müsavat başqanı İsa Qəmbər və Əli Kərimli ilə son görüşü qarşılıqlı irad və iddialar şəraitində qalmaqallı tərzdə başa çatıb. ABŞ səfiri onları zəif fəaliyyət göstərməkdə, qarşıduran tərəflər isə R.Morniqstarı onların işinə pis qiymət verməkdə qınayıb. Tərəflərin bir-biriləri ilə "irad", "qınaq" və "umu-küsü" dilində danışmaları onların arasında dil və əməl birliyinin olmasından xəbər verir. Bu da tərəflərin bir məslək sahibi kimi eyni nöqtəni döyəcləmələrindən xəbər verir. Bunlar deyir, R.Morniqstar "mən ölüm" vurur, səfir deyir, bunlar "özüm ölüm" eyhamı vururlar. Deməli, bunların arasından, həqiqətən də, su keçmir. Bu şəraitdə qrant zaryadkası alan müxalifət qərəzlə yüklənir, Bakıda yaşayıb-işləyən səfir isə, ermənipərəstlik bataqlığına yuvarlanır.
Biz ABŞ-ın Ermənistandakı və Azərbaycandakı səfirləri haqda daha dərindən düşünərkən, torbada çoxsaylı pişiklər kolleksiyasının olduğunu və bu xəmirin hələ bundan sonra da çox su aparacağını görmüş olardıq. Üzə çıxardı ki, C.Heffern və R.Morniqstar eyni mərkəzdən iradə olunur. Əlbəttə, biz bu əməlin ABŞ dövlətinin rəsmi mövqeyi olduğunu təsdiq etməyə tələsmirik. Elə tələsmədiyimizə görə də, təndirə düşmək ehtimalımız çox olur. Nə bilmək olar ki, məsələnin kökündə kim və ya hansı amil dayanır?..
Ancaq hər iki səfirdə ermənipərəstlik meyilini ABŞ-ın Ermənistandakı keçmiş qadın səfiri M.Yovanoviç tənzimləyir. Yovanoviç İvanoviçfason bir soyaddır. Başlıca cəhət olur ki, bu slavyan əsilli ifritə də türk qanına susayan bir vampirdir. Slavyan əsilli dövlətlərin rəsmilərinin əksəriyyəti isə "zavallı, yazıq və miskin ermənilərə" canıyanınlıq edir. "Türkün türkdən başqa dəstəkçisi yoxdur" kəlamı bu yerdə özünü bir daha təsdiqləyir. Ancaq türkün başının üstündə duran Tanrısının da çox qüdrətli olduğu məlumdur. Yəni biz haqlı olduğumuz üçün qələbə də bizimlə olacaq.
Valeh MƏHƏRRƏMLİ