PDF Oxu

Köşə

  • 1 332

Siyasi dilənməyin tamahkarlıq nəticəsi - "5 qəpik" bəs etmədi

Siyasi dilənməyin tamahkarlıq nəticəsi - "5 qəpik" bəs etmədi

Dağıdıcı müxalifət düşərgəsinin ölkədə qarışıqlıq və iğtişaşlar yaratmaqla siyasi prosesləri öz xeyirlərinə tərəf cəlb etmək cəhdləri boşa çıxdı. Əlində bu kimi boşaçıxma cəhdlərini ictimaiyyət bundan sonra hələ çox görəcək. Ancaq düşərgə mənsublarının ən alçaq yollara əl ataraq siyasi dilənmək yolunu seçmələri ictimaiyyətdə birmənalı qarşılanmır. Belə ki...

Belə ki, gah əsgər ölümlərini, gah da digər hadisələri şişirdərək, bunu öz dividendlərinə yazmağa çalışan "liderlər" indi də öz əlaltılarına daha bir rəzil tapşırıq verirblər. Məsələn, "5 qəpik" kampaniyası keçirməklə guya dünyanın diqqətini özlərinə cəlb edəcəklərini düşünən dağıdıcı ünsürlər indi də həmin "kampaniyanın" qiymətini daha 5 qəpik qaldıraraq, "10 qəpik" kampaniyasına çevirdiklərini bəyan ediblər. Guya bununla da qanunsuz şəkildə küçə yürüşlərinə çıxıb həbs olunanları xilas edəcəkmişlər. Lakin görünən tərəf budur ki, bir dəfə yığılan "5 qəpiklərin" şəkillərini çəkib müxaifət mətbuatında ictimailəşdirməklə sanki sözügedən kampaniyanın doğruluğunu göstərməyə çalışıblar. Ancaq bu, həqiqətən də, bir kampaniyadırmı?

Bu gün dağıdıcı müxalifətin əlaltı "gəncləri" sosial şəbəkələrdə bar-bar bağırırlar ki, onlar kəsilən pul cəzalarını ödəmək fikrində deyillər. Guya həmin cəzaları ödərlərsə, törətdikləri əməllərini etiraf etmiş olardılar. Lakin buna baxmayaraq, adıçəkilən kampaniya davam etdirildi və sonda məlum oldu ki, yığılan "5 qəpik"lərin böyük hissəsi mənimsənilib. Kimlər tərəfindən? Əlbəttə ki, "liderlər" tərəfindən! Onlar indi də torlarına düşən binəva, aldadılmış gənclərin vasitəsilə xalqın cibinə girməklə məşğuldurlar. Qeyd edək ki, bu barədə bir neçə fakt və dəlillər mövcuddur. Yaxınlarda həmin faktları təsdiq edəcək sübutlar da ortaya çıxacaq.

"10 qəpik" daha çox gəlir gətirəcək?

Lakin bu dəfə "10 qəpik" kampaniyasına başladıldığını bəyan edən müxalifət mediası bunu Almaniyadan yayımlanan anti-Azərbaycan xarakterli "Azərbaycan saatı" verlişinin "bərpası" üçün yığılacağını yazır. Guya həmin pulların vətəndaş cəmiyyəti tərəfindən yığılacağını yazan müxalifət mətbuatı bununla bir daha rəzil dilənçiliklərini gizlətməyə səy göstərirlər. Daha dəqiq desək, siyasi dilənçiliklə məşğul olurlar.

Maraqlıdır ki, ianələrin, yəni dilənçilik pullarının toplanması üçün Bakıda - Müsavat, Vətəndaş Həmrəyliyi partiyalarının qərargahlarında, "REAL" hərəkatının, Azərbaycan Avropa Hərəkatının, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin və "Müsbət Dəyişiklik" adlı "gənclər hərəkatının" ofislərində nəzir qutuları qoyulub. Və bu dəfə təşkilatçıların bildirdiyinə görə, "şəffaflığı" təmin etmək üçün mütəmadi olaraq toplanan vəsait barədə ictimaiyyətə hesabatlar veriləcək (?!-M.) Demək belə çıxır ki, "5 qəpik" kampaniyasında şəffaflığın qorunması təmin olunmayıb və bu müəyyən etirazlara səbəb olub. Bu səbəbdən də, yenə də ictimaiyyəti aldatmaqdan ötrü "şəffaflıqdan" dəm vururlr. Ancaq bəllidir ki, harada dağıdıcı müxalifət "liderlərinin" adları, barmaqları varsa, orada dələduzluq və rəzillik mövcuddur. Görünür, bu dəfə gözləri 5 qəpiklərdən alacalanan "liderlər" daha artıq tamaha mübtəla olublar. Belə yerdə deyərlər ki, Allah gözünüzü doydursun!

MÜBARİZ

P.S. Çox təəssüflər və yazıqlar olsun ki, yuxarıda adları çəkilən zəhərlənmiş "gənclər təşkilatları" Fransa Senatında vəhşicəsinə döyülmüş iki azərbaycanlı tələbənin haqq səslərinə dəstək bəyanatı vermədilər. Nə etsinlər, başları çox möhkəm siyasi dilənçiliyə qarışıb...

Digər xəbərlər