PDF Oxu

Köşə

  • 1 431

Gözükölgəlilərin kölgəli "kabinetləri"

Gözükölgəlilərin kölgəli "kabinetləri"

Əslində, bu hal gözlənilən idi. Çünki hər seçkilər ərəfəsi dağıdıcı müxalifət düşərgəsinin şəxsi maraqları çərçivəsindən çıxış edən qruplarının, daha dəqiq, desək partiyalarının özlərinə sərf edəcək "kölgə kabinetləri" qurmaları sağlam düşüncəli cəmiyyətə aşırı yüngüllük təsirindən başqa heç nəyi bağışlamır. Bu baxımdan, sözügedən yüngülüklər hazırda da davam etməkdədir. Yəni həmin yüngüllük son günlər mətbuatda müxalifət partiyalarının "kölgə kabinet"lərinin siyahılarında özünü kifayət qədər sərgiləyir. Əvvəlcə Müsavatla bir qurumda - "İctimai Palata"da təmsil olunan AXCP-nin "kölgə kabineti" ortaya çıxdı ki, siyahıdakı "vəzifə bölgüsü" partiyalararası münaqişəyə səbəb oldu. Müsavatçılar "cəbhəçiləri" ağ yuyub, qara sərdilər ki, bəs bu nə "kölgə kabineti"dir ki, İsa "bəy" orada ciddi imtiyazlara sahib olmayıb və s. Ancaq söz yox ki, Əli Kərimli İsa Qəmbərdən hər hansı yolla qisas almalıdydı ki, sözügedən vasitədə - "kölgə kabinet"i siyahısında az-çox buna müyəssər oldu. Nəticədə, sosial şəbəkələrdə "cəbhə"-müsavatçılar arasında söyüşün biri bir qəpiyə satıldı.


Bunun ardınca, ölkədə iğtişaşlar yaratmağa cəhd edildiyinə görə hazırda həbsdə olan İlqar Məmmədovun rəhbəri olduğu "REAL hərəkatı"nın "kölgə kabineti" yağışdan sonra çıxan göbələk kimi ortada bitdi. Məhz bu "siyahıda" da çanaqlardan biri Müsavat başqanı İ.Qəmbərin başında çatlayıb. O, əvvəlcə "Milli Məclisin sədri" postuna "otuzdurulsa" da sonradan sğzügedən siyahıda dəyişikliklər edilərək Rusiyaya səfir "göndərildi". Əlbəttə ki, AXCP sədri Ə.Kərimli də ən aşağı postlardan birinə "göndərilərək" xalaxətrin qalmasın, "vəzifəyə" sahib oldu. Söz yox ki, burada da məsələ müxalifətin birliyi üzərində cərəyan etməyərək, şəxsi maraqlar çərçivəsində yüngülcəsinə "inkişaf" edib.

Amma bu da son deyil. Məsələn, İqbal Ağazadənin rəhbərlik etdiyi "Ümid" partiyasının, Sərdar Cəlaloğlunun ADP-sinin, eləcə də, Qulamhüseyn Əlibəylinin sədrlik etdiyi "Aydınlar" partiyasının cəmləşdiyi "Qarabağ" bloku da, öz növbəsində, yuxarıda vurğulanan yüngüllüklərdən xeyli bəhrələniblər. Belə ki, adıçəkilən blokun kölgə kabineti" siyahısında nə İ.Qəmbər, nə də Ə.Kərimli doğru-dürüsüt vəzifələrə "sahib" ola bilməyiblər. Çünki "Qarabağ" blokunun siyahısında əsas vəzifələr üç partiya sədri arasında "bölüşdürülüb".

Xatırladım ki, AXCP sədrinin "kölgə kabineti"ndə ADP sədri S.Cəlaloğluna "aşağı vəzifə" verilmişdi. S.Cəlaloğlunun "mən komandamda İsa Qəmbərə xarici işlər naziri, Əli Kərimliyə isə ədliyyə naziri vəzifələrini verərəm" sözləri isə AXCP və Müsavat tərəfindən kəskin ertirazlarla qarşılanmışdı. Daha sonra S.Cəlaloğlu açıqlamasında fikrini dəyişdiyini, Ə.Kərimliyə "fövqəladə hallar naziri", İ.Qəmbərə isə "baş nazirin müavini" vəzifəsini verəcəyini deyib. Maraqlıdır ki, "Qarabağ" blokunun "kölgə kabineti"ndə İsa Qəmbərə vəzifə verilsə də, Ə.Kərimliyə heç bir vəzifə verilməyib.

Və burada məsələ hansı yüngül partiya sədrinin hansı "vəzifəyə" təyin olunmasından getmir. Məsələ ondadır ki, bütün bu kimi hallar qarşılığında həyasızcasına "vəzifə" bölgüləri aparan "liderlər" unudurlar ki, onların hər birinin xalq qarşısında ayrıca gözükölgəlikləri var. Varsa, demək hakimiyyətə yiyələnməyə haqları, ixtiyarları və səlahiyyətləri yoxdur. Bu dövlətin qədirbilən xalqı kimin hansı yuvanın quşu olmasını unutmayıb. Xalq bilir ki, Ə.Kərimlidən, İ.Qəmbərdən dövlət xadimi çıxmaz. Xalq anlayır ki, S.Cəlaloğludan, təsadüfən deputat seçilmiş İ.Ağazadədən, bir partiyadan o biri partiyaya budaq-budaq gəzən Q.Əlibəylidən bu xalqın maraqlarına cavab verəcək addım gözləməyə dəyməz. Bir halda ki, onlar Azərbaycan dövlətçiliyini "kölgə kabineti" kimi ucuz, yüngül vasitələrlə bölürlərsə, arxı hoppanmamış hop deyirlərsə, öz kölgələrindən belə, hürkürlərsə, demək...

Demək, belə çıxır ki, bunların siyasi klounluqları bundan ötəyə inkişaf etməyəcək. 2013-cü il prezident seçkilərinə isə vur-tut, yeddicə ay qalıb, ay GÖZÜKÖLGƏLİ yazıqlar!

Digər xəbərlər