Bu yaxınlarda Eynulla Fətullayevin rəhbərlik etdiyi informasiya saytında məqalə ilə çıxış edərək, ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun (MDİ) ölkədə "facebook inqilabı" üçün milyonlar xərclədiyini iddia etmişdi. Və nədənsə, həmin iddialar həqiqətə uyğun hesab olunduqdan sonra, öncə ABŞ səfirliyinin, ardınca isə MDİ-nin Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin əl-ayağa düşməsi daha bir neçə müəmmaları üzə çıxarmış oldu. Məsələn, MDİ-nin Azərbaycanda "facebook inqilabı"nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsaiti ayırdığı ifşa edildikdən sonra A.Qriqorevs facebook statusunda dərhal məsələyə münasibət bildirib. Ancaq onun münasibətinin nə qədər "səmimi" olması da nəzərdən yayınmayıb. Məsələn, bu fərd indi də durub deyir ki, MDİ-nin Azərbaycandakı fəaliyyəti 1995-ci ilə söykənir. Ancaq nədənsə etiraf etmir ki, "demokratiya institutunun" ölkəmizdə fəaliyyətə başlamasına razılıq verilməmişdi. Məhz ABŞ-ın o zamankı dövlət rəsmisi Madlen Olbraytın təkidli xahişlərindən sonra ölkə rəhbərliyi MDİ-nin Azərbaycanda fəaliyyətinə razılıq vermişdi.
Heç kim Lidsi unutmayıb...
Xatırlatmaq yerinə düşərdi ki, bu, həmin MDİ-dir ki, vaxtilə onun digər keçmiş rəhbəri Lids də Azərbaycanda müdaxiləli radikal siyasi baxışlara rəvac vermişdi. Lids tez-tez müxalifətin radikal qanadı ilə görüşlər təşkil edərək, onlara öz "tövsiyələrini" verib təlimatlarını həyata keçirməyə cəhd göstərib. Ona görə də, A.Qriqorevsin nəyə görə bu qədər əl-ayağa düşməsi, əslində, başadüşüləndir. Çünki o, ifşa olunub.
Başqa tərəfdən, Aleks bəyan edib ki, "MDİ, həmçinin, müstəqil seçki müşahidəçiliyini dəstəkləməklə Azərbaycan vətəndaşlarının öz səslərini qorumaq cəhdlərinə (?-M.) kömək edir, ancaq sonradan da etiraf edir ki, "institut seçkilərin nəticələrində maraqlı deyil".
Necə ola bilər ki, Qriqorevs bir tərəfdən seçicilərin öz səslərini qorumaq cəhdlərinə "kömək" edir, ancaq seçkilərin nəticələrində də maraqlı deyil?! Məgər bu bəyanat özü-özülüyündə absurdluq təşkil etmirmi? Çünki bildiyimiz qədər Azərbaycanda dağıdıcı müxaifətin sosial bazası sıfır həddindədir. Ona görə də xalqın kütləvi dəstəyindən məhrum olub. Demək belə çıxır ki, hər hansı dağıdıcı müxalifət tərəfdarı öz səsini qorumaq cəhdində olacaqsa, demək, MDİ də onun həmin cəhdinə "kömək edəcək". Yəni "facebook inqilabı" üçün "münbit şərait" yaranacaq.
Burada da "əmmanın" olması şübhəsizdir
Lakin MDİ-nin Bakı ofisinin rəhbərinin daha bir ifşası meydana çıxıb. Belə ki, bu gün sosial şəbəkələrdə statuslar yazan dağıdıcı müxalifətə məxsus gənclər onun müdafiəsinə qalxırlar. Əgər müdafiəsinə qalxırlarsa, burada da "əmmanın" olması şübhəsizdir. Məsələn, "Azərbaycan Avropa Hərəkatı"nın rəhbəri Ramin Hacılı da "Nida"çılardan fərqlənməyərək, bildirib ki, guya Eynulla Fətullayev bu haqda məlumatı yazarkən çox qərəzli olub. Ancaq görünən tərəf budur ki, məhz R.Hacılının MDİ-nin müdafiəsinə qalxması A.Qriqorevsin ona payladığı qrantların nəticəsidir. Baxın, görün bu cavan oğlan nə deyir: "Onun verdiyi qrantlar kifayət qədər balanslı şəkildə verilir".
Bu zaman sual yaranır, əgər A.Qriqorevs, həqiqətən də, "təmizdirsə", onda müxtəlif təşkilatlarda cəmləşən R.Hacılı timsalındakı müxalifətçi gənclər niyə onun müdafiəsinə qalxaraq, onu az qala "mələk" kimi təqdim edirlər? Bu sualın cavabı isə məhz sualın özündədir...