PDF Oxu

Köşə

  • 1 412

El "EL"i qəbul etməyəcək

El "EL"i qəbul etməyəcək

Dünyaca məşhur olan "Qaynana" kinofilmində Cənnət xala belə bir söz deyir: "Ay bala, adam ildə anasından neçə kərə doğular? İndi gələcəklər və başlayacaqlar hi-hi-hi, ha-ha-ha." İnanın həftə səkkiz, mən doqquz dağıdıcı müxalifət liderləri də müxtəlif gözəl məkanlarda toplaşıb, başlayırlar hi-hi-hi, ha-ha-ha. Sonda da yeyib-içib, şellənə-şellənə dağılışırlar. O gün də Eldar Namazov başının dəstəsi ilə "Ziyalılar Forumu"nun ofisində "EL" adlı hərəkat yaratmaq üçün toplaşmışdılar. Çox danışdılar, özlərinin qəhrəmanlıqlarından, mübarizə əhval-ruhiyyəsində olmalarından söhbət açdılar. Nəhayətdə, yeyib-içib, getdilər işlərinin dalınca. Adama deyən lazımdır, yeyib-içmək üçün hərəkat və ya blok yaradılmasına zərurət varmı? Könlündən, eşqindən havayı yeyib-içmək keçirsə, ATƏT-in Bakı ofisi və yaxud da ABŞ-ın Azərbaycandakı səfirliyi bir himə bənddir. Bir qədər əvvəl "8-lər"in "Asiman" restoranında xudmani stol ətrafında şirin, həm də məzəli söhbətlər oldu. O zaman hərəkatın yaradılması ideyası olmadı ki, təbii ki, yox. Yeyib-içmək istədilər bunu da etdilər. Bu baxımdan, E.Namazovun yeyib-içmək məclisi qurmaq üçün hərəkatın yaranmasını elan etməsi çağırışı ilə çıxışı gülüş doğurur. Həm də E.Namazovun hüquq-müdafiəçisi Eynulla Fətullayevin dediyi kimi, qeyri-ciddi şəxs olduğunu bir daha ortaya qoyub.

"EL" hərəkatının elan olunmasında ABŞ-ın, Fransanın və Almaniyanın Azərbaycandakı səfirlərinin iştirak etməsi sehirli əlin E.Namazova tərəf haradan istiqamət aldığını təsdiqləmiş oldu. Bu komik səhnəni xatırladan şouda diqqətçəkən məqamlar arasında özlərini zorən ziyalı kimi təqdim etməyə çalışan Eldəniz Quliyevin, Köçəri Nağıbəylinin, Abdulla Allahverdiyevin, Musa Yaqubun, Rəhman Bədəlovun, Rasim Ağayevin, Gültəkin Hacıbəylinin və digərlərinin özlərini kölə kimi aparmaları idi. Onların çıxışlarında da müstəqil fikir ifadə edə bilməmələri və gözlərini yalnız E.Namazova, eləcə də, səfirlərə tikmələri də bunu sübut edirdi. Tədbirdə yenə də qışqıranlar sırasında AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər öndə idi. "Qaynana" kinofilmində Cənnət xalanın "ədə Qrişa, itinə denən qapımın qarşısından keçəndə, hürməsin" sözü olmasın. Partiya sədrləri ağız-ağıza verib, elə qışqırır, E.Namazovu aradabir "malades" ifadələri ilə tərifləyirdilər ki, kənardan baxanların onlara yazıqları gəlirdi. Ən azı ona görə ki, bu insanlar gör nə qədər tükəniblər ki, nəbilərin önündə dövləti və xalqı aşağılamaqdan çəkinmirlər.

Ziyafət məclisində maraq doğuran çıxışlardan biri də E.Namazovun hərəkatın Azərbaycanın bütün bölgələrində yaradılacağı ilə bağlı hap-gop oldu. Düzdür, E.Namazov bu tip fikri səsləndirərkən, təxribatlar törətmək, maliyyə imkanları əldə etmək üçün fürsət axtaran bəzi rayonlardakı qruplara gəl-gəl işarəsi verdi. Amma reallıq ondan ibarətdir ki, cəmiyyətdə dağıdıcı müxalifətə qarşı kəskin mənfi münasibət mövcuddur. Hətta İ.Qəmbər və Ə.Kərimli düşüncəsinə malik olan hansısa rayon sakini E.Namazovun şirnikləndirici vədinin icraçısı olmaqla özünü el-obada biabır etmək istəməz. Ona görə də, el "EL"i qəbul etməyəcək. Beləcə "EL" müxalifətin tarixin arxivinə atılan blok, qurum və hərəkatları kimi dağılıb gedəcək. Bu baxımdan, adlarını ziyalı qoyan, amma ziyalı kimi tükənmiş insanlara elə hərəkatın elan olunması adı ilə düzənlənən yeyib-içmək qalacaq.

Digər xəbərlər