Yolum "Sahil" bağının yanından düşmüşdü. Metronun "Sahil" stansiyasına tərəf gedərkən, bir də gördüm ki, bıy, "cəbhə" sədri Əli Kərimli dayanıb bağ kənarındakı şam ağacının kölgəsində isə kiminləsə xısın-xısın söhbət edir. Gözümü bir balaca da itilədim və Ə.Kərimlinin qarşısında dayananın "Ziyalılar Forumu"nun təmsliçisi Cəmil Həsənli olduğunu gördüm. Ancaq ha qulaq versəm də, nədən danışdıqlarını ayırd edə bilmədim. Çünki onların arxalarında Ə.Kərimlinin iki dənə qarabala qoluzorlusu yaman o tərəfə-bu tərəfə var-gəl edirdilər. Elə bil onların şefləri o qədər əhəmiyyətli adamdır ki, oğurlayıb-edərlər, onlar da qalarlar yetim. Yaxud da dayandıqları şam ağacının başından yekə bir qoza qopub-düşər Əlinin təpəsinin düz ortasına və seçkilər ərəfəsində ağlını itirər. Nə isə, onların bu kimi düşüklüklərini qoyuram bir tərəfə və keçirəm məsələnin məğzinə.
HƏMİN OYUN İSA QƏMBƏRİN DƏ BAŞINA AÇILACAQ
Məsələnin məğzi isə belədir ki, AXCP sədri Müsavat başqanına qarşı belə bir tuzaq qurub ki, həmin tuzaq az-çox siyasətlə maraqlanan bir çoxlarına yaxşı bəllidir. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində "vahid namizəd" məsələsini həll edə bilməyən radikal müxalifət "liderləri" belə bir oyun oynamışdılar. O vaxtlar AMİP sədrini dəstəkləyəcəyini bəyan edən Ə.Kərimli son anda fikrini dəyişərək Müsavat başqanının cinahına keçmişdi. Nəticədə E.Məmmədov pis vəziyyətdə qalmış və seçkilərdən dərhal sonra partiya sədrliyindən istefaya getmişdi. Bununla da Ə.Kərimli onu təqib edən ən yaxın düşmənindən yaxasını qurtara bilmişdi. Bu dəfə isə həmin oyun İ.Qəmbərin başına açılacaq. Seçkilərə qədər İ.Qəmbərə dəstək verəcəyini bəyan edəcək Ə.Kərimli son məqamda üzünü Eldar Namazova tərəf çevirəcək. Bununla da onun daha bir düşməni çıxdaş olacaq.
Yəni İ.Qəmbər bu dəfə qeyrətə gəlib Müsavat başqanlığından istefaya getməyə məcbur olacaq. E.Namazov isə təbii ki, uduzacaq. Bununla da Ə.Kərimlinin 2018-ci il seçkilərində yolu açıqlacaq. Yəni bu, onun planının tərkib hissəsidir. Ancaq...
Ancaq AXCP sədri bir şeyi unudub ki, onun partiyası 2018-ci ilə qədər davam gətirə biləcəkmi? Hazırda onun siyasi təşkilatının "idarə mexanizminə" nəzər salsaq, görərik ki, AXCP heç 2015-ci ilin parlament seçkilərinə qədər gedib çıxa bilməyəcək.
Lakin qayıdım bir daha İ.Qəmbər məsələsinə. Burada bir daha görürük ki, binəva Müsavat başqanının taleyi məhz "Sahil" bağında, özü də C.Həsənlinin iştirakı ilə həll olunub. Əgər orada C.Həsənli də varsa, demək, işlər Müsavat başqanı üçün həqiqətən də şuluqdur...