Mərhum Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda qaldırılmış iddia yavaş-yavaş öz təsdiqini tapdıqca, AXCP-də yaranmış daxili təlaş da qabarmaqdadır. Yəni bu təlaşın nəyə görə baş verməsinin özü onu deməyə əsas verir ki, Elçibəyi bilavasitə onun qondarma "varisi" iddiasında bulunan hazırkı "cəbhə" sədri Əli Kərimli zəhərləyib. Və hər halda, əgər belə olmasa idi, bu adamın (Əli Kərimlinin) yaxın ətrafı müxalifət mətbuatında "Əli Kərimli Elçibəyi zəhərləməyib" kimi müxtəlif səpgili açıqlamaları ilə çığır-bağır salmazdılar. Salırlarsa, demək, torbada mütləq pişik var. Bu gün AXCP sədrinin müavini Həsən Kərimov kimiləri YAP rəsmilərinin arqumentlərinə qarşı dırnaqarası arqumentlər qoymağa cəhd göstərirlərsə, hüquqi məsələni Ə.Kərimli seçkiöncəsi dividendləri istiqamətində siyasiləşdirirlərsə, bunun özü də yuxarıda qeyd edilən məsələləri təsdiq edən amil kimi başa düşülür. Tutalım ki, Ə.Kərimli Elçibəyi zəhərləməyib və onun o zamankı türkiyəli həkimləri zəhərlənmə faktını dolayısı ilə təsdiq etməyiblər, onda Ə.Kərimliyə nə gəlib? Nəyə görə o və onun əlaltıları bu qədər təlaş keçirirlər? Onun bu məsələdə "barmağı" yoxdursa, qoy rahatca oturub, ona müəyyən dairələr tərəfindən verilən siyasi sifarişləri yerinə yetirsin. Daha ictimaiyyətin başını aparmasın ki, Elçibəyi o zəhərləməyib. Və daha H.Kərimov, Fuad Qəhrəmanlı, eləcə də digər əldəqayırma müavinlərini "Azadlığ"a çıxararaq, artistcəsinə "təmizə çıxmaq" yollarını axtarmasın.
Birincisi, hakimiyyətin işi-gücü qurtarıb ki, Ə.Kərimli kimi zəif, yararsız, xəyanətkar və özünü-sözünü bilməyən şəxsiyyətsizə, liderini öldürən qatilə görə dəyərli vaxtını itirsin? İkincisi, hakimiyyət hüquqi cəhətdən tələb olunan istənilən məsələyə qanun çərçivəsində baxır. Çünki hər bir qanun ana yasamızda, konstitusiyamızada əks olunub. Daha baxmır ki, törədilmiş cinayət barədə qaldırılmış iddia kim tərəfindən səsləndirilib. Yəni sözügedən zəhərlənmə məsələsini Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyil, Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev, yaxud da AXCP idarə heyətinin üzvü Xaliq Bahadır səsləndirsə idi, hakimiyyət yenə də bu məsələyə hüquqi çərçivədə yanaşacaqdı.
Lakin təəssüf ki, həm müxalifətin, həm də "cəbhə"nin başbilənləri özləri də, azmış kimi, cəmiyyəti də öz çirkin əməllərinə bulaşdırmağa səy göstəriblər. Fəqət, cəmiyyət də yaxşı bilir ki, "cəbhə" sədri nələrə qadirdir. Təkcə mərhum Elçibəyin dəfn mərasimində onun qatı tərəfdarlarının Ə.Kərimlinin üzünə tüpürmələrini, ona hücum etmələrini xatırlasaq, kifayət edər ki, bugünkü AXCP sədri Elçibəyi necə "sevib". Həmin vaxt Ə.Kərimli dəfn başa çatmamış Fəxri Xiyabanı tərk etmək istəsə də, Elçibəyin tərəfdarları "Yurd" şefinə xalq qarşısında nə vaxtsa cavab verməli olacağını xatırladıblar. Və həmin məqam yetişib. Məqamın yetişməsi isə Ə.Kərimlini çox ciddi şəkildə təlaşlandırır. Yəqin ki, qanun bu təlaşın əsil səbəblərini bir daha ortaya qoyacaq. Ə.Kərimlinin "arqumentlərini" tükəndirən real arumentlər də bu amili dəyərləndirməyə kifayət qədər əsas yaradır.