Vaxtilə bu qitənin inkişafına həsəd aparan insanlar Avropaya olan vurğunluqlarını belə izhar edirdilər. Çünki zamanında müasir texnologiyanın tarixi əsasları bu qitədə qoyulmuş, dünyada baş verən bütün yeniliklərin beşiyi kimi, məhz Avropa qitəsi tanınmışdı. Ancaq indi bu barədə danışmaq çətindir. Avropanı cənginə alan iqtisadi böhran burulğanı vaxtilə "AH AVROPA, AVROPA" kimi vurğunluq ifadəsini "EH, AVROPA, AVROPA" kimi təəssüf hissləri dəyişib. Hətta qoca qitədə yaşayan insanlar üzlərini Amerikaya, Asiyaya, hətta Afrikaya doğru tutmağa başlayıblar. Çünki Avropada, həqiqətən də, vəziyyət ürəkaçan istiqamətdə inkişaf etmir. Yunanıstanda hökumətin kəmərsıxma siyasəti, Almaniyada bu ölkənin baş naziri Angela Merkelin rəsmi bəyanatına görə neofaşizmin dirçəlməsi, İspaniyada bank sektorunda yaranmış tənəzzül, Fransada pensiya yaşının artırılması və vergilərin çoxaldılması, İngiltərədə insan hüquqlarının davamlı şəkildə pozulması, sosial-şəbəkələrə qoyulan hədlər, həqiqətən də, Avropanı çətin vəziyyətə salıb. İndi Avropa üzünü haraya tutacağını bilmir. Hətta Almaniyada demokratiyanın böhranlı vəziyyətə düşməsi artıq təəcüblə qarşılanmır. Çünki Almaniya neonasizmə keçid dövrünü yaşamaqdadır.
Yeri gəlmişkən, bir halda ki, Fransanın eks-prezidenti də bu ölkədən çıxırsa, demək, vəziyyət ürəkaçan deyil. Belə ki, bu ölkənin keçmiş prezidenti Nikolya Sarkozi vergi sistemində artırılmış ödəniş fazilərinə görə Fransanı tərk edəcəyini açıqlayıb. Ondan öncə isə Fransanı məşhur fransız aktyoru Jerar Depardye, Monika Berluççi və digər şöhrətlilər tərk ediblər. Tərk etmələrin səbəbi isə Fransada imkanlı şəxslərin qazanclarının 75 faizinin vergi orqanlarına ödəmələri qanununun qüvvəyə minməsidir. Demək, belə çıxır ki, əgər onlar bir neçə il də doğma vətənlərində yaşasalar, az müddətdə uzun illərdən bəri yığdıqları qazanclarından bir sent belə qalmayacaq. Bu, reallıqdır.
Başqa tərəfdən, Almaniyada yaşayan qeyri-almanlar, xüsusilə, türklər də artıq bu dövləti tərk etmək üzrədirlər. Hansı ki, İkinci Dünya müharibəsindən sonra məhz türklərin bu ölkəyə axını nəticəsində Almaniya iqtisadiyyatı yenidən dirçəlməyə başladı. Bu gün isə Angela Merkelin dediyi kimi, neonasizmin inkişafı bu ölkənin tərəqqisində xüsusi əməyi olan türklərin oranı tərk etmələri ilə nəticələnib.
AFRİKAYA DOĞRU
Ancaq Avropa qitəsi, deyəsən, vəziyyətdən çıxış yolu tapmağa hazırlaşır. Çünki son dövrlərdə Avropanın aparıcı dövlətləri olan Fransanın və İngiltərənin siyasiləri üzlərini Afrika qitəsinə tərəf çevirblər. Qoca qitənin qara qitə ilə sıx əlaqəsi isə 20-ci əsrin 60-cı illərinə qədər mövcud olub. Daha dəqiq desəm, Afrikada Avropanın bir çox koloniyaları mövcud olub və həmin koloniyalarda qara qitənin zəngin, tükənməz yerüstü, eləcə də, yeraltı sərvətlərini Avropaya daşıyıb. Qızıl, almaz, dəmir, filiz, neft, qaz, uran və daha nələr və nələr Avropanı daha güclü edə bilmişdi. Ancaq Afrika dövlətləri, bir-birinin ardınca müstəqillik əldə etdikdən sonra, bu nemətlər də əldən çıxmağa başladı. İndi isə yenidən hər şey təzədən başlayır.
Ötən ilin sonlarında Fransa xüsusi təyinatlılarının, desant qoşunlarının və hərbi hava qüvvələrinin Malidəki müdaxilələrindən sonra, İngiltərənin baş naziri Devid Kameronun bu addımı dəstəkləməsi Avropanın Afrikaya doğru gedən yolunun açılması kimi də başa düşüldü. Elə isə, bir həqiqəti dərk etmək lazımdır ki, nə Afrika o zamanlardakı Afrikadır, nə də Avropa həmin Avropadır. Ona görə də iqtisadi tənəzzüldən qurtulmağın yolunu daha uğurlu siyasi yollarla həll etmək lazımdır. Belə ki, çıxış yolunun Afrika olması heç də məntiqi məna daşımır...