PDF Oxu

Köşə

  • 1 277

Anti-milli "şura"nın qeyri milli görüntüsü

Anti-milli "şura"nın qeyri milli görüntüsü

Dünən qalmaqallar və ziddiyyətlərə nəticələnən "Milli Şura"nın ilk toplantısında "EL" hərəkatının ali məclisinin sədri Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun "Milli Şura" üzvlərinə ünvanladığı məktubu oxuyarkən ciddi fikir ayrılığı yaşanıb. Eyni zamanda, Müsavat başqanı İsa Qəmbərin MŞ ideyasının müəllifi Rüstəm İbrahimbəyovun göndərdiyi məktuba sərt reaksiya verib. Belə ki, R.İbrahimbəyov məktubunda "Milli Şura"nın bəyannaməsində Avroatlantik məkana inteqrasiya istiqaməti tutulacağı ilə bağlı qeydlərin artıq olduğunu və bəyannamədə buna ehtiyac olmadığını qeyd edib: "Milli Şura"nın əsas məqsədi ölkədə demokratik dəyişikliklərə nail olmaqdır".

Lakin "şanlı" məktubun oxunmasının ardınca isə Müsavat başqanı dərhal ayağa qalxaraq, R.İbrahimbəyovun bu qeydinə öz etirazını bildirib: "Əgər bu məsələni məktubda xüsusi vurğulamağa ehtiyac var idisə, mən də hesab edirəm ki, bəyannaməyə daxil edilən həmin məqam da xüsusilə vacibdir" .

"Milli Şura"nın ruscası

Məsələ həm də ondadır ki, "Milli Şura"nın bəyannaməsinə qeyd olunan müddəaların əlavə olunması barədə tələb məhz Müsavat başqanı İsa Qəmbərdən gəlmişdi. İlk müzakirələrdə bu fikirlər "MŞ"ın bəyannaməsində yer almasa da, İ.Qəmbərin təkidindən sonra həmin məsələ sənədə daxil edilib. Beləliklə, "Milli Şura"nın toplantısı başlar-başlamaz ilk qalmaqal düşüb. Cəmil Həsənlinin çıxışında replika atan hüquq müdafiəçisi Leyla Yunus isə nədənsə çıxışını rus dilində edib. Bu amil isə "şura"nın qeyri-milli olmasını sübuta yetirən amil kimi dəyərləndirilir. Məsələ ondadır ki, L.Yunus öz növbəsində tələb edib ki, toplantıda "Milli Şura"nın "vahid namizəd"inin elan edilməsi məsələsi gündəliyə əlavə edilsin və bu şəxs R.İbrahimbəyov olsun. Bu isə yerdən bir neçə nəfərin etirazına səbəb olub. Toplantıya qatılanlar isə L.Yunusun ilk öncə rus dilində deyil, Azərbaycan dilində danışmasını tələb ediblər. L.Yunus isə bu etiraza emosional cavab verərək, fikirlərini yüksək səslə Azərbaycan dilində yenidən təkrarlayıb.

Arif Hacılı isə milli təhqir üslubuna keçdi

ACP-nin sədri Sülhəddin Əkbər isə L.Yunusun çıxışına müdaxilə edərək bildirib ki, bu toplantıda bu cür təkliflərin səsləndirilməsinə ehtiyac yoxdur. O deyib ki, "Milli Şura" gərgin danışıqlardan sonra elan edilib. Bu cür təkliflərlə vəziyyəti yenidən gərginləşdirməyə ehtiyac yoxdur.

Lakin maraqlı məqamlardan biri də "Milli Şura"nın toplantısında Arif Hacılının L.Yunusun ünvanına təhqir ifadəsini işlətməsidir. Daha dəqiq desək, L.Yunusun R.İbrahimbəyovun namizədliyini irəli sürməsi Müsavat funksionerinin xoşuna getməyib. Nəticədə, A.Hacılı hüquq müdafiəçisinin ünvanına təhqirli ifadə işlədib. Bununla da "Milli Şura"nın ilk toplantısı özünün qeyri-milliliyi ilə yadda qalıb. Belə getsə, adıçəkilən qurumun heç bir neçə gün də davam gəritməyəcəyini güman etmək olar.

Digər xəbərlər