YAP-ın möhtəşəm qurultayı, eləcə də, bu qurultayda qəbul olunmuş mütərəqqi qərarlar müxalifət mediasını ciddi narahat etməkdədir. Hətta o qədər ciddi narahat etməkdədir ki, "Azadlıq", "Yeni Müsavat" qəzetləri başlayıblar özlərindən yeni-yeni quramalar icad etməyə. Guya hakim partiyanın qəbul etdiyi qərarlara qarşı narazılıqlar, etirazlar mövcuddur və s. Əslində, bu kimi qəzetlərin onun-bunun ucuz maraqlarına işlədiklərini hər kəs çox gözəl bilir. Bilməklə yanaşı, həm də görür. Çünki istər "Azadlığ"ın, istərsə də "Yeni Müsavat"ın baş redaktorlarından tutmuş, onlara bilavasitə təlimatlar verən AXCP və Müsavat partiyalarının rəhbərləri heç zaman milli-ideoloji məsələlərə, dövlətçilik maraqlarının qorunması istiqamətində aparılan işlərə ciddi yanaşmamaqla yanaşı, siyasətlərini rüsvayçı xəyanətlər, satılmalar üzərində qurublar. Sərt şəkildə tənqid olunduqları zaman isə dərhal dəsmal götürüb vay-şüvənlik salıblar ki, bəs qoymayın, iqtidar mətbuatı bizi yıxıb-sürüdü. Maraqlıdır, müxalifət mediası kimlərinsə pullu sifarişləri, Azərbaycanda olan siyasi-iqtisadi maraqları naminə özünü ən ucuz qiymətə satırsa, nəyə görə daim xalqın maraqları çərçivəsində məqalələr dərc edən iqtidar qəzetləri onları susdurmamalıdır? Axı müxalifət mediasından fərqli olaraq, iqtidar mətbuatı siyasi mübarizəni kişi kimi aparır!
Rauf Arifoğluya həmin məqaləni "Yeni Müsavat"da çap etdirdiyinə görə nə qədər veriblər?
Baxın, "Yeni Müsavat" qəzeti YAP-ın keçirdiyi möhtəşəm qurultayını kölgə altına almaqdan ötrü iqtidar mətbuatının aparıcı qəzetlərindən olan "Yeni Azərbaycan", "Səs" kimi mətbu orqanlarına qarşı daha hansı hoqqabazlıqdan çıxır: "...Bu qəzetlər, xüsusilə də "Yeni Azərbaycan" və "Səs" qəzetləri müxalifətə qarşı sərt mövqeyi ilə seçilir. Bu qəzetlərdə hətta müxalifət liderlərinə qarşı "qara piar" da aparılır, onlar təhqir edilir. Yəni bu qəzetlər müxalifətlə intellektual mübarizə aparmaq əvəzinə, onları təhqir edirdilər". (?!-R.).
Ümumiyyətlə, heç bir jurnalist baxışını, nəticəyə, fakta əsaslanan yazı kontekstini əhatə etməyən bu cümlə özü-özlüyündə sifarişli məqalə olduğunu kifayət qədər büruzə edir. Necə ola bilər ki, uzun illər boyu müxalifət "liderlərini" sərt tənqid edən "Yeni Azərbaycan" və "Səs" qəzetləri birdən-birə, yəni qurultay başa çatan kimi bunların yadlarına düşdü? Məgər bu ifadələri daha öncə, qurultaydan qabaq yazmaq olmazdımı? Əgər yazmaq olardısa, onda niyə məhz indi yazırlar? Demək burada heç də müxalifət "liderlərinin" tənqid olunması anlamı mövcud deyil. Yəni müxalifətin iqtidar qəzetləri tərəfindən kəskin tənqid olunmaları bunların marağında belə yoxdur. Sadəcə, "Yeni Müsavat"da bu kimi dırnaqarası anlamdan sui-istifadə edilərək, müəyyən qaranlıq dairələrin sifarişləri yerinə yetirilib. Çünki "Yeni Müsavat" (əlbəttə ki, "Azadlıq" da daxil olmaqla -R.) heç vaxt həqiqəti, reallığı yazmayıb. Ona görə də müxalifət mediası cəmiyyətə şişirdilmiş, sui-istifadəçi media kimi görülməkdədir. Bir də ki, maraqlıdır, görəsən, Rauf Arifoğluya həmin məqaləni "Yeni Müsavat"da çap etdirdiyinə görə nə qədər veriblər?
"Yeni Azərbaycan" və "Səs" qəzetlərindən müxalifət mediasına intellekt dərsi
Qaldı ki, təhqirə, onu deyə bilərik ki, müxalifət mediası dəfələrlə iqtidarın nüfuzlu, dəyərli, xalq tərəfindən rəğbətlə qarşılanan tanınmış simalarına qarşı olduqca qərəzli, şantaj xarakterli, reket təsirli, eyni zamanda böhtanlarla, təhqirlərlə zəngin olan yüzlərlə yazı və məqalələr dərc ediblər. Söz yox ki, müvafiq instansiyalar həmin qəzetləri məhkəmələrə verərək, haqlarını tələb ediblər. Məhkəmələrin çıxardıqları qərarlar isə göz qarşısındadır. Təzminatlar ödəməyə məcbur olan müxalifət mediası burada da öz ərköyünlüyünü göstərərək iddia edirdilər ki, guya iqtidar bununla söz və mətbuat azadlığına qarşı baryerlər qoyur. Belə çıxır ki, sən gəlib istədiyin dövlət məmurunun şərəf və ləayqətini tapdalayacaqsan, iqtidar qəzetləri də susacaq? Əsla! Bu, belə deyil! İqtidar mətbuatı da öz növbəsində qarşı tərəfə müvafiq cavabını verir və bundan sonra da verəcək. Ancaq müxalifət mətbuatı yenə də öz köhnə ampluasında qalaraq, əsil sifətini ortaya qoymaqla, özünü nə qədər ucuz qiymətə satan media kimi cəmiyyətin gözündə aşağılanacaq. Bu aşağılanma onların necə deyərlər haqqıdır! Və əlbəttə ki, bu əməllərinə görə nə "Yeni Azərbaycan" nə də ki, "Səs" qəzetləri "Yeni Müsavat"ın, "Azadlığ"ın başına "sığal" çəkməyəcək. Ona görə də daha betərinə hazır olsunlar. Özü də intellektual qaydada. Amma təəssüf ki, intellekt amili onların bacarıq kateqoriyalarına aid olmayan məsələlərdəndir. Əgər həqiqətən də intellektual olmaq istəyirsə, onda iqtidar mətbuatından dərs alsınlar. Xüsusilə də "Yeni Azərbaycan" və "Səs" qəzetlərindən...