"Milli Şura"nın dünənki iclasında yaşanan qalmaqallar və qarşılıqlı dözümsüzlüklər "vahid namizəd" məsələsinin "həllini" kölgədə qoydu. Düzdür, böyük çək-çevirlərdən, uzun-uzadı müzakirələrdən sonra Rusiyanın qaranlıq siyasi dairələrinin verdiyi tapşırıq yerinə yetirildi. Yəni Rüstəm İbrahimbəyovun guya "birləşmiş müxalifətin" "vahid namizəd"i statusuna mindirilməsi prosesi başa çatdı. Amma necə?
İsa Qəmbər deyib ki, "adam kişi olar"
Bu sualın cavabını AXCP və Müsavat "liderlər"inin söz atışmalarından da görmək mümkündür. Məsələn, "Milli Şura"nın iclasında çıxış edən İsa Qəmbər Əli Kərimlinin ünvanına eyham vurub. O, eyhamında AXCP-nin öz mövqeyini tez-tez dəyişməsinə diqqət çəkib: "Bəzi partiyalar seçkilərdə iştirak etməyi xalqa xəyanət hesab edirdi, bildirirdi ki, boykot edilməlidir. Amma "Milli Şura"nın yaradılması göstərdi ki, duz yoldayıq. Biz bu yola çıxanda, bizə qarşı çox ittihamlar səsləndirənlər indi "Milli Şura"dadır." Yəni İ.Qəmbər demək istəyib ki, ay Əli, bəsdir ora-bura burcutdun, ömründə bircə dəfə də yek sözünü de və mövqeyində dəyişiklik etmə, adam kişi olar!
"İsa, bir dönüb keçmişinə bax"
Məhz İ.Qəmbərin bu sancmasından sonra AXCP sədri dərhal öz cavabını verib. "Cəbhə" sədri Müsavat başqanına xitabən deyib ki, zalda əyləşən partiya rəhbərlərinə tənəli sözlər ünvanlamaq yersizdir: "Burada kinayəli danışmaq lazım deyil. Əgər biz bu gün bura "vahid namizədi" müəyənləşdirməyə gəlmişiksə, deməli, bunu biz istəmişik. Bizim üçün demokratiya partiya maraqlarından üstündür".
Yəni Əli də İsaya demək istəyib ki, ay İsa, vaxtilə sən də müxalifətin parçalanması istiqamətində çox işlər görmüsən, ona görə də məni ittiham edincə, dönüb keçmişinə bax.
Beləliklə, "Milli Şura"nın sessiyası bötüvlükdə AXCP-Müsavat dartışmasının meydanına çevrilib. Hətta ən xırda detallar üstündə də yaşanan qalmaqallar iclasdakıların diqqətindən yayınmayıb.
"Şura"da vəziyyət "uruscadır"
Müsavatın gənclər təşkilatının sədri Tural Abbaslının dədəsi yerində olan Akif Şahbazovla qabaqda oturmaq üçün çıxardığı haray-şüvənlik, VAMBP sədri Hacıbaba Əzimovun təklifinin Eldar Namazov tərəfindən yerə vurulması, Mustafa Hacıbəylinin bütövlükdə R.İbrahimbəyovun "vahid namizəd"liyinə yandan baxaraq, onu bilavasitə ələ salması "şura"nın hazırkı durumunu ortaya qoyub. Belə olan təqdirdə, "şura"nın çıxardığı hər hansı qərarın ciddiliyi şübhə altında qalır. Şübhə varsa, demək, vəziyyət Bakı əhli demişkən, "xərəbdür", bəlkə də "uruscadır". Çünki Rüstəm qalıb bir yanda, bunlar hələ də bir-birlərinə "müvafiq yeri" göstərməkdədirlər.