Amerika Birləşmiş Ştatlarının səfirliyi bu ölkənin müstəqillik əldə etməsinin 237-ci ildönümü günündə Azərbaycan müxalifətinə "Oskar" mükafatının prototiplərini payladı. Əslində bu xəbərin mediada yer alması, eləcə də müxalifyönlü mətbuatda xəbərin əsas predmetə çevrilməsindən təəccüblənməyə də dəyməz. Lakin nə qədər təəccüblü görünməsə də burada bir sıra mülahizələrin yürüdülməsi şəraiti yaranır. Məsələn, nəyə görə Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstar səfirliyin həyətində "Hollivud" kino industriyasının mükafatı olan "Oskar" heykəlinin maketini quraşdırıb və dəvət olunanlara "Oskar"ın prototiplərini hədiyyə edib? Morninqstar bununla nə demək istəyib?
SƏFİR BUNUNLA "ŞURA"DAKILARA TƏSƏLLİ VERİB
Məhz bu suallar ətrafında firkir yürüdərkən, belə qənaətə gəlmək mümkündür. Birincisi, daxilində yaranmış böhranlı vəziyyətdən çıxış yolu tapa bilməyən, xüsusilə, "vahid namizəd"lik məsələsi müəyyənləşəndən sonra daha pis duruma düşən "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyov "Oskar" mükafatçısıdır və onun digər müxalifət partiyaları tərəfindən zorən də olsa dəstəklənməsi R.İbrahimbəyovu uzağı oktyabr ayına qədər "lider" statusunda saxlayacaq. Bu səbəbdən də "Milli Şura"dakıların başlarını qatmaq üçün Morniqstar maraqlı ideya ilə - müxalifətçilərə "Oskar"ın prototiplərini bağışlamaqla bir növ təsəlli verib. İkincisi, səfir Morninqstar "Milli Şura"dakı siyasi oyunbazları çox yəqin ki, artistlərə bənzədib və onlara oynadıqları aktyorluq rollarına görə adıçəkilən "Hollivud" mükafatının qondarmalarını hədiyyə edib. Üçüncüsü və ən maraqlısı da budur ki, R.İbrahimbəyova çatacaq qondarma "Oskar"ı AXCP sədri Əli Kərimliyə təqdim ediblər...
Yəni nə Müsavat başqanı İsa Qəmbərə, nə "EL" hərəkatının sədri Eldar Namazova, nə ACP sədri Sülhəddin Əkbərə, nə "Milli Birlik" hərəkatının "lideri" Lalə Şövkətə, nə də ki, digərlərinə, məhz Ə.Kərimliyə! Bu da onu göstərir ki, "Milli Şura"da artistlik bacarığını ən yüksək səviyyədə inkişaf etdirən də AXCP sədridir. Necə deyərlər, o, R.İbrahimbəyovun "etimadını" qazanan və perspektivi görünən möhtəşəm mütrübdür.
Qaldı ki, səfir Morninqstarın ideyasından doğan simvolik "podarkasına", deyə bilərəm ki, bu, heç də pis seçim deyil. Cənab səfir nə lazımdırsa, onu da edib. Bravo, Morniqstar, əla ideyaydı!