Rüstəm İbrahimbəyovun ölkəyə qayıtmaması və bu fonda cərəyan edən siyasi bleflər artıq müxalifət mətbuatının gündəmində aparıcı yerlərdən birini tutur. Lakin bütün bu baş verən məsələlərin dirənmə nöqtəsi yenə də AXCP və Müsavat partiyalarında toqquşur. Demək, belə çıxır ki, İbrahimbəyovun iddia etdiyi "sınaq günü" əslində sınıq çıxdı. Çünki ortada daha maraqlı nüanslar var.
Hələ 18 avqust mitinqindən öncə "Yeni Müsavat" qəzetində belə bir yazı çıxıb - "İbrahimbəyov 18 avqust mitinqinə gəlsə..." adlı məqalədə bildirilir ki, "Müxalifətin prezidentliyə namizədi kim olacaq" sualına aksiya zamanı birmənalı cavab tapılmasa, protest elektoratını fəallaşdırmaq da çətin olacaq. Daha məqbul o olardı ki, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli mitinqdə prezidentliyə namizəd kimi çıxış etsinlər. Bu baxımdan, 18 avqust müxalifətin iki mühüm siması olan İsa Qəmbər və Əli Kərimli üçün də bir sınaq günüdür..."
Rüstəm "bek" sadəcə müraciət göndərməklə kifayətləndi
Ancaq göründüyü kimi, bu aş o aşdan olmadı. Yəni "Milli Şura"nın avqustun 18-dəki mitinqdə məqsədinin nədən ibarət olduğu qurum üzvləri üçün də dolaşıq qaldı. Çünki bunlar bir tərəfdən deyirdilər ki, İ.Qəmbər və Ə.Kərimli aksiyada prezidentliyə namizəd kimi çıxış etsinlər, o biri tərəfdən də iddia edirdilər ki, R.İbrahimbəyov hökmən mitinqdə iştirak etməlidir. Lakin Rüstəm "bek" sadəcə müraciət göndərməklə kifayətləndi.
Deyəsən, müxalifət nümayəndələri bu yay ciddi şəkildə günvurmanın təsirinə məruz qalıb. Belə olmasaydı, mənasız və rabitəsiz çıxışları ilə özlərini tragikomik vəziyyətə qoymazdılar. R.İbrahimbəyova gəlincə isə, o, doğurdan da "tarix yazdı". Amma 20 illik siyasi staja malik olan müxalifət başbilənlərinə torba tikmək tarixini.
Beləliklə nəzərə çarpan faktorlardan biri də bunlarda müsəlmanlığın qalmaması məsələsidir. Yəni bir qıza üç adaxlı sırımaq istəyirlər. Bir də ki, 3-4 aydır hər həftə gəlirəm deyən Rüstəm İbrahimbəyov, əslində, demək istəyir ki, gəlməyəcək və "möhtəşəm qayıdış tarixi" yazmaq üçün hünəri yoxdur. Onunku elə ssenari yazmaq, kino çəkməkdir. Bəlkə bununla özünə gün ağlaya.