Ənənəvi müxalifət "liderləri" tərəfindən bu günə qədər o qədər qarşılıqlı üzüdönüklüklər olub ki, onu saymaqla qurtarmaz. Necə deyərlər, bu şakər onların alınlarına yazılıb. Lap əqrəblə tısbağanın məsəlində olduğu kimi. Çayı keçirməkdə ona yardımçı olan tısbağanı sancmağa çalışan əqrəb ona iradını bildirən binəvaya deyir ki, bu da onun şakəridir. Necə ki, müxalifət "liderləri" də eynilə həmin şakərləri vasitəsilə birtəhər bu vaxta qədər gəlib-çıxmağa müvəffəq olublar. Nə az - nə çox, düz iyirmi il boyunca bir-birlərini sancaraq siyasi ölümə göndərmək istəyən "liderlər" bu və ya digər şəkildə üzüdönüklüklər ediblər. Axırda vəziyyət o həddə çatıb ki, bu günlərdə Müsavat başqanı İsa Qəmbər özünü belə sancmağa razı olub. Axı əqrəb sancmağa bir şey tapmayanda, quyruğundakı zəhərli iynəsini öz başına sancır.
İsa Qəmbər əvvəlcə ona inanan azsaylı elektoratını sancdı
Yəqin ki, dəyərli oxucular nəyi nəzərdə tutduğumun fərqinə vara biliblər. Bilməyənlərə isə deyim ki, Müsavat başqanı uzun müddət partiyasının 4 yanvar qərarını qüvvədə saxlamaqla, əslində, "Milli Şura"dakı mövqeyinin dəyişilməz olduğunu sərgiləməyə çalışırdı. Hətta Müsavat partiyasının seçki qərargahı da fəaliyyətə başlamış, İ.Qəmbər isə seçicilərlə görüşərək, onlara öz şirin, yağlı vədlərini vermişdi. Xatırlayırsınızsa, "Yeni Müsavat" qəzeti həmin ərəfələrdə "möhtəşəm" manşetlərlə Müsavat başqanını az qala "prezident" kimi qələmə verirdi. Hətta "Milli Şura"nın sessiyalarının birində müsavatçı funksionerlərdən biri İ.Qəmbərə "mənim prezidentə sualım var" tipli əttökən müraciət də etmişdi.
İndi həmin bu İ.Qəmbər əvvəlcə ona inanan azsaylı elektoratını sancdı, sonra isə iynəsini yönəltdi öz başına. Ancaq bilmirəm ki, buraxdığı zəhərinin dozasını, miqdarını nə qədər edib.
Hər ikisi də eyni bezin qıraqlarıdır
Maraqldıır, necə oldu ki, Rüstəm İbrahimbəyovun xeyrinə namizədliyindən geri çəkilməyəcəyini iddia edən Müsavat başqanı anidən ona inananları tapdalayaraq Cəmil Həsənlinin vahid namizədliyi xeyrinə həmin o 4 yanvar qərarını qüvvədən saldı? Məgər R.İbrahimbəyovla C.Həsənli arasında fərq o qədərmi böyükdür ki, İ.Qəmbər belə bir "tarixi missiyasını" həyata keçirdi? Əlbəttə ki, hər iki namizəd arasında heç bir fərq yoxdur. Hətta İbrahimbəyov ölkəyə qayıtsa belə, yenə də heç nə dəyişməyəcək. Ya Həsən keçəl, ya da Keçəl Həsən. Hər ikisi də eyni bezin qıraqlarıdır. Riyazi terminlə desək, toplananların yeri dəyişsə də, cəm dəyişmir. O ki qala, "Milli Şura"nın "vahid namizəd"i olsun.
Qalır ki, İ.Qəmbərin əqrəblik edərək özünü də sancmasına, bu, onun öz işidir. Təki zəhəri bu millətdən uzaq olsun. Özü də amin deməyənlərin...