PDF Oxu

Köşə

  • 1 358

Yenə də "London zirvəsi?"

Yenə də "London zirvəsi?"

"Milli Şura"nın Londona getmək, daha dəqiq desək, oraya gedib kimlərinsə qabağında diz çökərək yalvarmaq ideyaları mənim yadıma 2003-cü ilin prezident seçkilərini saldı. Məhz həmin dönəmlərdə də radikal müxalifət mətbuatı bunu az qala elə şişirtmişdilər ki, adam həmin məlumatları oxuyanda gözü bərəlirdi. Ancaq nə oldu? Bu oldu ki, yazılanlar elə söz olaraq da qaldı. İctimaiyyət isə həmin "London zirvəsini" gülməcəyə çevirdi.

İndi də "Milli Şura"nın həmin gedişi etməsi sirr deyil. Yəni 10 il əvvəl olduğu kimi, bu gün də "Azadıq" və "Yeni Müsavat" qəzetləri bu səfəri o dərəcədə şişirdirlər ki, oxuyanda bişmiş toyuğun gülməyi gəlir. Bir sözlə, Cəmil Həsənli və "Milli Şura"nın bir neçə üzvünün Londona gedəcəyi barədə xəbəri cəmiyyət arasında müxalifətə "xaricdən dəstək" kimi qiymətləndirib. Guya ki, Qərb Cəmil Həsənli ilə təmsalarda ciddi (?!-R.) şəkildə maraqlı olduğunu ortaya qoyur və daha nələr, nələr, nələr!

Bunlar üçün xalq, dövlət və millət marağından daha çox xəyanət yolu ilə hakimiyyətə gəlmək marağı daha üstündür

Ancaq maraqlısı da budur ki, ənənəvi müxalifət xarici qüvvələrə quyruq buladıqları azmış kimi, bir az da irəliyə gedərək, arsızcasına bunu etiraf edir. Baxın və görün ki, "Yeni Müsavat" nə yazır: "Müxalifətin kifayət qədər dəyərli zaman itirdiyini nəzərə alsaq, bu dəstəyin nə qədər önəmli olduğu aydın görünür".

Yəni bunlar üçün xalq, dövlət və millət marağından daha çox xəyanət yolu ilə hakimiyyətə gəlmək marağı daha üstündür. Qısası, Qərb Azərbaycandan bunlara daha yaxındır. Beləliklə, hansısa xarici qeyri-hökumət təşkilatının İbrahimbəyovun dublyoru Cəmil Həsənlini və bir neçə müxalifətçini Londona aparacağı barədə yayılan məlumatı tələsik şərh edən qəzet bunu nəinki Böyük Britaniyanın, bütövlükdə Qərbin müxalifətə dəstəyi kimi qələmə verməyə çalışır. Halbuki Eldar Namazov qəzetin elə həmin nömrəsində dərc edilmiş müsahibəsində deyir ki, "Milli Şura"nın nümayəndə heyətini Londona Böyük Britaniyanın ictimai təşkilatları dəvət ediblər.

Allah bunlara bir az ağıl, bir az da milli qeyrət hissi versin!

Belə olan təqdirdə Qərb dövlətlərinin onlara dəstək verməsi barədə deyilənlər ağ yalandır. Lakin bir azərbaycanlı kimi adamı məyus edən başqa məsələdir. Görəsən, müxalifət ideoloqları niyə bu qədər rəzil, satrap, həyasız, xain olub, müstəqil və suveren dövlətçilik prinsiplərinə zidd təbliğat yolu seçiliblər. Bunlar Azərbaycan seçicisinin beyninə zorla yeritmək istəyirlər ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqı yox, xarici qüvvələrdir. Sonra da gileylənirlər ki, xalq bizim çağırışımıza qoşulmur. Hələ bir utanmaz-utanmaz da yazırlar ki, guya London bunlara "əl uzadır", "seytnotda olan müxalifətə nəfəs verir". Özünüz etiraf edirsiniz ki, sizə xalqın yox, xaricdəki daydayların dəstəyi daha önəmlidir. Nə deyəsən, Allah bunlara bir az ağıl, bir az da milli qeyrət hissi versin!

RƏFİQƏ

Digər xəbərlər