Kino terminində "dubl" sözü ən çox işlənən ifadələrdən biridir. Çünki kino çəkilərkən, hər şey birdən alınmır. Ancaq çoxsaylı dublların sayəsində hər hansı bir kadrı çəkmək mümkün olur ki, bu da ağır zəhmətlər hesabına baş tutur. Hətta elə hallar da baş verir ki, baş rolda oynayan aktyorlar çoxsaylı dubl çəkilişlərindən bezərək, ssenarist və rejissorla bağladığı müqviləni pozur və çəkilişdən imtina edirlər. Nə edəsən, incəsənət qurban tələb edir deyirlər. Ancaq...
Ancaq elə şeylər də var ki, bunu kinoya, film çəkilişlərinə bənzətmək olmaz. Məsələn, götürək siyasəti. Çünki siyasət, yəni dolğun, düzgün, sivil və həqiqi mübarizəyə söykənən siyasət dublları ümumiyyətlə sevmir. Lakin "Milli Şura"da baş verən dubl səhnələri orada yeni-yeni dublyorların üzə çıxmasına səbəb olur. Elə götürək kinorejissor və ssenarist Rüstəm İbrahimbəyovun oynadığı uğursuz rolu. Hansı ki, iddia olunduğuna görə, "Milli Şura"nın ssenarisini elə qoca ssenaristin özü yazmışdı. Ancaq onun yazdığı ssenari özü ilə bərabər qaldı çayın o buru başında. Yəni çəkilən çoxsaylı dubllar effekt vermədi və İbrahimbəyov bundan bezərək özünə dublyor seçdi. Həmin artistin adı isə Cəmil Həsənlidir. Fəqət, Həsənlinin bəri başdan sərgilədiyi oyunbazlıqlar, sözün həqiqi mənasında, çox ucuz təsir bağışladı. Məsələn, o dublyor seçilib-seçilməmiş daş atıb başını tutdu ki, "Milli Şura"nın çəkiliş pavilyonunda onun üzərinə kimyəvi maddə atmaq istəyirmişlər. Görünür, onun İbrahimbəyovun yerinə bu qədər tələm-tələsik dublyor seçilməsindən başı gicəllənib və ətrafında "yenilik ajiotajı" yaratmaqdan ötrü belə bir rüsvayçı, uğursuz addıma gedib. Nəticədə Cəmil Həsənli ciddi obrazdan çevrilib komik oyunbaza.
Gah hakimiyyətin onu təqib etdiyini, gah da həyatına sui-qəsd düzənləndiyini müxalifət mətbuatında bar-bar bağıran Həsənli unudub ki, belə ucuz addımlar onsuz da onun və "Milli Şura"nın uca olmayan başını daha da yerin dibinə doğru təpir. Amma necə deyərlər, bütün bunlar onların öz işləridir.
Bu arada mənim də ağlımda belə bir ideya yarandı. Çünki Cəminl Həsənli unudub ki, onu istəməyənlər elə vahid namizədi olduğu "Milli Şura"da da mövcuddur. Götürək elə Aşıq Cəmiyyət Partiyasını. Belə ki, ACP Ali Məclisinin sədri, "Milli Şura"nın üzvü Zəminə Dünyamalıyeva bildirib: "Biz Rüstəm İbrahimbəyovun namizədliyini sona qədər müdafiə etməliydik. "Milli Şura"da nə etdilər? MSK-nın qərarından əvvəl Rüstəm İbrahimbəyovdan imtina etdilər. Yəni "Milli Şura" üzvləri çox məntiqsiz və cılız qərara səs verdilər". Dünyamalıyevanın sözlərinə görə, Cəmil Həsənlinin prezident seçkilərində qalib gələcəyi iddiası reallığı əks etdirmir: "Çünki bu qısa müddətdə heç bir şəxs uğurlu kampaniya apara bilməz. Heç bir ölkədə bu, mümkün olmayıb".
Beləliklə, çox gülməli bir vəziyyət yaranıb: Rəsul Quliyev və onun tərəfdarları deyirlər ki, dublyor Cəmil Həsənli "Milli Şura"nın "vahid namizədi" olduğuna görə, bu qurum bizə lazım deyil, belə olacağı təqdirdə, biz oranı tərk edə bilərik. AXCP və Müsavat funksionerləri də ACP nümayəndələrinə hədə-qorxu gələrək bildirirlər ki, "Milli Şura"nı tənqid etməyin, əks halda sizi oradan qovacağıq. Beləliklə, hərə bir-birinin bostanına daş atıb, baş girləməklə məşğuldur ki, guya ciddi siyasi fəaliyyət nümayiş etdirirlər. Buna görə də ehtimal etmək mümkündür ki, dublyorun prezident olacağına heç "Milli Şura"dakı digər partiyalar da inanmırlar. Sadəcə, Həsənli R.İbrahimbəyovun ssenarisi əsasında 2-ci, 3-cü dubla çəkilir. Necə deyərlər, alınmadı, dubl!
Ancaq bayaqkı ideya haqda deməyi unutdum. Yəqin ki, Cəmil Həsənli bunu nəzərə alar. Yəni onun üzərinə qaynar kimyəvi maddəni ACP-çilər atıb. Bəlkə bir araşdıralar?