Əvvəllər şəhərdə bir qara "Qaz-31" markalı maşın var idi ki, tez-tez gözə dəyirdi. Pəncərəsindən içəri bir balaca göz gəzdirəndə görürdün ki, bir xanım keçmiş NKVD çinovnikləri kimi qaşlarını çatıb oturub. Svetaforda qırmızı işığa tuş gələn bu maşın mədəni şəkildə dayanır, yaşıl işıq yanan kimi elə götürülürdü ki, elə bil Putinin kotejidir. Sonradan elə bil ərşə çəkildi, Lalə xanım ya maşınını dəyişib, ya da daha getməyə yer yoxdur. Axı baş götürüb hara gedəsən, hansı qayanın daşını başına tökəsən ki, vəzifəyə gələsən!?
Əvvəllər ALP-nin sədri olanda Lalə Şövkət sinəsini qabağa verib arabir İsa Qəmbəryana "pık" eləyə bilirdi. Necə də olsa baxma, Lalə xanımın "şəfalı əlləri" İsaya çox toxunub. İndi Əvəz Temirxanı sədr qoyub ki, ALP-də kimin kim olduğunu heç özləri də bilmirlər.
Sən demə, ALP-nin kağız-kuğuzla, qanuni 800 nəfər üzvü var imiş. Bu hələ illər öncənin dəqiq məlumatıdır, deyirlər ki, onların içində bəlkə də 100-200 nəfər dünyasın dəyişərək keçib o biri dünyaya, qalanları da ki, hərə bir tərəfdə öz işin görür, son dəfə ALP-nin adını dillərinə 15 il öncə gətiriblər. Bunu müxalifətçilərin avqustda keçirilən mitinqi də sübut elədi ki, ALP-də cəmi 15-20 nəfərçə qalıb. ALP-çilər hərəsi əlində pivə butulkası ilə mitinqə elə gəldilər ki, elə bil kolxoz bazarından qarpız almağa gəliblər. Müxalifətçi liderlər nə qədər elədilərsə, Lalə Şövkəti mitinqə gətirə bilmədilər, Temirxan onu ƏVƏZ elədi. Mitinqdə Eldəniz Quliyevin "liderlər" əskikdir deməsinin də elə birbaşa ona dəxli var idi.
Dünən də Lalə Şövkət Temirxanı çağırıb ki, "Milli Şura"dakı oyunlar haqqında ona məlumatlar versin. Çünki 2 gün əvvəl Əvəz Temirxanın növbətçilik cədvəli pozularaq "Milli Şura"nın sessiyasını Qəmbəryan apardı, guya daha "ağır lider" aparmalı imiş sessiyanı. Lalə xanım evində oturub müxalifətçi liderlərin hiylələrindən özünü amanda saxlayıb, ancaq Temirxanı ora göndərib ki, heç olmasa ALP-nin yoxluğu hiss olunmasın.
Deyirlər ki, müxalifətdən bir neçə nəfər Lalə Şövkətə elçi düşüb ki, belə ögeylik eləməsin, özünü aktiv aparsın, mitinqlərə gəlsin, nə bilim tez-tez bəyanatlar versin. Amma o da cavab verib ki, mən boş-boş danışa bilmərəm." Bundan sonra Lalə Şövkətin "şəfalı" əllərindən (nə də olmasa həkimdir) məhrum olan "şura"çılar başlayıblar Əvəz temirxanı sıxıb-boğmağa. Bu müxalifətçi lidelərdən hər şey çıxar, bəlkə də Lalə Şövkəti mitinqə çağırırlar ki, ağ xalatını geyinib, isti havada mitinqçilərin sağlamlığının qeydinə qalsın.
Allah onu amanda saxlasın, Etibar Məmmədov var idi (indi də var, amma daha yoxdur ), Lalə Şövkətlə dost idilər. İndi Etibar tikinti sektorunda çalışır ki, mikrorayon tiksin, Lalə də nəsə ona bənzər bir şeylə, deyəsən, aptek işi ilə məşğuldur. Veriblər baş-başa, işləyirlər. Ailəvi dostluqlarını da davam elətdirirlər. Daha Qəmbəryanlar kimi çirkaba düşüb hər dəfə "xəyanət maşını" kimi işə düşmür, lazım olanda özündən nağıllar uydurur.
Bütün bunlarla yanaşı, Lalə Şövkət elə danışır ki, o vaxtki Ali Sovetin ab-havası hiss olunur. Başa düşmək olar, qadındır da, ömrü boyu iynə vurmaqla özünü giriftar edən qadın bundan artıq nə danışa bilər ki!? Deyəsən, son aylarda elədiyi səhvləri də anlayıb ki, Əvəz Temirxana qəti göstəriş verib: "Hazırlaş, "Milli Şura"nı boykot edəcəyik". Nə isə, çox danışmayaq, sadəcə Allah şəfalarını versin!