PDF Oxu

Köşə

  • 2 628

İYLƏNMİŞ ƏT, ÜSTƏLİK BAŞQA ŞEY..?

İYLƏNMİŞ ƏT, ÜSTƏLİK BAŞQA ŞEY..?

Deyirəm, bu Əhməd Oruc da yaman Əhməd Orucdur haaa! Maşallah, nəmxuda təzə inək yağı yeyib, köpüklü əla süddən bədənə vurandan sonra onun səsi daha bərkdən gəlməyə başlayıb. Öz aramızdır, mən də hər gün təp-təzəcə sağılmış o süddən içsəm səsim gedib çıxar ABŞ-a, Rusiyaya, hətta uzaq Afrika cəngəlliklərinə. Ona görə də çalışıram içməyim təzə süd. Elə köhnəsi yaxşıdı. Səsim ahəstə gəlsin, amma həmişə gəlsin. Necə ki, "Səs"də gəlir...

Keçim əsas məsələyə. O günləri Əhməd Oruc mətbuata çıxıb və qabağına çıxan bütün müxalifətçiləri keçirib qılıncından. Xüsusilə də onun rəhbərlik etdiyi "Məşvərət Məclisi"ni tərk edərək "Milli Şura"ya keçən müxalifətçiləri. Onun sözlərinə görə, "Məşvərət Məclisi"ni heç bir normaya sığmayan şəkildə tərk eləmiş və Rusiyanın " Milli Şura" proyektinə qoşulan KXCP, ACP, ALP yazıq bir duruma düşüblər. Əhməd Orucun fikrincə, onların bu duruma düşməsi ona qarşı elədikləri xəyanətin nəticəsidir və həmin məxluqatlar bundan sonra daha çətin vəziyyətdə düşəcəklər və buna layiqdirlər: ""Milli Şura" ideyası indiyə qədər özlərini "milli qüvvə" kimi təqdim edənlərin nə qədər bədbəxt duruma düşdüyünü, istənilən maliyyə verənə kölə ola biləcək duruma düşdüyünü ortaya qoydu. Rüstəm İbrahimbəyov ölkəyə gəlməyə qorxduqdan, milyarderlər qara qəpik də vermədikdən və vəziyyətdən çıxmaq üçün "pis işi" Cəmil Həsənlinin boynuna qoyduqdan sonra bəziləri " Biz Rusiyanın proyektini milli proyektə çevirdik" kimi bəyanatlar verir. Buna el arasında "Pişiyin əli ətə çatmadıqda adını ilənmiş qoyar" deyirlər. Amma həqiqət odur ki, o pişiklər əllərinə düşsə iylənmiş ət də yeyirlər, hələ başqa şey də..."

İndi həmin o təzə süd qalsın bir yana, kişi düz deyir da. Bu pişiklər həqiqətən də ağızları ifrəmiş, iylənmiş, hətta çürümüş ətə çatsa belə, yenə də onu gözlərinə təpəcəklər. Ancaq öz aramızdır, ay Əhməd bəy, "BAŞQA ŞEY" deyəndə sən nəyi nəzərdə tutmusan? Olmaya...

Vay dədə, vay! Gör bunlar yazıq Əhməd Orucu nə qədər acıqlandırıblar ki, o da qayıdıb onlara iylənimiş ətlə başqa şey yedizdirib!

Hələ bu, harasıdır? "Azadlıq" partiyasının sədri ALP, ACP, KXCP kimi partiyalarla yanaşı, Müsavat başqanı İsa Qəmbərin qabağına da minnətli sümük tullayıb. Deyib ki, "Azadlıq" partiyası uzun müddət Musavat partiyası ilə müttəfiq olub, 2003-də İsa Qəmbəri dəstəkləyib. Ancaq bu gün musavatçılar hər yerdə onun əleyhinə təbliğat aparır, İsa Qəmbər 5-10 manat pul vəd edən istənilən buqələmunu dəstəkləyir, onu müxalifətin "vahid namizədi" kimi təqdim edir, "Azadlıq" partiyasına azsaylı deyə rişxənd edirlər... Ona görə də belə adamların lüğətində vəfa, sədaqət, mənəvi borc kimi sözlər artıq yoxdur.

Əlbəttə ki, AXCP sədri Əli Kərimli də yaddan çıxmayıb. "Cəbhə" sədrinin xətrinə dəyməsin deyə, Ə.Oruc deyib ki, o adamları heç vaxt aldatmayıb: "Öz övladımı xaricdə oxudub, xalqın övladlarının aldadılaraq institutdan qovulması, həyatlarının məhv edilməsi, ailələrinin dağılması ilə nəticələnən işlərə təhrik edənlərdən olmamışam."

Axırda da deyib ki, onun bu qədər sərt danışması özündə heç bir narahatlıq yaratmır, təni yüz çaqqal neyləyər bir ac aslana... Deyirəm, hər şeyin artığı da yaman ziyan olur eee. Yəqin Əhməd bəy süddən-pendirdən bir balaca çox istifadə edib. Ancaq hərdən belə də olar. Heç olmasa, biz də kənardan baxıb kef edərik.

Digər xəbərlər