"Milli Şura"nın uğursuzluq etiketinə çevrilən Rüstəm İbrahimbəyov indi də bəyan edir ki, o, BMT-nin İnsan Haqları Komitəsinə müraciət edəcək. Yəni bunu qondarma hüquqşünas olan Fuad Ağayev deyib. Azərbaycanın məhkəmə instansiyaları ilə çəkişmə prosesinin yekunlaşdığını deyən Ağayev R.İbrahimbəyovun hüquqlarının qorunması (sən demə Rusiyanın Miqrasiya xidməti Azərbaycandan idarə olunurmuş və buna görə də qoca kinorejissorun ikili vətəndaşlıq problemi aradan qalxmayıb - M.) üçün növbəti instansiya olaraq, BMT-yə müraciət etməyi qətiləşdirdiyini iddia edir.
Fuad Ağayev yenə gül vurub
Maraqlıdır ki, ahıl yaşında özünü cəncələ salan, ortada kukla kimi oynadılan R.İbrahimbəyov son müsahibəsində bəzi hüquqşünaslarının səviyyəsiz olduğunu demişdi. Düzdür, o, konkret ad çəkməmişdi, amma söhbətin onun tanıdığı, ətrafında dolananlardan getdiyi güman olunurdu. Onlardan biri də məhz F.Ağayevdir. Ona görə də onlardan ən "görkəmlisi", "tanınmışı", "əvəzolunmazı" Fuad Ağayev yenə də sözügedən bəyanatı ilə gül vurub. Yəni başa düşmək olmur ki, bu cılız "vəkil" R.İbrahimbəyovu ələ salır, yoxsa "Milli Şura"nı?! Hamı bilir ki, ölkədə bütün instansiyalar keçildikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutulur. Oradan o tərəfə isə yol yoxdur. Onda bu BMT söhbəti haradan çıxdı? Məgər R.İbrahimbəyov dövlətdir, ya da hər hansısa mübahisəli ərazi vahididir?
Getsin kino çəkməyinin dalınca
Deyəsən, bu minvalla R.İbrahimbəyovun məsələsi BMT Təhlükəsizlik Şurasına qədər gedib çıxacaq. Maraqlıdır, Rusiya səsvermə zamanı veto hüququndan istifadə edəcəkmi? Yəqin ki, etməyəcək. Çünki "Milli Şura" artıq Rusiyanın nəzarətindən çıxaraq gedib çıxıb Qərbə tərəf. Qərb isə ölkə maraqlarını heç vaxt R.İbrahimbəyov kimi sərsəmlərin və onun səviyyəsiz "hüquqşünaslarının" xeyrinə dəyişməz. Ona görə də yaxşı olardı ki, İbrahimbəyov getsin kino çəkməyinin dalınca. Çünki onun başqa işi-gücü də qalmayıb.