İqtisadi böhran və siyasi tətillər səngiməmiş, indi də başqa bir gərginlik növü Avropanı cənginə alıb. Sən demə, Barak Obamanın prezidenti olduğu ABŞ-ın təhlükəsizlik orqanları, ən azı 16 Avropa dövlətinin liderlərinin telefon danışıqlarına gizlicə qulaq asırmışlar. Bu fakt, Avropa liderlərinin Brüsseldə keçirilən toplantısına bir neçə saat qalmış əsil bomba effekti yaratdı. Başda A.Merkel olmaqla, əksər Avropa liderləri bunun açıq-aşkar bir təxribat olduğunu, və Qərb diplomatlarının daima ucadan səsləndirdikləri "birgə müttəfiqlik" prinsipinə daban-dabana zidd olduğunu elan ediblər. Hətta Avropa İttifaqının ali komissarlarından biri açıq şəkildə deyib ki, Avropa liderləri "Əl-Kaida" lideri kimi terrorçu deyillər ki, Ağ Evə hansısa terror-filan planlaşdırsınlar və bunun əvəzində də rəsmi Vaşinqton bizim telefon danışıqlarımızı gizlicə dinləməyə məcbur olsun. Amma görünən odur ki, neçə illərdir ABŞ-la Avropa ölkələri arasında yaranan gizli etimadsızlıq və dünyanın ən kritik nöqtələrində iqtisadi maraqlar uğrunda başlanan "mehriban düşmənçilik" artıq açıq müstəviyə keçir.
Tam açıq şəkildə Avropa dövlətləri ABŞ-ın onları ikinci dərəcəli "əl oyuncağı" və öz maraqlarının dünya siyasətindəki vəkili kimi görmək vərdişindən birdəfəlik təngə gəliblər. Belə görünür ki, SSRİ-dən sonra dünya siyasətində "xaç atası" olmaq funksiyasını üzərinə götürən, hər kəsin ona təzim etməsindən başqa heç bir nəticə gözləməyən Ağ Ev, hətta avropalı müttəfiqlərinə belə bel bağlamır. Bu etimadsızlıq siyasətinin mahiyyətində isə, tam başqa məqsədlər gizlənir. Sovetlər Birliyinin kəsəkəs vaxtlarında özünü Avropa ölkələrinin "xaç atası" kimi aparan rəsmi Vaşinqton, görünür, elə indi də bu adətindən əl çəkmək niyyətində deyil. Bu dəfə o Avropadakı "kiçik qardaşlarını" hansısa kommunist hücumundan qorumalı olmasa da, görünür həm avropalıların Ağ Evə nə dərəcədə sadiq olduqlarını, həm də Avropa ölkələrinin "mərkəzdənqaçma" meyillərinin radiusunu öyrənmək üçün bu cur "Juçok əməliyyatı"na ehtiyac duyub. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, B.Obama hakimiyyətinin neçə ildən bəridir ki, Yaxın Şərqdə həyata keçirdiyi "ərəb baharı" əməliyyatında, keçmiş diktatorların saraylarından əldə olunan milyardlarla dollarlar, tonlarla qızıl və ləl-cəvahirat böhran içində çapalayan avropalıların payına ancaq və ancaq qəpik-quruşlar düşüb.
Bu fakt isə, avropalılarda açıq şəkildə narazıçılığa, hətta anti-Amerika ovqatına gətirib çıxarıb. Kəsəsi, Misirdə, Liviyada, Yəməndə və daha haralarda Amerikanın siyasi kampaniyalarına hərbi və siyasi dəstək verən avropalılar olur, bundan milyardlar qazanan isə amerikalıdır. Fələstindən tutmuş Əfqanıstan və başqa yerlərdə Amerika silah mafiyası və biznes şəbəkəsi müsəlmanlara silah satıb onları bir-birinin əleyhinə qaldırıb pul qazanır, avropalılar üçünsə belə bazarlar "qırmızı işıq"da qalır. Böhran içində çapalayan avropalı isə gözlərini dörd açaraq, artıq rəsmi Vaşinqtonun "böyük qardaş" funksiyasına nifrət etdiyini açıq-aşkar büruzə verməyə, əldə olunan sərvətlərdən qəpik-quruş deyil, əməlli-başlı qazanmağa çalışır. İndi avropalılar əla dərk edirlər ki, ideologiya nə qayın doyurur, nə də milyonlar gətirir. A.Merkeldən tutmuş Fransua Ollanda qədər hər bir avropalı lider dünya siyasətində Amerikanın "siyasi kuklası" olmaqdan imtina etməyin vaxtının çoxdan çatdığını əla bilirlər. Elə buna görə də B.Obama onların telefonlarına "juçok" quraşdırır. Amma nə vaxta qədər?