PDF Oxu

Köşə

  • 1 711

"Şimal ayısı"nın min oyunu varmış

"Şimal ayısı"nın min oyunu varmış

Mən əvvəlki məqaləmdə, Rusiyanın Orxan Zeynalovun üzərinə bütün döyüş sursatı, hərbi texnikası və ağır artilleriyası ilə səlib yürüşünə başlaması haqqında yazmışdım. Onu da yazmışdım ki, sən demə, Yekaterinanın da ölümünün səbəbkarı elə Orxan imiş. Ona görə də nənələrinin qisaslarından tutmuş, adı olub özü olmayan Şerbakovun qətlinin təsəllisinə qədər bütün zəruri addımlarını atdılar.

Gün kimi aydın oldu ki, Şerbakovun ölümü Birinci Dünya müharibəsinin başlanmasına bəhanə olan Frans Ferdinandın ölümü qədər vacib imiş. Ancaq F.Ferdinand Avstriya-Macarıstan tax-tacının sahibi idisə, Şerbakov 5 mərtəbəli binanın ağzında dayanıb yolla keçənlərin ünvanına söz atan "sapand daşı" kimi bir şey idi. Amma bilənlər bilir ki, "sapand"ın da qırılan vaxtı olur. Bir vətəndaşınıza görə, bütün azərbaycanlıları təqiblərə məruz qoyursuzsa, o zaman bütün Rusiya təqibdə olmalıdır.

Bütün bunlar bir yana qalsın, artıq şounun yeni tərəfləri özünü büruzə verməkdədir. Bir Orxanın yerinə 2 azərbaycanlı öldürdülər, yüzlərlə azərbaycanlı iş adamına "bac" kəsdilər, vergilərini artırdılar, bazarlarını bağladılar, xırda səhvləri bəhanə edib yüzlərlə azərbaycanlını ölkədən qovdular. Nə qədər gülməli görünsə də, mən Gömrük İttifaqının Rusiya üçün olan əhəmiyyətini bu hadisələrdən sonra bütün təfsilatı ilə anlamış oldum.

El arasında illərdir söz dolaşır ki, Putin Lenin olmaq istəyir, Lenin qağanın SSRİ planını da Putin cibində gəzdirir. Deməli, Lenin qağanın planı, bir çinlinin müəllifi olduğu kitab onun əsas vəsaitləri imiş. Deyirlər, hələ XVI əsrdə Nostradamus öz katrenlərində Rusiyanı "Şimal ayısı" adlanadırdığına görə də, onun bütün yaradacılığı ruslar üçün əhəmiyyətlidir. Hər nədirsə, sağlıqlarına qismət, Allah mübarək eləsin! Amma mən də Hitler olmaq istəyirəm, "Mayn kampf" kitabını da ürəyimin düz sağ küncündə gizlədirəm. Görüm, məndən Hitler olacaqmı, hələlik, gözləyirəm.

3 gün əvvəl bir erməni Rusiya vətəndaşı olan bir qadın və bir kişini ağır işgəncələrlə qətlə yetirib. Sadəcə, bu zırpılıqda Rusiyanın hansı region televiziyası 3 saniyəlik "vstavka" ilə işi bitirib. Daha o erməni dığasını teplavoza oxşayan nə maskalılar tutub aparıb, nə də Rusiyanın daxili işlərindən başqa hər şeylə məşğul olan nazirinin, türkün məsəli, qabağına gətiriblər. Elə əlini sallaya-sallaya adi cinaəytkar kimi istintaqa veriblər və heç bir erməninin də Rusiyadakı bazarını bağlamayıblar.

Bu yaxınlarda Rusiyadan Lerik rayonuna 30 yaşlarında bir gəncin cəsədini gətirdilər. Qohumları adının çəkilməsini istəmir, deyirlər ki, hadisə elə Rusiyada olub, orda da bitib, burda açıb-ağartmayın. Ağızlarını aralayanda eşitdik ki, uzun illərdir Rusiyada yaşayan, 2 qız atası olan bu gənc oğlanı iynə vurub "mədəni" şəkildə öldürüblər. Döyülüb öldürülənlərin, sayı inanıram ki, onlarladır.

Dəqiq olan budur ki, qış gəlir, "Şimal ayısı"nın caynağı hansısa şaqqa ət istəyəcək. Allah bu caynağı ya PKK-ya tərəf, ya da "Əl-Qaid"əyə, "Taliban"a, nə bilim, hansısa "Allah ordusu"na tərəf yönəltsin.

Digər xəbərlər