Sirr deyil ki, AXCP sədri zaman-zaman siyasi dividendləri ilə yanaşı, şəxsi mənfəətlərini də artırmaqla məşğul olub. Yəni maddi vəziyyətini yüksək səviyyədə təmin etməklə... Düzdür, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da biznes qurmaq, maddi gəliri artırmaq üçün hər bir vətəndaşa kifayət qədər imkan və şərait yaradılıb. Ancaq bu o demək deyil ki, sən bu imkanlardan sui-istifadə edərək, dövlətin cibinə girib ona kəf gələsən. Məsələn, götürək AXCP sədri Əli Kərimlini və onun dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə və digər maddələrlə ittiham olunan, barəsində məhkəmə hökmü çıxarılan qaynı Elnur Seyidovu... Artıq bu gün AXCP sədri Ə.Kərimli qaynı, "Texnikabank"ın Yasamal filialının sabiq müdir müavini E.Seyidov barəsində çıxarılan məhkəmə hökmünə qarşı cəfəng iddialarla çıxış etməyə başlayıb. Cinayətkar qaynının aydan arı, sudan duru olduğunu isbatlamağa çalışan Ə.Kərimli, üstəlik, bu məsələni öz təbirincə siyasiləşdirməyə də çalışır. Məsələn, AXCP sədri iddia edir ki, məhkəmənin qaynı E.Seyidovu 7 il yarım azadlıqdan məhrum etməsi ondan qisas almaq məqsədi daşıyır və s. Birincisi xalqımızda belə bir deyim var - kimliyindən asılı olmayaraq, Allah qapısını açsın.
Lakin bu gün Ə.Kərimlinin məhkəmə hökmünə qarşı absurd iddialarla çıxış etməsi bir daha onun özünün də bu kimi kirli işlərdə əlinin olduğunu sübut edir. Hətta iddia edə bilərik ki, bu gün Ə.Kərimlinin həbsdə olan qohumu məhz onun üzündən belə aqibətlə qarşı-qarşıya qalmış olub. Hətta bir neçə il əvvəl Ə.Kərimlinin əmisi oğlunun, eləcə də digər tanışlarının da bu kimi aqibətlərlə üz-üzə qalmaları bilavasitə Ə.Kərimlinin boynuna yazılmış günahlardır. Çünki bu gün "xalqımız alnının təri ilə, həbsxanalardan keçə-keçə, min bir əziyyətlə ölkəmizdə azadlıq və ədaləti bərqərar etməkdədir və edəcək" iddiası ilə çıxış edən AXCP sədri nədənsə son illər həbsxanaya düşüb-eləmir. Həbsxanalara düşənlər isə onun belə populist, araqarışdıran çıxışlarına mübtəla olaraq xəstələndirilən binəva kəslərdirlər. Ə.Kərimli bilməyə məhkumdur ki, onun tərəfindən xəstələndirilən beş-on nəfər belə kəsləri "xalq" adlandırmaq onun imtiyazında olmayan məsələdir. Bu gün xalq bu dövləti, bu məmləkəti, öz dövlət başçısını, dövlətçilik ənənələrini qoruyub-saxlayanlar kütləsidir, daha Ə.Kərimlinin günahı ucbatından həbsxanalara düşən beş-on nəfərə "xalq" deyə mütaciət etmək sadəcə cinayətdir!
Yaxşı olardı ki, Ə.Kərimli bir müddət əvvəl ona qarşı irəli sürülən bank maxinasiyaları haqqında daha ətraflı açıqlamalar verəydi və xalq da görəydi ki, AXCP sədri bankir kimi danışıb nəyisə sübut etməyə çalışarkən, əsil reallığı etiraf etmək gücündə deyil. Ə.Kərimli də unutmamalıdır ki, onun və yaxın qohumlarının müxtəlif banklar vasitəsilə həyata keçirdikləri 8 milyon 388 min manatlıq maxinasiya hələ uzun müddət müzakirə mövzusu olacaq. Çünki Ə.Kərimlinin bankirlər kimi verdiyi cavablar özü-özlüyündə daha böyük suallar doğurur və bank qalmaqalını bir qədər də dolaşığa salır.
Qısa bir xatırlatma - Ə.Kərimli iddia edirdi ki, indiyədək heç bir xarici ölkənin heç bir fondundan heç bir qrant almayıb, heç bir bankdan kredit götürməyib və heç bir bankda heç bir hesabı olmayıb. Yalnız keçən il Beynəlxalq Bankda xüsusi hesab açıb ki, 2005-ci ildə parlamentə seçildiyi, amma mandatının ləğv olunduğu üçün Avropa Məhkəməsinin təyin etdiyi 30 min avro cəriməni həmin hesab vasitəsilə alıb. Ancaq sonradan bəlli oldu ki, bank sənədlərində Ə.Kərimli 2008-ci ildə "Texnikabank"dan 145 min manat məbləğində kredit götürdüb. Ə.Kərimli götürdüyü krediti elə həmin ildə də ödəyərək borc hesabını büsbütün bağlayıb. Deməli, Ə.Kərimli kredit götürüb! Hərçənd ki, o, bu gün də bu faktı təkzib etməyə çalışır.
"Cəbhə" sədrinin söylədiyi hər bir fikir onun öz əleyhinə işləyir
Xatırlatmaq yerinə düşərdi ki, bir müddət öncə Ə.Kərimli bayraqdar Elman Türkoğlunun "30 milyonluq villa" iddiasını da təkzib edə bilmədi. E.Türkoğlu indi yayılan bank sənədlərindən öncə demişdi: "Əli Kərimlidən soruşuram: Londonda 23 milyonluq villa kimindir? Bilgəhdəki 3,5 milyonluq villa kimindir? Camaatın oğlu meydanlara çıxır, onun oğlu ildə 25-30 min dollar pulla xaricdə oxuyur. Bu gün müxalifətdə quldarlıq sistemi hökm sürür. Əli Kərimli AXCP-də pulla gəncləri saxlayır ki, mitinqlərə digər partiyalardan daha çox adam çıxarsın. Adama deyərlər, bu qədər pul səndə haradandır?"
Beləliklə, bütün bu açıqlamalar ilginc nəticələr ortaya qoyur. Heç bir yerdə işləməyən Ə.Kərimli, xaricdə təhsil alan oğlu Türkel Kərimli və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat nağd pul çıxarıblar. Bütün bunlarla yanaşı, Ə.Kərimli 2 il ərzində müntəzəm olaraq nəhəng məbləğlərdə pul çıxarıb, böyük məbləğli maliyyə əməliyyatları aparıb, eləcə də iri həcmdə pul kütləsini qəbul edərək, iri məbləğlərdə vəsaitləri müəyyən yerlərə göndərib. Maraqlıdır, bu pullar haradan gəlib?
Məhz bütün bu fikirlərdən və qabaqcadan gəlmişliklərdən aydın olur ki, Ə.Kərimli nə qədər özünü müdafiə etməyə çalışsa da, haqqında deyilənləri təkzib edə bilmir. Əksinə, söylədiyi hər fikir onun əleyhinə işləyir.