"Milli Şura"da qarşılıqlı ittihamların artması artıq pik həddindədir desək, yanımarıq. "EL" hərəkatının sədr müavini Eldəniz Quliyev "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunu seçki dövründə "Milli Şura"ya arxadan zərbə vurmaqda, Rüstəm İbrahimbəyova qarşı qara piar aparmaqda ittiham edib. Belə ki, R.Arifoğlu düşünülmüş şəkildə "şura"nı gözdən salıb, üstəlik qurumun seçki kampaniyasındakı faliyyətinə zərbə vurub. Ona görə də C.Həsənlini gözdən pərdə asmaq üçün dəstəkləyib. Əslində E.Quliyev R.Arifoğlunu ittiham etməklə dolayısı yolla İ.Qəmbəri də günahlandırıb. Onun fikrincə, İ.Qəmbər nəinki R.Arifoğlunun və qardaşı Azər Ayxanın təxribatçı fəalliyyətinə göz yumub, hətta onları dəstəkləyib.
İlk baxışdan nəzərə çarpan budur ki, E.Quliyevin ittihamları bilavasitə AXCP sədri Əli Kərimlinin sifarişi əsasında baş tutub. Əgər belə olmasa idi, E.Quliyev bu qədər ehtiyatsızlığa yol verərək, özünü Müsavat kimi partiyanın ağzına atmazdı. Bu arada R.Arifoğlu mətbuata açıqlamasında E.Quliyevi qərəzçilikdə və sifariş yerinə yetirməkdə günahlandırıb. O, "EL" təmsilçisinin Rəsul Quliyevin, ALP sədri Əvəz Temirxanın "Milli Şura"ya qarşı xüsusi fəalliyyətini yada salaraq deyib ki, E.Quliyev nədənsə, onların hərəkətlərini nəzərə almayaraq bilavasitə Müsavatı hədəfə götürüb. Lakin unutmaq lazım deyil ki, "Milli Şura" Rusiyanın projesidir" bəyanatını da məhz R.Arifoğlu vermişdi.
Görünür, E.Quliyev buna görə arxayın danışır. Çünki yaxşı bilir ki, Müsavatı ittiham etsə, AXCP onu mütləq dəstəkləyəcək. Belə ki, AXCP-nin niyyəti R.Arifoğlunu sıradan çıxarmaqdır. Belə görünür ki, plana start verilib. Artıq bu gün AXCP-nin E.Quliyevi ortaya atması şərtlə olub. Şərt isə belədir - Rauf Arifoğlu Müsavat sıralarından atılsın, məhz bundan sonra "cəbhə" Müsavatla müttəfiqlik etsin. Bu səbəbdən də yaxın günlərdə "Milli Şura" kontestində AXCP-Müsavat savaşının baş verəcəyini kifayət qədər ehtimal etmək olar.