Özünü ənənəvi müxalifətin "oratoru" hesab edən "cəbhə" sədri Əli Kərimli qiymət artımından "cuşa" gələrək, yenidən "milliləşib". Yəni Kərimlinin yadına yenidən millət, xalq düşüb və o, "ilhama" gəlib. Bir zamanlar mitinqlərdə mikrofon götürərək bəzi müğənnilərtək başını yellədib, əllərini yana açan Kərimli indi informasiya texnologiyasının son uğurlarından biri kimi istifadə edilən "facebook"da həmin "istedadını" davam etdirməkdədir. Sosial şəbəkədəki profilində "millətə müraciət" edərək camaatı küçələrə səsləyən AXCP sədri bunun "xalqın sifarişi" olduğunu deyib. Guya xalq küçələrə çıxmağa hazırdır və mitinqin baş tutması da xalqın marağı çərçivəsindədir (?-R.).
Onda adamdan soruşaqlar ki, əgər "Milli Şura"nın mitinqi həqiqətən də "sosial sifarişdirsə", bəs bu boyda həngaməli, pafoslu və populist "facebook" çağırışına nə hacət var idi?
"SUÇLU" YENƏ DƏ XALQ VƏ HAKİMİYYƏT OLACAQ?
Bir daha Əli Kərimlinin sözügedən " müraciətinə" nəzər salaq: "Əziz həmvətənlər, bu mitinqin sifarişi sizdən gəldi. Qiymət artımından hiddətlənmiş minlərlə vətəndaşımız müxalifəti etiraz aksiyaları təyin etməyə çağırdı. Artıq mitinq təyin olunub və razılaşdırılıb".
İndi də "cəbhə" sədrinin öz sözlərini necə təkzib etdiyinə baxaq. "Əziz həmvətənlər, bu mitinqin sifarişi sizdən gəldi" deyən Kərimli ilk növbədə süni ajiotaj yaratmaq istəyini məhz xalqın üzərinə yıxmağa cəhd edib. Guya "Milli Şura" mitinq-filan keçirmək istəmirmiş və guya "Milli Şura"nı mitinq keçirməyə "xalqın tələbi", "sifarişi" məcbur edib. (?!-R.). Demək, belə çıxır ki, ayın 15-də "Məhsul" stadionunda keçiriləcək mitinqdə "Milli Şura" hər hansı bir qanunsuzluğa yol versə, dərhal bu qanunsuzluğu atacaq xalqın üzərinə. Günahkar da "Milli Şura", Əli Kərimli, Cəmil Həsənli deyil, məhz xalq olacaq. Axı Əli Kərimli mitinqi "xalqın istəyinə görə" keçirdiklərini yazıb.
Digər tərəfdən, AXCP sədri mitinq məsələsini "vəzifə" kimi təqdim edib. Guya bu, onların həm də vəzifəsiymiş və s. Yaxşı, əgər bu "vəzifə" varsa, onda "söz millətindir" deyə bağırıb yüngüllük eymək necə başa düşülməlidir?
Məsələ aydındır. Seçkilərdə uduzarkən, xalq bunları dəstəkləməyərkən, "günahkar" hükimiyyət olur. Guya hakimiyyət xalqın bunlara səs verməsinə imkan verməyib, "səslər oğurlanıb" və s. bu kimi ittihamlar irəli sürülür. Mitinq keçirib aranı qarışdırarkən, yenə də hakimiyyət, xalq "suçlu" çıxır.
SADƏ İZAH
Yeri gəlmişkən, məsələni elə el dili ilə izah edim. Kənddə iki dost uşaq olur - Əlibala və İsabala. Bu uşqalar hər gün səhərdən axşama qədər bir-birləri ilə oyun oynayır, küsüb-barışırdılar. Ancaq Əlibala bir balaca gözüaçıq uşaq olduğu üçün, hər dəfə günahlarını İsabalanın üstünə atmağı bacarırdı. Bir gün Əlibala gecə yatarkən, döşəyini batırır. Böyüklər ondan soruşurlar ki, ay Əlibala, niyə yerini batırmısan? O da cavab olaraq bildirir ki, bəs, İsabala gecə gəlib onun yerinə batırıb və gedib öz evlərinə...Bax, məsələ də bundadır.