PDF Oxu

Köşə

  • 1 372

İsa Qəmbərlə Əli Kərimli dueldə görüşə bilərlərmi?

İsa Qəmbərlə Əli Kərimli dueldə görüşə bilərlərmi?

Müxalifətin son illərdəki fəaliyyətinə nəzər salsaq demək olar ki, bu məxluqlar dünyada analoqu olmayan simalardırlar. Nədəndir ki, qısa zaman kəsiyində çoxsaylı blok və qurumlar yaradıblar, ideya və təkliflərlə çıxış ediblər. Amma yaradılan qurumların ömrü çox qısa olub, irəli sürülən təkliflər isə elə kağız üzərində qalıb. İddialı müxalifət liderləri bir-birindən qisas almaq üçün fərqli mövqe, yol tutublar. Bu səbəbdən də cəmiyyətdə müxalifətə qarşı sərt şəkildə mənfi münasibət mövcuddur. Tam əminliklə onu da söyləmək olar ki, hazırkı müxalifət formatı dəyişməyəcəyi təqdirdə, bundan sonra da yaradılacaq bloklar adları yalnız kağız üzərində qalan bloklardan fərqlənməyəcək. Çünki müxalifət başbilənləri müstəqil deyillər, onların əlləri ayrı-ayrı xarici maraqlı qüvvələrin cibindədir. Digər tərəfdən, birinci partiya, aparıcı lider olmaq azarı da müxalifət üçün arzuolunmaz proseslərin baş verməsinə gətirib çıxarır. Yəni bu biçarələrin birinin dediyi digərinin boğazından keçmir. Hamısı özünü haqlı hesab edir. Hər biri fikrində yalnız özünün irəli sürdüyü ideyasında düzgün olduğunu bildirir. "Milli Şura" deyilən qurum daxilində son vaxtlar yaşanan ağır proseslər qeyd etdiklərimizə sübut sayıla bilər. Müsavat funksionerləri "Rüstəm İbrahimbəyovsuz "Milli Şura" deyib, ultimativ tələblər irəli sürdülər. AXCP təmsilçiləri də uduzmağı həzm edənlərdən olmadıqlarını göstərmək üçün "Rüstəm İbrahimbəyov Müsavata göz dağıdır" deməklə, Müsavatı yerində oturtmağa cəhd göstərdilər. Bu isə onsuz da kövrək olan daxili vəziyyətin gərginləşməsinə yol açdı. Artıq görünən odur ki, AXCP-Müsavat qarşıdurması "Milli Şura" deyilən qurumun parçalanma mərhələsini başa vurub, dağılma dövrünə adlamasına gətirib çıxarıb.

Söz atışması açıq təhqirlərlə əvəzlənir

Rüstəm İbrahimbəyov Müsavatın təzyiqləri qarşısında AXCP-nin də zəif olduğunu dərk etdiyindən, "Milli Şura"nın "fəxri sədr"liyindən istefa verdi. Müsavat da "Milli Şura"da qalmağın əhəmiyyətsiz olduğunu dərk etdiyindən qurumu tərk etdi. Müsavat partiyasının "Milli Şura"nı tərk etməsini həzm edə bilməyən AXCP Müsavata qarşı daha sərt mövqe sərgilədi və bununla da qarşılıqlı ittihamlar geniş xarakter aldı. Nəticədə, Müsavatın "desantik"ləri hesab olunan keçmiş daxili işlər naziri İsgəndər Həmidov, "EL" Hərəkatının aparat rəhbəri Zəfər Quliyev və digərləri istefa verdi. Bəzi "şura" üzləri isə seçim arasında qalıb və qeyri-müəyyən vəziyyətin yaranması "Milli Şura" rəhbərliyini hərəkətə keçməyə məcbur edib. Rəsul Quliyevlə yollarını ayırandan sonra Açıq Cəmiyyət Partiyasının adını dəyişdirən "Azad Demokratlar Partiyası"nın təşkilat komitəsinin sədri, "Milli Şura"nın üzvü Sülhəddin Əkbər partiya üzvləri ilə birlikdə "şura"dan gedəcəkləri şübhəsizdir. Çünki R.Quliyevin istək və tələbi budur. Sülhəddin Əkbər son gediş olaraq R.Quliyevin istəyini yerinə yetirmək məcburiyyətində qalacaq.

AXCP-nin əski mövqeyinə qaytarılması üçün mübarizəyə Müsavatın texnoloqları daha səy və əzmlə fəaliyyət göstərirlər. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Müsavatın icra aparatının rəhbəri Arif Hacılının qardaşı, "Əhrar" partiyasının sədri Vaqif Hacıbəyli cəbhəçilərə qarşı təhqirlər yağdırmaq mübarizəsində fəallıqları ilə seçilirlər. İttihamlar yarışında təşəbbüsü ələ almağa çalışan R.Arifoğlu AXCP sədri Əli Kərimlinin şəxsiyyəti, onun siyasi fəaliyyəti haqqında hər cür şok effekti yaradan ittihamlar səsləndirir. Ömrünün axırına qədər ona salam verməyəcəyini iddia edən R.Arifoğlu Ə.Kərimlini Müsavatı parçalamağa cəhd etməkdə də qınayıb. Bildirib ki, 2005-2011-ci illərdə Ə.Kərimli ona Müsavatdan istefa verərək, AXCP-yə keçməyi və ona birinci müavin vəzifəsini təklif edib: "Şərəfsiz və yaramazlarla əməkdaşlıq ola bilməz. AXCP funksionerləri, xüsusilə də, partiyanın sədri Ə.Kərimli Qərbin bir sıra maraqlı qüvvələrinin tapşırıqlarını yerinə yetirməklə pozuculuq aktları həyata keçirməyə cəhdlər göstərirlər. Şəxsən mən Azərbaycanda sabitliyin pozulmasında iştirakçı ola bilmərəm".

Bütün bunlar onu deməyə əsas verir ki, AXCP-Müsavat qarşıdurması hər iki partiyanın parçalanması ilə nəticələnəcək. Çünki çəkişmələrdən və qarşıdurmalardan yorulan sıravi partiya üzvləri çıxış yolunu təşkilatlardan istefa verməkdə görəcəklər. Hər halda proseslər proqnozlaşdırılan istiqamətdə gedir.

Digər xəbərlər