PDF Oxu

Köşə

  • 1 348

Sükut başınızı xarab eləyib

Sükut başınızı xarab eləyib

Filosofların dili ilə desək, sakitçilik, sükut əlahiddə formada qorxulu bir şeydir, bu daha çox ideoloji, psixoloji amillərlə bağlıdır. Sözümü ona gətirmək istəyirəm ki, radikal müxalifət cəbhəsindəki ətalət, sükut və sakitliyi "gələcəyin fırtınası" kimi qələmə verənlərin bəs nə üçün özlərinin də susqunluğunu bilmək istəyirəm. Bunu heç özləri də bilmir. Ancaq fakt budur ki, müxalifətdə nə fal var, nə yumurta, müzakirə ediləsi heç bir nəsnə, edə biləcəkləri heç bir siyasi gedişləri belə yoxdur. Təkrarçılıq olmasın, amma yenə də hamısının kökündə sosial bazanın olmaması, xalqla müxalifət arasında böyük bir uçurumun olması dayanır.

Çox maraqlıdır, Mozambikdə hansısa bir siyasi hadisə baş verəndə bizim müxalifət alabaxta quşu kimi özünü ortaya atıb, oradakı olaylara münasibət bildirir. Nə lüzum var axı? Cənubi Afrika Respublikasında, Qatarda, Yəməndə birinin ayağına bir daş dəyir, istisi soyumamış bizim müxalifət funksionerləri elə həmin dəqiqə "mövqe" sərgiləyirlər. Nə dəxli var axı? 240 ildir ki, vahid Konstitusiyaya tapınan ABŞ-da hansısa qanuna əlavə edilsə, elə bu dəmdə ya Nurəddin Məmmədli, ya Fuad Qəhrəmanlı, ya da Gülağa Aslanlı çıxıb münasibət bildirir. Bu boyda ziddiyyətmi olar, İlahi? Argentinada bir heyvanın ayağı büdrəyən kimi ya Əli Kərimli, ya da İsa Qəmbər dombalan kimi şişib okeanın bu tayından o tayına ağıl dərsi verirlər. Bu zırpılıqda xəcalətmi olar? Eşidənlər, oxuyanlar, tanıyanlar utanır, amma müxalifət rəhbərlərinin alma yanaqlarına zərrə qədər də olsun sarıkök qızartısı gəlmir ki, gəlmir.

Bəlkə azacıq hərəkət edəsiniz, ətrafınıza baxasınız, səhvlərinizi görəsiniz. Biləsiniz ki, 20 ildir şikəst tısbağalar kimi yerinizdə sayırsınızsa, deməli, öz yaralarınızı sağaltmalısınız, özünüzdə də bir günah görməlisiniz. Hələ də cumhuriyyət "sevdası", Rəsulzadə "eşqi" ilə Müsavat partiyasına yaraşmanız sizləri zəlil edib. Qardaşlar, indi 2014-cu ildir, XX əsrin əvvəlləri deyil. Sizlərdə Rəsulzadə qeyrəti olmalıdır ki, Müsavat adını ləkədən xilas edə biləsiniz. Yoxsa bu millətin onilliklərlər, yüzilliklərlər boyu qoruyub bu günə gətirdikərinə qara xal salmaq sizə şərəfmi gətirir?

Kişi olun, əvvəlcə İsa Qəmbər, sonra da Əli Kərimli partiyadan istefa versin. Gənclərə yer ayırın. AXCP-Müsavat hakimiyyəti vaxtı vəzifələrdə çalışan şəxsləri partiya sıralarınızdan rədd eləyin. Xarici donor təşkilatlarla, düşmən dəyirmanına su tökən qüvvələrlə əlaqələrinizə son qoyun. Türklər demişkən, adam kimi adam olun.Bu qədərmi çətindir? Birincini etmək üçün, İ.Qəmbərin, Ə.Kərimlinin özündə cəsarət, kişilik lazımdır. İkincini etmək üçün, Arif Hacılını Müsavatdan, Nurəddin Məmmədlini AXCP-dən rədd eləyin. Üçüncünü etmək üçün, 20 ildir vəzifə verəcəyiniz vədi ilə başlarını aldatdığınız şəxslərin balalarından pul almayın. Dördüncünü etmək üçün isə, özünüzdə qeyrət toplayın, tüpürün xarici dayılarınıza. Amma təəssüf, edə bilməzsiniz, öhdəlikləriniz buna imkan verməz.

P.S. Deyirlər ki, "Milli Şura"nın nəzdində Ukraynadakı hadisələri təhlil edən ayrıca bir "mərkəz" yaradılır. Bundan böyük dəhşət yoxdur...

Digər xəbərlər