PDF Oxu

Köşə

  • 1 318

Eldar Namazovun "zühuru" və qürubu

Eldar Namazovun "zühuru" və qürubu

Sirr deyil ki, ölkəmizdə siyasi mövqe və əqidələrini dəyişib ucuz dividendləri xatirinə şəxsi mənfəətlərini güdən spekulyant fərdlər az deyil. Daha çox "reneqat" adlandırılan bu fərdlərin son anda nə edəcəkləri də bəllidir. Onlar qarşılaşdıqları uğursuzluqlardan dolayı çətin vəziyyətdə kənara çəkilib, heç nə olmamış kimi susmağa üstünlük verirlər. Belə reneqatlardan biri də məhz "El" hərəkatının sədri Eldar Namazovdur. Bütövlükdə qaranlıq siyasi dairələr tərəfindən idarə olunan Namazov hələ prezident seçkilərindən öncə "fəallıq" göstərərək, Rüstəm İbrahimbəyovun egidası altında az qala özünü "bir nömrəli siyasətçi" hesab edirdi. Ancaq nəticə göstərdi ki, bu adam ümumiyyətlə yararsızın biridir. Ümumiyyətlə, Eldar Namazov seçkilərdən-seçkilərə üzə çıxan, sonra isə qürub edən fərd kimi yadda qalıb.

Ölkəmizin siyasi arenasında müxtəlif əndrəbadi üsullarla özünü göstərmək istəyən Namazov hazırda da dağıdıcı qüvvə olaraq öz hədəflərinə nail ola bilmir. Onun rəhbərlik etdiyi qurumunda təmsil olunanlar da anlayırlar ki, onlar Namazovla heç bir uğura imza ata bilməyəcəklər. Lakin buna baxmayaraq, onun son hərəkətləri də bəzi qaranlıq məqamlardan xəbər verir. Məsələn, xatırlayırsınızsa, hələ prezident seçkilərindən öncə qurumu tərk edən və "EL" hərəkatının keçmiş ali məclis sədrinin sabiq müavini Əflan İbrahimov bildirdi ki, hərəkat rəhbəri Eldar Namazov AXCP sədri Əli Kərimli ilə danışıb və qərara alınıb ki, ölkədə xaos və anarxiya yaradılsın. Məhz bu açıqlamalardan sonra Əflan İbrahimov "Milli Şura"nın qapalı keçirilən iclaslarında "şura"nın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar hüquq-mühafizə orqanlarına çağırıldı. Faktla bağlı hətta müvafiq araşdırmalara da başlanıldı. "El" hərəkatının rəhbəri son məqamda başa düşdü ki, siyasətdə radikal addımlar atmaq, avantüraya yol vermək uğursuzluğa aparan ən səhv vasitədir. Vətəndaşların dağıdıcı müxalifəti dəstəkləmədiyi təqdirdə istənilən addım əks effektin ortaya çıxmasına səbəb olur.

Eyni zamanda, ötən ilin seçkilərindən əvvəl hər gün çıxışları ilə mətbuatda görünən Eldar Namazov artıq neçə aydır ki, yoxa çıxıb. Hər kəsin də müşahidə etdiyi kimi, indi "EL" hərəkatından da, onun "əzəmətli" siyasi rəhbəri Eldar Namazovdan da xəbər-ətər yoxdur. Növbəti seçki marafonunda da məqsədlərinə nail ola bilməyən Eldar Namazov kölgəyə çəkilərək 2015-ci ilin parlament seçkilərini gözləyir. Elə ki, gələn il ölkəmizdə seçki ab-havası müşahidə olunmağa başladı, Eldar Namazov və onun kimiləri meydana çıxaraq, "demokratiya uğrunda mübarizə apardıqlarını" bəyan edəcəklər. Əvvəllər "Azərbaycan Naminə" İctimai Forum, sonra isə "El" hərəkatı yaradan Eldar Namazov, görəsən gələn il hansı "təşkilat"ı təsis edəcək? Axı yoxa çıxan Namazovun növbəti seçkilərdə də "zühur" edəcəyi və sonradan yenidən qürubu gözləniləndir. Hətta bu amil Namazovun köhnə şakəridir desək, yenə də yanılmarıq...

Digər xəbərlər