Bu "axtarış" və "spor" gözlənilən idi. Çünki illərdir ki, müxalifət partiyaları arasında hansının "ana müxalifət" partiyası olması ətrafında yaranmış söz-söhbətin məntiqi nəticəsi olaraq, hazırda "cəbhəçilərlə" müsavatçılar əməlli-başlı bir-birlərinə nə gəldi döşəyirlər. Biri deyir ki, "ana müxalifət" mənəm, o biri də deyir yox, sən çox qələt edib belə iddiaya düşürsən, "ana müxalifət" mən özüməm. Və beləcə "vahid namizəd", "birlik", "praymeriz", "memorandum" kimi gözdən pərdə asmalara son qoyuldu. Daha dəqiq desək, geydirmə səmimilik tam səmimiliklə əvəz olundu. Yazıq sıravi AXCP və müsavatçıların da canları qurtardı. Canları qurtardı ki, daha qarşıdakı bələdiyyə və ondan sonra gələn parlament seçkilərində bu məsələ birdəfəlik öz həllini "tapacaq". Onlar da ömürlərində bircə dəfə də olsa "ana müxalifət" partiyasının sıraviləri kimi gecəni rahat yata biləcəklər. Amma "sən saydığını say, gör İsa Qəmbərlə Əli Kərimli nə sayır. Bax, məsələ də bundadır!
Təbii ki, "ana müxalifət" dediyimiz zaman ilk növbədə ağılımıza aparıcı, sosial elektoratı güclü, siyasi və sosial bazası möhkəm, hər an hakimiyyətə gələ bilmək qadirində olan müxalifət partiyası gəlir. Amma kor-kor, gör də gördür ki, Azərbaycanda müxalifət partiyaları mövcud olsa da onların içlərində nəinki "ana", ya da "ata", heç "bala" müxalifət partiyası yoxdur. Belə olan halda AXCP və Müsvatın son anda bu məsələ ətrafında açıq savaşa girmələri də əbəsdir. Çünki onsuz da qarşıdan gələn seçkilərin proqnozları onların xeyrinə doğru heç nə göstərmir və çünki bunu onların özləri də etiraf edirlər.
Əli Kərimlinin müavini Həsən Kərimov o günləri durub deyir ki, Müsavat partiyası müxalifətdaxili inteqrasiyalarda maraqlı deyil və s. Maraqlıdır, görəsən AXCP müxalifətdaxili inteqrasiyalarda maraqlıdırmı? Əgər maraqlıdırsa, nəyə görə Müsavatı ittiham edir? Bəlkə bunun yerinə gedib Müsavatla birləşərdi? Amma ortada nə birləşmək var, nə də ki inteqrasiya. Ona görə də, bunu deyən H.Kərimov yaxşı olardı ki, bir dəfə də özləri haqqında bir balaca neqativ fikir söyləyərdi. Bax, onda deyərdim ki, ay maşallah, AXCP də həyatında bircə dəfə də olsa demokratik davrandı və daxilində baş verən prosesləri etiraf etdi.
Bir də ki, AXCP-dən hər şeyi gözləmək olar. Yəni bir halda ki, partiyanın rəhbəri vaxtilə öz "liderinin" yeməyinə zəhər qatıb, ona sui-qəsd edibsə, onlardan daha hansı "kişiliyi" gözləyəsən axı?! Ancaq mənim bu sözlərim müsavatçıların qoltuqlarına qarpız verməsin gərək. Çünki Müsavat rəhbərliyi də az aşın duzu deyil. Belə ki, H.Kərimovun "ana müxalifət" iddialarına cavab olaraq bəyanat yayan Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı deyib ki, vaxtilə bütün seçkilərə qatılarkən, onun "lideri" İsa Qəmbər yerdə qalan müxalifətçilərin ümumilikdə topladıqları səslərdən çox səs toplayıb (?!-R.H.). Yaxşı, ay Arif "bəy", əgər sənin "ana müxalifətçi liderin" vaxtilə hamıdan çox səs toplayıbsa, onda niyə onun "ana müxalifətçiliyi" digərləri tərəfindən qəbul olunmur? Məncə, bir dəfə də aksiomalı, arqumentli fikir bildirmək lazımdır, iddialı yox!
Hətta qardaşı A.Hacılının iddialarından qeyzə gələn digər müsavatçı, İ.Qəmbərin müşaviri M.Hacıbəyli durub deyib ki, "ana müxalifət" meydanda olur, virtual aləmdə yox. Yəni o da "ana müxalifətin" Müsavat olduğunu iddia edib. Ancaq o da bir balaca yanlışlığa yol verib. Məsələn, meydan deyərkən, sübut edib ki, Müsavatın da təfəkkürü meydan təfəkküründən o tərəfə keçmir. Ona görə də iddia edir ki, hansı partiya küçələrə daha çox adam tökürsə, o da olur "ana müxalifət". Göründüyü kimi, vəziyyət yaman xarabdır. Özü də seçkilər ərəfəsində belə vəziyyətin yaranması hər iki partiyanın müstəqbəl gələcəyini "podvopros" qoyur. Necə ki, "spor"dan dolayı...
Qalır bircə məsələ - "BALA" MÜXALİFƏT məsələsi ki, qoy onu da "cıtrdan" partiyalar öz aralarında seçsinlər. Ancaq "anaları" bəlli olduqdan sonra...