Araz Əlizadənin açıqlamalarını oxuyanda ASDP də daxil olmaqla bütün müxalifətin hansı didarda olduğunun şahidi oluram. Azərbaycan dilinin bütün mətnaltı vulqar ifadələri müxalifətin şənini bəzəmiş olur. Araz bəy deyir ki, hələ ki yaydır, hamı istirahət edir, elə müxalifət də. Amma yay bitəndən sonra o müxalifətin aktivləşəcəyinə yenə də inanmır və deyir ki, "ölünün qıdığı gəlməz".
Qıraqdan durub seyr edəndə müxalifət liderlərinin hansı peşə ilə məşğul olduqlarını ayırd etmək çox çətindir. Məsələn, Arif Hacılı dostu Kəramətlə ədəbiyyatdan danışır, siyasəti bir yana qoyub şair və yazıçıların ədəbi əsərlərini xırdalamaqla məşğuldur. A.Hacılı deyib ki, hamı şeir yazdığı kimi hər kəs də siyasətçi olmaq istəyir. Arif bəy, görəsən kimdir bunda günahkar? Ali məktəbə yenicə daxil olan, ağzından ağappaq süd iyi gələn 18 yaşlı uşağı "icra başçısı olacaqsan" vədi ilə aldadıb siyasətə dürtmələyən Müsavat partiyası deyilmi!? Yazıq uşaqların indi hərəsinin 40-45 yaşı var. İndi də yeni nəsli bədbəxt etməklə məşğulsunuz. Ə.Kərimli də, İ.Qəmbər də yaxın ətrafına tapşırıb ki, partiyaya funksioner ola biləcək gəncləri gətirin. Funksioner ola biləcək gənclərin sizin yanınızda nə işi var axı? A.Əlizadə demişkən, ölü qıdıqlamağa gəlməzlər ki.
Yayın qızmar istisindən sonra əriyib suya dönən xırda-xuruş müxalifətçiləri bir yerə toplamaq bu dəfə daha çətin olacaq. P.Hüseyn yenə də yeni bir qurumun yaradılması təşəbbüsü ilə çıxış edib. Məndən günah görənin atabaatasına lənət. İlahi, hər ay bir partiya, qurum, təşkilatmı yaratmaq olar! Pənah bəy "Yeni Müsavat"a müsahibə verib. Ya Rauf Arifoğlu onun vurğunudur, ya da o, bu qəzetə danışmağın xəstəsi. Şahidi olanlar var ki, P.Hüseyn müsahibə verəndən sonra deyir ki, "məni sabiq baş nazir" kimi təqdim edin, Müsavata aid heç nə yazmayın, ardınca da AXP lideri qeyd edin".
İ.Qəmbər həbsdə olan müxalifətçilərlə bağlı açıqlama verib. Zalım oğlu əməlli-başlı sərt danışıb, onu tanımayan olsa, Koroğlu ilə səhv salar. Həbsdə olan şəxslərin valideynlərindən soruşun görün, onlar övladlarının həbsində kimi günahkar bilirlər? İqtidarı, yoxsa müxalifəti? Millətin uşaqlarını müxtəlif vədlərlə aldadıb dövlətçiliyə qarşı istifadə edir, onların vasitəsilə çirkin niyyətlərinizi həyata keçirirsiniz. Dövlətçiliyin əleyhinə işləyən şəxs həbs olunmamalıdırmı? Olunmalıdır, bu zaman qanundan da incimək olmaz. Günah yalnız gəncləri bu yola çəkənlərin üstündə qalır.
Samir