Müsavat başqanı İsa Qəmbər nəhayət ki, məqsədinə nail olub - partiyanın qurultayını növbəti dəfə yubada bilib. Yəni ki, Müsavatın ali forumu sentyabra qalıb. Ancaq belə gedərsə, heç gələn ay da İsa Qəmbərin başqanlıq postundan gedəcəyi inandırıcı görünmür. Çünki hələ prezident seçkilərindən öncə belə bir fikir yaranmışdı ki, seçkilərdən dərhal sonra Müsavat qurultay keçiriləcək. Fəqət, seçkilər də bitib, üstəlik qarşıdan bələdiyyə və parlament seçkiləri də gəlir. Amma başqan hələ də yerindən təpənmir.
Digər tərəfdən, qurultayın günü yaxınlaşarkən ayrı-ayrı müsavatçı "zəhmətkeşlər" İsa Qəmbərin təsiri altında olan mətbu orqanlara "məktublar" ünvanlayaraq, partiyanın nizamnaməsinə dəyişiklik edilməsini, bir nəfərin iki dəfədən artıq başqan seçilməsinə olan qadağanın götürülməsini, bir sözlə, İsa Qəmbərin üçüncü dəfə Müsavat rəhbəri olması tələbləri ilə çıxış edirlər. Baxarsınız, bu dəfə də belə olacaq. Hətta qurultay keçirilsə belə, İsa Qəmbər partiya başqanı kimi qalmaqda davam edəcək.
İsa Qəmbər qurultayını keçirəcək, ancaq başqan olaraq da qalacaq
Düzdür, ortada Arif Hacılının, Arzu Səmədbəylinin, Qubad İbadoğlunun, Vurğun Əyyubun, Gülağa Aslanlının, Səxavət Soltanlının, Tural Abbaslının adları hallansa da, əslində bütün bunların bir blef olacağını da düşünmək olar. Bunu bir müddət öncə elə Arzu Səmədbəyli də dilindən qaçırmışdı. Məsələn, demişdi ki, "Müsavat üzvlərinin 99 faizi İsa Qəmbərin başqanlıqdan getməsinin əleyhinədir". Səmədbəylinin həmin 99 faizi necə və hansı üsullarla "müəyyənləşdirdiyini", ümumiyyətlə, müsavatçıların nə düşündüklərini ayırd etməsi birmənalı qarşılanmadı. Budur, İsa Qəmbər nəhayət ki, ambisiyalarını reallaşdıra bilib.
Beləliklə, bütün bunlardan da görünür ki, İsa Qəmbər qurultayını keçirəcək. Ancaq başqan olaraq da qalacaq.
Müsavat başqanı əsas istəyinə nail olub
Başqa tərəfdən, İsa Qəmbərin tərəfdarlarının iddiasına görə, guya normal yer ayrılmadığından məsələ hələ də qeyri-müəyyən olaraq qalır. Müsavatın səkkizinci ali forumu daha çox indiki başqan İsa Qəmbərin səlahiyyət müddətinin başa çatması və yeni başqanın kim olacağı ilə bağlı maraqlı diqqətləri özünə cəlb edir. Məhz bu baxımdan İsa Qəmbər növbəti dəfə namizəd olmaqdan məhrum edə biləcək ali forumu mümkün qədər yubatmaq, 2013-cü ilə namizəd kimi qatılmaq iddiasındadır. Bir sözlə, Müsavat başqanı əsas istəyinə nail olub. Yəni ki, sentyabrı da birtəhər yola verib, sona qədər partiyasının başqanı olaraq orada da qalacaq. Hətta sentyabrda da gözləmək sadəlövhlük olardı...