PDF Oxu

Köşə

  • 1 678

ELÇİBƏYİ MONOPOLİYAŞDIRANLAR

ELÇİBƏYİ MONOPOLİYAŞDIRANLAR

AXC-nin mərhum lideri Əbülfəz Elçibəyin ölümünün növbəti ildönümü günü ənənəvi müxalifət düşərgəsində yenidən ilginc olaylar yaşandı. Onun Fəxri Xiyabandakı məzarını ziyarət edən "liderlər" oraya ayrı-ayrılıqda getdilər. Səbəbi isə, əslində çoxdan bəllidir. Bəllidir ki, iki qoçun (hərgah, bunlara qoç demək gülünc çıxır - R.) başı bir qazanda qaynamaz. Yəni həm AXCP, həm də Müsavat rəhbərliyi artıq başqa-başqa müxalifətçilik mövqeyindədirlər və bundan sonra onların yenidən birgə olması, ümumiyyətlə qeyri-mümkün məsələdir. Hətta məsələ elə bir həddə qədər çatıb ki, adicə məzar ziyarətinə belə, bir yerdə getməmək üçün müxtəlif bəhanələr axtarırlar. Düzdür, Əli Kərimlinin nəyə görə İsa Qəmbərə və İsa Qəmbərin də eynilə Əli Kərimliyə patoloji nifrətləri hər kəsə gün kimi aydındır. Bu, öz yerində. Ancaq onların vaxtilə onları bir şineldən çıxaran Elçibəyin məzarına ayrılıqda getmələri ilk növbədə Elçibəyin ruhuna edilən ən böyük xəyanətdir. Maraqlıdır, əgər ki, Elçibəy bir anlığa bu dünyaya gəlib belə şeyləri görsəydi nə deyərdi? Məncə, heç nə. Sadəcə tüpürüb, təzədən qayıdardı haqq dünyasına!

Yahu, budurmu onların "Rəsulzadə-Elçibəy" yolu?

Görün vəziyyət adıçəkilən düşərgədə nə həddə çatıb ki, müxalifəti, düşərgəni, siyasi ambisiyaları üçün monopolilayalaşdırmağa cəhd edən Əli Kərimli və İsa Qəmbər indi də Elçibəyin adını monopoliyalaşdırmağa çalışırlar. Özü də həm doğum, həm də ölüm günlərində!

Siz hələ KXCP sədri Mirmahmud Mirəlioğlunun düşdüyü vəziyyətə baxın. Belə ki, ötən il Elçibəyin məzarına "Milli Şura" tərkibində qatılan Mirmahmud Mirəlioğlu indi də "Milli Şura"nın tərkibində ola-ola oradan səsli-küylü istefa verərək Əli Kərimlini, Cəmil Həsənlini saya salmayan, hətta təhqir belə edən Müsavat yetkililəri ilə Fəxri Xiyabana gedib. Yahu, budurmu onların "Rəsulzadə-Elçibəy" yolu? Budurmu onların danışdıqları zaman ağızlarına sığışmayan çullu dovşan?

Bax, həqiqət də budur. Həqiqət budur ki, ömürləri boyu "ana müxalifət" adı uğrunda cırmaqlaşan, yırtışan, dartışan, bir-birlərinə diş qıcıyıb ağız atan müxalifət başbilənləri adicə məzarlığa belə bir yerdə getməyə cürət etmirlər.

Siyasi manyaklıq

Hə, bu arada daha bir maraqdoğurucu hadisəni xatırlatmaq istərdim. Əbülfəz Elçibəy dəfn olunarkən onun qardaşı Almurad Əliyev Əli Kərimlini dəfn mərasimindən qovmuşdu. "Rədd ol buradan, sənin bu yerə ayaq basmağın günahdır!" deyən Almurad ağa elə həmin zamanlar "Yurd" şefinin ağzının payını vermişdi. Ancaq bunlar həm də həyasız ünsürlərdirlər. Qapıdan qovursan, pəncərədən girirlər. Həyasızda nə ar olur, nə də abır.

İndi də abırlarını, həyalarını bir kənara qoyaraq, utanmazcasına Elçibəyin qəbir üstünə gedib, salavat çevirirlər. Bir gün həmin salavatın onlara qənim olacağını isə düşünmürlər. Çünki düşünməyi bacarmırlar.

Düşərgədə hər şeyi monopoliyalaşdıraraq siyasi dividendlərini güdənlərin bu gün rəhmətlik Elçibəyə də göz dikmələri yəqin ki, onların həm də nə qədər siyasi manyak olduqlarını sübuta yetirir. Hər halda harada belə şeyləri axtarsan tapa bilməzsən, yalnız burada, Azərbaycan müxalifətində bu cür monopoliyalaşdırılmanı görə bilərsən!

Digər xəbərlər