PDF Oxu

Köşə

  • 1 719

Başa buzlu su tökmək Mark Zukenberqin yeni hoqqasıdır

Başa buzlu su tökmək Mark Zukenberqin yeni hoqqasıdır

Deyirəm nə hoqqa, nə həngamə desən bu sosial şəbəkələrdə baş verir. Bu həngamələrin böyük əksəriyyətini də hansısa məşhur qrupların, sosial şəbəkələrin rəhbərlərinin həyata keçirdiyini desək, səhv etmərik. Özəl maraq isə, söz yox, ondan ibarət olur ki, beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edib, növbəti maliyyə mənbələri əldə etməkdir. "Facebook" sosial şəbəkəsinin yaradıcılarından olan Mark Zukenberqin ideya müəllifliyi ilə ortaya çıxan başa buzlu su tökmək ideyası da pul qazanmağa hesablandığını baş verənlərdən də görmək olur. Faktlara istinadən demək olar ki, qısa müddət ərzində bu kampaniya hesabına M.Zukenberq 50 milyon dollar qazanıb. Düzdür, M.Zukenberq hiyləgər gediş edərək, əldə olunan vəsaitin 20 milyon dollarının ALS xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf olunduğunu iddia edir. Amma yenə də cənab Zukenberq 30 milyon dollar qazanmış olur.

Meydanda Bill Qeyts və Cennifer Lopes də görünür

Deyir əbləhlər olmasa, diribaşlar meydan sulamaz. Həqiqətən də, adi bir ideyanın gündəmə gətirilməsi ilə fərdlər milyonlar qazanırlar. Nədi-nədi özlərini daha ağıllı və texnoloq hesab edirlər. M.Zukenberqin başa buzlu su tökmək kampaniyası az müddət ərzində dünyanın əksər ölkələrində yarışa çevrildi. Amma başa buzlu su tökmək kampaniyasından əziyyət çəkənlər, hətta ciddi xəsarət alanlar da olub. Şotlandiyada və İsveçrədə bu kampaniyadan 24 nəfər xəstəxanalıq olub. Təbii ki, əbləhliklərinin qurbanı olan bu biçarələrin üzləşdikləri ağır vəziyyət cənab Zukenberqi heç də narahat etmir. Çünki onun üçün qlobal maraqlarda xırda itkilərin baş verməsi narahatlıq doğurmur. Əsas odur ki, bu kampaniyanın sıralarına məşhurlar, o cümlədən "Macrosoft" prezidenti Bill Qeyts, məşhur müğənnilər - Cennifer Lopes, Kastin Biber, Selena Qomez, Hülya Avşar, məşhur futbolçular - Kriştian Ronaldo, Neymar, Cim Parsons və digərləri qoşulublar. Həmin sözügedən məşhurlar ALS xəstəliyinin müalicəsi üçün ümumilikdə 35 milyon dollar ödəyiblər. Onlara əbləhlər demək çətinlik yaratsa da, "Varlığa nə darlıq?" deməmək mümkün deyil.

Başa buzlu su tökmək Azərbaycanda

Azərbaycanda da bu kampaniyanın "qurbanı" olanların sayının az olmadığı qeyd olunur. Xüsusilə də, hər fürsətdə diqqət mərkəzində olmağa çalışan mütriflər, yenə də öz ənənəvi amplualarındadırlar. 120 min manatlıq maşını ilə özünü reklam etdirən Nadir Qafarzadə, yataq səhnələri ilə diqqət mərkəzinə çevrilməyə çalışan Röya, saçını müxtəlif rənglərə boyamaqla gündəmdə qalmağa cəhd edən Zamiq, İbrahim Tatlısəslə dost olduğunu uyduran Nüşabə Ələsgərli və başqaları başlarına buzlu su tökməklə, M.Zukenberqlə həmrəy olduqlarını nümayiş etdirirlər. Deyilərə görə, sözügedən məxluqlar soyuducularda buzlu su yaradır və daha sonra həmin suyu insanların gözü qarşısında başlarına tökürlər. Eyni zamanda, bu mütriflər xüsusi hesablara pul da köçürürlər. Deyilənə görə, Azərbaycanın bəzi tanınmış mütrifləri ümumilikdə 143 min ABŞ dolları M.Zukenberqin ideyasının hesabına köçürüblər. Yəqin ki, bu mütriflər M.Zukenberqin diqqətini özlərinə cəlb etməyə ümid bəsləyib, sonrakı mərhələdə onun hesabına klip çəkdirməyi arzu edirlər. Niyyətin hara, mənzilin də ora, cənab mütriflər.

Digər xəbərlər