PDF Oxu

Köşə

  • 2 128

Rüstəm İbrahimbəyov bir balaca tərləməli olacaq

Rüstəm İbrahimbəyov bir balaca tərləməli olacaq

Dağıdıcı düşərgədə vəziyyət elə gərgindir ki, aranın qarışması, məzhəbin itməsi kimi el kəlamı həmin gərginliyin içində toya getməli məsələdir. Bir tərəfdən "liderlərarası" böhranın dərinləşməsi, bir tərəfdən utopiyaların elə utopik fikir kimi də qalması, bir tərəfdən də parçalayıcı transfer oyunlarının davamlı xarakter alması, həqiqətən də, vəziyyətin kifayət qədər gərgin olmasını sübuta yetirir.

Gərgin vəziyyət demişkən, bu arada "EL" Hərəkatının da yoxa çıxması göz önündədir. Nə Eldar Namazov ortalıqdadır, nə də ki, onun hərəkatından səs-soraq yoxdur. Bircə bilinən budur ki, bu qurum qurultaya hazırlaşır. Ancaq hansı elektoratla? Elə məsələ də ondadır ki, hansı elektoratla. Ancaq bir iş də var ki, vaxtilə Rüstəm İbrahimbəyovun və Eldar Namazovun inhisarları altında elan olunmuş "EL" Hərəkatının pul davaları, eyni zamanda, "Milli Şura" adı altında tutulan siyahının ardınca yaranmış ikitirəliklərdən sonra belə nəticəyə gəlmək mümkündür ki, "EL" bu yeli düşərgə daxilində hələ çox fəsadlar törətməli olacaq və bu yelin dalınca düşərgəni elə bir sel vuracaq ki, oradan əsər-əlamət belə qalmayacaq. Artıq bunun cücərtiləri də yavaş-yavaş görünməkdədir.

Məsələn, E.Namazov hələ "EL"-i elan edərkən, yəni preizdent seçkilərindən öncə bu hərəkat işə başlayarkən, "Ziyalılar Forumu"nun bir neçə üzvü dərhal bəyan etdilər ki, onlar nə hərəkatda, nə də ki, "Milli Şura"da təmsil olunmayacaqlar. Məsələ gün kimi aydındır. Nəzərə alsaq ki, "forum"dan E.Namazovun yanına köçənlərə müəyyən məbləğdə vəsait ödənilmişdi, bu zaman onun yanında olmaq istəməyən reneqatların imtinalarını başa düşmək elə də çətinlik yaratmırdı.

İndi isə vəziyyət başqa cürdür. Eldar Namazov Fransadadır və oradan gələndə əli-cibi dolu olacaq. Bu baxımdan, o, hərəkatın qurultayını keçirmək üçün yenidən müxalifətdən adam satın almağa başlayacaq. Yəqin ki, Rüstəm İbrahimbəyov da bir balaca tərləməli olacaq. Başqa tərəfdən, AXCP və Müsavat partiyalarından "EL" hərəkatına doğru baş tuta biləcək transferlər də sözügedən Hadisələrə rəng qatacaq. Məsələn, o günləri adının açıqlanmamasını istəyən "cəbhə" funksionerlərindən biri bildirib ki, bəs AXCP sədri Əli Kərimli özünə yaxın ətrafını toplayaraq, "EL"-ə üzv olmaq istəyən "cəbhəçiləri" xəyanətkar elan edəcək. Qəribədir ki, Müsavat partiyasında da eyni hal baş verib. Desəyən, "EL" bu dəfə müxalifəti yerli-dibli transfer etmək fikrindədir.

Buradan da görünür ki, artıq "EL" -in yeli "Ziyalılar Forumu", müxalifət partiyaları ilə yanaşı, həm də müxalifətdaxili qurumların - "Milli Şura"nın da zəif təməllərini yerindən oynadıb. Lakin nəyin necə və hansı çərçivədə baş verməsindən asılı olmayaraq, "EL" hərəkatının yeli və seli bu qurumun da parçalanması ilə nəticəsini tapacaq. Çünki düşünmək sadəlöhvlük olardı ki, bütün qeyd edilən hallardan sonra AXCP və Müsavat, eyni zamanda, digər müxalifət partiyaları yaranmış hadisələrə susqun münasibət bəsləyəcəklər. Hətta "EL"-in yelinin ardınca düşərgəni yuyub-aparacaq sel sonradan qayıdıb adıçəkilən hərəkatı da fəlakətə düçar edəcək. Bir sözlə, dağıdıcı düşərgə ardıcıl və təbii (yəni müxalifətin parçalanması təbiilikdən doğan hadisədir -R.) fəlakətlərdən yaxa qurtara bilməyəcək. Necə deyərlər, kor-kor, gör-gördür.

Digər xəbərlər