Deyirəm ki, atalar sözlərimiz, məsəllərimiz olmasa idi, görəsən bizim müxalifət öz qabiliyyətsizliklərinə hansı cümlələrdən istifadə edib bəraət və haqq qazandırardı!? Bir neçə gündür ki, müxalifət cəbhəsində elə qollar vurulur ki, elə bil Braziliya futbol komandası ilə Azərbaycan yığması oynayır. Qapı aşsüzənə çevrilib, Əli Kərimlinin qapısına o qədər top vurulub ki, indi özü də bu "topa vurulub". Elçin Rüstəmlinin qola çevrilməsi lap küncdən qaldırılan topu düz birbaşa setkaya saldı. Ə.Kərimli də deyir ki, ağacdan bir yarpaq gedib. Müxalifətimizin bü cür bənzətmələrinə görə arabir atalarımızı da qınamağım gəlir e.
Keçən həftə "Yeni Müsavat"ın ulduzu Zəfər Quliyevin elə bu qəzetdə "Əsrin müqaviləsi" haqqında təhlili dərc olunmuşdu. Amma Z.Quliyevin məqaləsi Ə.Kərimlini əməlli-başlı qeyzləndirib. Ona təklif edib ki, gərək bu cür açıq şəkildə tərif yazmayaydın. Açıq desək, Z.Quliyev olanı yazıb. "Əsrin müqaviləsi"nin bir cümləsinin bir saatda Azərbaycana verdiyi xeyiri "Kərimli"lər ailəsinin cəmi verməyib.
AXCP ali məclisinin üzvü, jurnalist Elçin Rüstəmli istefasının səbəbini belə yazır: "AXCP-də siyasi fəaliyyətlə məşğul olmağın heç bir perspektivi yoxdur. Mən uzun müddət AXCP ali məclisinin üzvü olsam da, siyasi fəaliyyətlə məşğul olmaq imkanlarım olmayıb. Bundan sonra da siyasi fəaliyyət göstərmək, partiya üzvü olmaq niyyətim yoxdur. Bu səbəbdən AXCP üzvlüyündən istefa verdiyimi bildirirəm".
Nə yaxşı ki, Elçin tez ayıldı, vallah! 20 il bundan əvvəl mənim 8-9 yaşım var idi. Yadımdadır ki, Gülağa Aslanlı, Nurəddin Məmmədli, Arif Hacılı o vaxtdan indiyə qədər eyni kostyumda "mübarizə" aparaq bu yaşa gəlib çatıblar. Ömür bitdi, amma nəticə yoxdur. Elçin ariflər, nurəddinlər, gülağalar olmaq istəmədi bəlkə də, ona görə də belə etdi. Ə.Kərimlinin reaksiyası lap gülməli olub bu məsələyə. Ancaq fakt budur ki, iki günlük qırğız gəlinlərinə oxşayan Əbülfəz Qurbanlıdan başqa kimsə AXCP-də "qabağa" gedə bilməz. Buna partiya sədri də imkan verməz. Ə.Qurbanlıdan başqa bir nəfər cəbhəçi üzə çıxa bilmir, sözünü deyə bilmir. Lakin tutulan, həbs edilən, onun-bunun tırkasına gedərək dövlətinə xəyanət edib həbs həyatı yaşayan da elə bunlardır. Niyə tutulmur Ə.Qurbanlı? Kişinin oğlu funksionermiş...Onun da AXCP-dən istefasına çox qalmayıb.