Müsavatla AXCP-nin qarşılıqlı savaşa girmələrinin əsl səbəbi bəllidir. Müsavat "Milli Şura"dan ayrıldı və sonrası da ki...
Beləliklə, iki partiya arasında amansız müharibə başladı və bu müharibədə olduqca sərt, qarşılıqlı ittihamlar səsləndirildi. Nəticədə Müsavat rəhbərliyi "moratorium" qəbul edərək cəbhəçilərə qarşı hücumlarını dayandırdı. Lakin hazırda "moratorium" qərarı davam etsə də, sosial şəbəkə üzərində bəzən pozuntulara yol verilir. Son qarşıdurma isə Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının Müsavatda başqanlıq seçkilərinə münasibət bildirməsi ilə baş verib.
"Qubad bəy, sizə seçkidə uğurlar arzu edirəm. Sizin başqanlığınız təkcə partiyanın deyil, həm də demokratik düşərgənin maraqlarına uyğun olardı", - deyə Əli Kərimlinin müavini Qubad İbadoğluya dəstək ifadə edib.
Əlbəttə ki, belə ifadələrin sosial şəbəkədə yayılması Arif Hacılının tərəfdarlarını hərəkətə keçirib. Sosial şəbəkə üzərində aparılan "müharibəyə" Hacılının qardaşları Vaqif və Mustafa Hacıbəylilər də qoşulub. Vaqif Hacıbəyli Fuad Qəhrəmanlının Q.İbadoğlunu dəstəkləyən statusunu belə şərh edib: "Partiyadan qovulan, uzaqlaşan, partiyada hər hansı bir konkret əməli fəaliyyəti olmayan partiya funksionerlərinin, heç vaxt Müsavata xüsusi rəğbəti ilə seçilməyən kənar adamların hər hansı namizədin təbliğatı ilə əlaqədar xüsusi canfəşanlığı suallar doğurmaya bilməz. Müsavatın kökü sağlam olduğu üçün bu cür qeyri-sağlam, kənar təsirlərin qurultayda qəbul ediləcək qərarlara əhəmiyyətli təsir göstərə biləcəyini düşünmürəm. Hər bir halda, müsavatçıları indidən qurultayla bağlı təbrik etmək istəyirəm. Çünki qurultayın keçirilməsi nəzərdə tutulan gün mən ölkədə olmayacağam".
Lakin Mustafa Hacıbəylinin Əli Kərimlinin söz aparıb-gətirəni Fuad Qəhrəmanlıya cavabı daha maraqlı olub. Məsələ ondadır ki, o, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Qubad İbadoğlunu dəstəkləyən fikirlərini yazıb və qeyd edib ki, ilk dəfədir ki, Fuad Qəhrəmanlı ilə Hafiz Hacıyevin mövqeyi üst-üstə düşür. Beləliklə, Mustafa Hacıbəyli Fuad Qəhrəmanlıya psixoloji təzyiq üsulu seçərək qarşı tərəfə belə bir sual da ünvanlayıb: "Görəsən, Fuad Qəhrəmanlı bunu necə əsaslandıracaq? "Yəni o, bununla demək istəyib ki, Qəhrəmanlı yenidən ortaya çıxaraq, əndrəbadi mülahizələr irəli sürərək, özünü "təmiz", digərlərini isə natəmiz elan edəcək.
Bu arada onu da deyək ki, belə bir hal AXCP tərəfindən birinici dəfə ortaya atılmır. Məsələn, bundan əvvəl başqanlığa namizəd Tural Abbaslının gənclərlə keçirilən görüşündə bir cəbhəçinin iştirakı və çıxış etməsi "AXCP Müsavatda Tural Abbaslını başqan görür" fikrini formalaşdırmışdı. AXCP-dən olan gənc görüşdə başqanlığa namizəd Arif Hacılını "yaşlı" adlandırmış və siyasəti tərk etməsinin vacib olduğunu söyləmişdi.
Göründüyü kimi, Əli Kərimli hazırda Müsavat daxilində parçalanma yaratmağa cəhd edir. Bu işdə ona müavinindən tutmuş, əlində olan gənclər də yardım göstərir. Fəqət, məsələ həm də ondadır ki, bu günlərdə Əli Kərimli Müsavata quyu qazmaqla məşğul olarkən, onun öz quyusu qazılıb. Partiyanın ali məclisinin üzvü AXCP-dən istefa verib. Necə deyərlər, "başqasına quyu qazan özü düşər" məsəli bir daha təsdiqini tapıb. Hələ Əli Kərimli belə quyulardan özünə çox qazmalı olacaq...