Tələbə vaxtı əlimə bir kitab düşmüşdü, səhv etmirəmsə, adı belə idi: "Müsavat partiyasının tarixi". Müəllifi də qadın... Yaşıl üzlü, hardasa 350-400 səhifəlik bu kitabı fərəqlədim, Müsavatın tarixindən başqa hər şeyə rast gəldim. Daha çox İsa Qəmbərin ailəsinin tərifi, təsviri, mədhi verilən bu kitabda cəmi bir neçə səhifədə partiyanı yaradanlardan söhbət açılır. Yerdə qalan yüzlərlə səhifə İ.Qəmbərin ailəsinə-arvadına, oğlanlarına həsr olunub. İndi dil boğaza qoymayıb "Rəsulzadənin haqqı yeyilir" deyə bayqu tək bağırtı vuran İ.Qəmbər nə üçün arvadı Aidə Qəmbərin tərifini Rəsulzadənini xidmətlərindən daha üstün tutur? Arvad LİDERdən şirin olur, yoxsa Rəsulzadənin haqqını elə özün yeyirsən? Ancaq bütün QƏMBƏRLƏRİ yanaşı düzsən Rəsulzadənin, Xoyskinin, Yusifbəylinin bir saatda etdikləri xidmətlərin ən pis tərəflərinə belə dəyməz.
O kitabı oxuyanda hələ o vaxt məndə Müsavat haqqında "ailə şirkəti" fikiri formalaşmışdı, sonra unutdum bu termini. Lakin Rəsul Quliyevin sayəsində yeni stildə yaddaşımı təzələdim: "Müsavat podratçı ailə şirkətidir". R.Quliyevlə bu məsələdə beşəlli razıyam. Dünən yaxın dostlarımızdan biri İ.Qəmbərin spiker olduğu vaxtlarda baş verən maraqlı bir hadisəni nəql elədi. Deyir ki, o vaxt BDU-nu bitirənlərə hələ də sovet diplomları verilirdi, çox adam heç diplom ala bilmirdi. İ.Qəmbər də diplomunu ala bilməyən üç nəfəri qəbul edib, kömək edəcəyini söz verib və sonda o adamlara deyib ki, "siz mənimlə BİR ƏLLİ görüşərsiniz. Onların heç biri "bir əlli" söhbətin başa düşməyib, axırda anlaşılıb ki, söhbət 50 min puldan gedir.
Ən gözəlini Qubad İbadoğlu eləyir. 150 nəfəri yanına yığıb İ.Qəmbəri, A.Hacılını aşsüzənə çevirir, maddələri ortaya qoyur, saxtakarlığı sübut edir. Səxavət də 16 maddəlik müraciət hazırlayıb Müsavata bəyanat verib ki, yolunuza qayıdın, yeni seçki keçirin. Bir sözlə, onlar deyir, bunlar qulaqardına vurur, onlar söyür, bunlar peysərə atır və getdikcə də Müsavatda boyunların yoğunlaşması prosesi sürətlə davam edir. Söhbət gəzir ki, 12 sentyabrda "Milli Şura"nın mitinqində müsavatçılar kütləvi şəkildə elə mitinqdə mikrofonla bəyanat verib AXCP-yə keçəcəklər. Nə desən ola bilər, amma mitinq olmayacaq. Yaşıl bazardakı alıcıların sayının kökaltısı qədər "şəxsi ət"in toplanacağı "Məhsul"un heç bir faizi dolmayacaq.
Hafiz Hacıyevə yaxşı ki, mitinq keçirməyə izn verilməyib, yoxsa and içmişdi ki, orada qan düşəcəkdi. Kişi bir dəfə mitinq keçirdi, at nalbəndə baxan kimi camaat da bir-birinin üzünə baxırdı, kimə çırtma vursa idin, dədənə ot qoyardı. İndi tutaq ki, Hafizin mitinqi olsa idi, camaatı üstünüzə qovsaydı, qabağında dayamaqmı olardı?