Çörək Allah tərəfindən insanlara verilən ən müqəddəs nemət olduğu kimi, həm də ən çox işlənilən qida məhsuludur. Görünür ən çox işlənilən qida məhsulu olduğuna görə çörək həm də müqəddəsləşdirilib. Hətta müqəddəs Quranla eyni səviyyədə saxlanılmaqdadır çörək...
Ancaq bir amil də mövcuddur ki, həmin amil arxasında halal-haram məsələsi dayanır. Xüsusilə, azərbaycanlılarda "halal çörək", "haram çörək" deyilən bir anblam var. Əgər çörək alın təri, zəhmətlə qazanılırsa, yaxud da zəhmətlə çalışan istənilən bir kəs qazandığı çörəyi digərlərinə verirsə, bu, halal çörəkdir. Yox, çörək digər yollarla, aldadılmaqla, şantajla, qərəzlə, yalanla əldə edilirsə, demək, həmin çörəyin müqəddəsliyindən əsər-əlamət qalmır və o dönüb olur haram çörək. Məsələn, bu gün özlərini müxalifətin aparıcı qüvvələri hesab edənlərin böyük əksəriyyəti haram çörək yeməklə yanaşı, öz övladlarına da bu haramı yedirtməkdədirlər. Beləliklə, bu haramçılıq onların qanlarına bulaşır, sıçrayır, hopur və s.
Götürək Əli Kərimlini. Çox adam bilir ki, bu fərd siyasi arenaya girəndən üzü bu yana halal çörək yeməyib. Onun qazancı, pul-parası haramçılıq üzərində qurulub. Ona görə də çörək alanda da həmin çörəyə halal pul ödəyə bilmir. Yəni məsələnin daha dərinliyinə getmək istəməyərək, onun "gül balasının" Brtitaniyada pullu ali təhsil almasını və həmin ödəmələrini bank maxinasiyaları, ölkənin milli-dövlətçilik maraqlarını satmaq amilləri ilə reallaşdırmasını göstərmək istərdim. Adamdan soruşarlar ki, ay Əli Kərimli, əcəba, sən adi partiya sədri ola-ola həmin pulları necə ödəyirdin? Cangüdənlərini, ev-eşiyini, bağ-bağatını, dərman biznesini, Fransadakı biznesini necə yüksəldirsən? Halal pulla?! Hala çörək yeməklə?! Yəni bu barədə çox danışılıb, yazılıb və keçirəm məsələnin o biri tərəfinə...
"Milli Şura"nın sədri Cəmil Həsənli də durub bu yandan deyir ki, o, halal adamdır (?!-R.). Yaxşı, tutaq ki, ay Cəmil Həsənli, sən halal adamsan. Onda nəyə görə növbəti dəfə deputat seçilmədiyinə görə, tüpürdüyün yerə geri döndün və yediyin halal çörəyə şıllaq atdın? Bunun nəyinə halallıq demək olar axı?! Əgər sən həqiqətən də halal adamyıdınsa, hətta millət vəkili seçilmədiyindən sonra da vaxtilə səhv yolda olduğunu deyib haqq tərəfə keçdiyin yolunda - halallıq yolunda qalardın. Bu dövləti ayaq üstündə saxlamağı bacarmış Dahi Lider haqqında kitablarını yazmağa davam edərdin! Daha ortaya düşüb özündən findi-firüş İran mollaları sayağı idafələr səsləndirməklə millətin zəndeyi-zəhləsini aparmazdın.
Bilirsiniz, dəyərli oxucular, əslində, bu köşəmi yazmağa məni bir amil vadar etdi. O günləri Milli Məclisdə hörmətli deputatlarımızda biri durub və həqiqəti deyib ki, "mən Prezidentin çörəyini yeyirəm". Qardaş, məgər səhv deyir? Axı bu ölkənin Prezidenti var, bu ölkəni idarə edən şəxsiyyət var ki, o da bizim, hər bir azərbaycanlının dövlət başçısıdır. Bu gün Onun xalqı üçün gördüyü işlər sayəsində istər millət vəkili olsun, istər fəhlə olsun, istər media mənsubu, istərsə də həkim, müəllim və s. peşəyə sahib olan insanlar olsun, onların hər biri ilk növbədə Cənab Prezidentin çəkdiyi zəhmətlər hesabına öz halal çörəklərini qazanırlar. Yəni bu faktor - "mən Prezidentin çörəyini yeyirəm" faktoru həqiqətən də çox düzgün bir ifadədir. Axı O, bugünkü Azərbaycanı bu qədər yüksək səviyyəyə, inkişaf və tərəqqiyə gətirib çıxarmasaydı, biz müqəddəs çörəyi yeyə bilərdikmi? Əsla, yox! Əgər Azərbaycan parçalanıb xarici qüvvələrin əlaltısına çevrilsəydi, artıq hər kəs ingilisin, fransızın, almanın çörəyini yeyəcəkdi. Həmin çörək isə canına sinə, ya da sinməyə!
Yəqin "mən Prezidentin çörəyini yeyirəm" ifadəsi ona görə Cəmil Həsənlini narahat etməyə başladıb ki, o ingilisin, amerikalının, fransızın, almanın, hətta erməninin çörəyini Azərbaycanın çörəyindən üstün tutur. Bu baxımdan, özündən əndrəbadi-əndrəbadi düşük, kimsəyə həzz verməyən ifadələrini irəli sürür. Ona görə də yaxşı olardı ki, "mən Prezidentn çörəyini yeyirəm" ifadəsini bəyənməyənlər elə bəri başdan etiraf etsinlər ki, onlar elin gavurunun çörəyini daha üstün tutaraq, haram çörək yeməklə məşğuldurlar. Bu zaman haram xoşları da olsun!