Bu siyasət deyilən məsələ elə bir şeydir ki, həqiqətən də onun nə dalı, nə də ki, qabağı görünmür. Ümumiyyətlə, siyasətin hansı cinsdən olduğu da məlum deyil. Yəni vaxtilə normal siyasət deyilən bir amili bu gün çox pis vəziyyətə salanlar var. Belələri olmasaydı, siyasət elə normal siyasət kimi də qalacaqdı. Yaxşı, bəs siyasəti bu hala salanlar kimlərdir? Əvvəla, onu deyim ki, iqtidar tərəfdə belə şeylər yoxdur. Çünki iqtidar nəmxuda 20 ildən artıqdır ki, öz dəyişilməz siyasətini aparır. Ancaq iqtidardan fərqli olaraq, müxalifət tərəfi ümumiyyətlə, siyasət apara bilmir və siyasətin nə olduğunu ümumiyyətlə, qanıb-qandırmır. Nə etsinlər, axı siyasətlərini özləri deyil, başqaları yürüdür! Belələrinə isə siyasətçi yox, siyasətbaz deyilir.
Ancaq diqqət yetirsək onu da görərik ki, müxalifət siyasətbazları arasında hər cür insana rast gəlmək mümkündür. Boş-boş vədlər verən, uydurma, həqiqətə uyğun olmayan, boğazdanyuxarı çıxışlarla dividend qazanmağa çalışan, keçmişi olmayan, bu günü müəmmalı, sabahı isə görünməyənlərə müxalifətdə çox rast gəlmək olur. Ancaq nə olsun ki? Bütün bu kimi hallara baxmayaraq, həmin siyasətbazlar özlərini cəmiyyətə tam fərqli formada təqdim etməyə, yəni əslində olduqlarından fərqli görünməyə can atırlar. Bu tip siyasətbazların iddiaları isə reallıqla heç cür üst-üstə düşmür. Çünki onlar potensiallarını düzgün qiymətləndirmədən daim qədərindən artığına yiyələnməyə çalışırlar. Buna misal kimi, Əli Kərimlini, İsa Qəmbəri, eləcə də onların yan-yörələrində olan siyasətbazları göstərmək mümkündür.
Fəqət, bu harasıdır ki?! Bu gün siyasi arenada "cırtdan" partiyaların sədrcikləri var ki, onlar danışanda adam lap mattü- məhəttəl qalır. Deyirsən ki, buna dağ versən, dağı ikicə dəqiqənin işində yıxıb-qoyar böyrü üstdə. Məsələn, VAMBP sədri Hacıbaba Əzimov, "Azadlıq" partiyasının sədri Əhməd Oruc, AXP sədri Pəhan Hüseyn qəbildən olanlar danışanda şəxsən məni xof basır. Hətta gecələr gözümə yuxu-zad da gəlmir. Qardaş, bir də görürsən ki, "cırtdan" partiyanın sədri elə "nəhəng" bəyanatlar verir, elə "ciddi" fikirlər irəli sürür ki, düşünürsən və deyirsən, belə getsə, bunlar "vot-vot" hakimiyyətə gələcəklər. Daha ona deyən yoxdur ki, ay filankəs, sənin ətin nədir, budun nə?! Sən hara, siyasət hara...Yəni onların əsas amalı siyasətlə-filanla məşğul olmaq yox, məhz daha çox gəlir əldə etmək, qrantdan-filandan qazanıb cibişdana ötürməkdir.
Baxın, bu ilin dekabr ayında ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Görünən isə budur ki, ənənəvi müxalifətdəki siyasi partiyaların böyük əksəriyyətinin bu seçkilərə zərrə qədər də olsun marağı yoxdur. Yəni ötən bələdiyyə seçkilərində olduğu kimi, müxalifət siyasətbazları bu dəfə də bələdiyyə seçkilərinə əhəmiyyət vermirlər. Hansı ki, bələdiyyə seçkiləri də digər seçkilər kimi siyasi mübarizə aparmaq üçün kifayət qədər önəm daşıyır. Ancaq digər fakt da budur ki, bələdiyyə seçkilərində iştirak edərək uduzan siyasətbazlara nə Qərb, nə də erməni lobbisi dəstək göstərməyəcəklər. Çünki onlara qrant ayıran xarici qurumları parlament və prezident seçkiləri daha çox narahat edir. Fəqət, bu siyasətbazlar da ümidlərini dikiblər 2015-ə. Sanki 2015-də Qərb əmiləri bunlara şirinquş verəcək. Ancaq onu da soruşmaq lazımdır ki, ayə, ay binəvalar, axı bu günə qədər minlərlə şirinquş sorub hansı qələti eləmisiniz ki, indi də bələdiyyə seçkilərinə əhəmiyyət verməyib, parlament, prezident seçkilərinindən dəm vurursunuz?! Məgər siz siyasətçi-zadsınız ki?!