PDF Oxu

Köşə

  • 1 875

İSA QƏMBƏRİN PROQNOZU

İSA QƏMBƏRİN PROQNOZU

Müsavatdakı vəziyyətin kəllə-mayallaq olması, hətta vəziyyətin naqolay dərəcədə düzəlməməsi artıq faktdır. Hətta elə bir faktır ki, daha bunu o yana-bu yana fırlatmağa da ehtiyac qalmır. Haraya çevirirsən-çevir, hansı yönə səmtləyirsənsə-səmtlə, görünən odur ki, hələ ötən il ağızdolusu Məhəmməd Əmin Rəsulzadənin Müsavatı adlandırılan,100 yaşının olduğu iddia edilən və heç də belə deyil, əslində İsa Qəmbərin Müsavatı olan bu partiya kökündən laxlayır. Laxladanlar isə heç də hakimiyyət-filan deyil, elə müsavatçıların özləridirlər.

Ancaq öz aramızdır, bu partiyanın eks-başqanı İsa Qəmbər hələ başıbəlalı qurultay kelirilməmiş bəyan etmişdi ki, qurultayda qəbul ediləcək qərarları qəbul etməyən müsavatçılar olacaq və təşkilatdan istefaların olacağı da istisna edilmir. Heç olmasa, İsa Qəmbər gethagetdə bir düz-əməlli proqnoz verməyi bacardı. Yəni ki, dediyi düz çıxdı. Müsavatdan kiçik-xırda istefalar olub, amma "akulalar"ın istefası baş verəndə həmin proqnozun nəticəsi 100 %-i vurmuş olacaq. Çünki istefaların çoxusu lap yaxındadır.

Narazıların hələ bir ay öncə ehtiyatlı açıqlamalar verməsi, Müsavatın bütövlüyünün qorunmasının əsas prinsip dəyəri oldğunu bəyan etməsi, yeni başqan Arif Hacılının, onun əziz-xələf qardaşı Mustafa Hacıbəylinin, müavinləri olan Gülağa Aslanlının, Səxavət Soltanlının və başqa tərəfdarlarının çox yavaşcıl bəyanatlar səsləndirməsi belə qənaətə gəlməyə zəmin yaradırdı ki, bu ehtiyatlı, yavaşcıl açıqlamaların, bəyanatların dalğası sonradan yaman güclü gələcək... Gəldi də!

Baxın, artıq Səxavət Əlisoy, Vurğun Əyyub, Tural Abbaslı Qubad İbadoğlunun tərəfdarları qismində partiya rəhbərliyini AVTORİTAR REJİM, ANARXİK İDARƏÇİLİK, REPRESSİYA TÜĞYANI və s. adlandırırlar. Hansı ki, biz iqtidar jurnalistləri öz köşə yazılarımız və məqalələrimizdə bu barədə neçə illərdir ki, yazmaqdayıq. Hətta yazmaqdan barmağımızın ucları döyənək olub. Məhz həmin dönəmlərdə bu gün Müsavatı avtoritar, anarxiya, repressiya kimi qələmə verənlər ağızdolusu demokratik partiya idarəçiliyindən dəm vururdular. Onda məndə belə bir sual yaranır ki, əşşi, əgər bu Müsavat rəhbərliyi hər zaman, həqiqətən də demokratik dəyərləri üstün tutaraq, idarəçilik mexanizmini bu yöndə istiqamətləndirirdisə, onda hazırkı hay-küy nədən yaranıb? Axı demokratik mühitdə belə zadlar baş verməməliydi! Ancaq gördüyümüz kimi baş verməsi nədir, hətta çərçivədən çıxaraq həddini belə aşır. Narazılarla razılar arasındakı təhqir, söyüş, ittiham, qarayaxma, böhtan, şər-şəbata, şantaj, ən nəhayəti isə sabotaj vurub çıxıb kəlləçarxa. İndi məsələ qalıb Müsavatın bundan sonrakı taleyinin necə olmasına. Çünki İsa Qəmbər təzədən başqanlığa gedəsi deyil. Getsə belə, bu addım partiyanın anti-demokratikliyini daha da açıq formada nümayiş etdirəcək. Bu zaman partiyanın taleyi qalıb Allaha. Allah qurban olduğum da belə görünür ki, Müsvatı yaddan çıxarıb. Ancaq yenə də öz aramızdır haaa, İsa Qəmbər başqan olarkən, qurultaydan sonra baş verəcək olayları yaman düzgün proqnozlaşdırmışdı. O da öz aramızdır ki, İsa Qəmbər həmin proqnozlarını irəli sürərkən, tərtib etdiyi planlarının bu qədər tez reallaşacağını da bilmirdi...

Digər xəbərlər