PDF Oxu

Köşə

  • 2 145

MÜSAVATDA "QURDLULAR" VADİSİ SSENARİSİ

MÜSAVATDA "QURDLULAR" VADİSİ SSENARİSİ

Müsavat partiyasında baş verən proseslər çərçivədən çıxdıqca, orada səslənən müxtəlif fikirlər də müəyyən mənada istehzalar doğurur. İstehzalara səbəb isə uydurma halların, adların və psevdonimlərin müsavatçılar tərəfindən gerçəklik kimi təqdim olunmasıdır. Məsələn, partiyada baş verən səsli-küylü istefalardan sonra, yəni "qaymaq müsavatçılar" kimi təqdim edilən tərəflərin Arif Hacılının başanlıığına etiraz əlaməti qismində irəli sürdükləri fikirlərdən sonra məndə belə bir təəssürat oyanmağa başlayıb ki, bunlar həqiqətən də reallığa deyil, məhz uydurmalara əsaslanırlar. Qardaş, belə baxanda, pis-yaxşı seçki keçirib başqanlarını seçiblər. Hətta başqan seçildikdən sonra, bu gün onun (Arif Hacılının-R.) rəhbərliyini qəbul etməyənlər seçkinin nəticəsini tanıdılar. Yəni dolayısı ilə olsa belə, Hacılının başqanlığını tanıdılar. Buna misal kimi isə narazılar qrupuna başçılıq edən Qubad İbadoğlunun fikirlərini göstərmək olar. Düzdür, Səxavət Əlisoy, Hikmət Hacızadə, Vurğun Əyyub, Əlövsət Talşxanlı və başqaları elə başabəla qurultaydan dərhal sonra seçkinin nəticəsini saxta adlandırdılar. Amma fakt budur ki, Qubad İbadoğlu bir müddət susqun qalmağa üstünlük vermişdi. Sadəcə, sonradan onun da səsli-küylü bəyanat verməsi vəziyyəti daha da gərtginləşdirməyə başladı. Başladı və...

Və o günləri Səxavət Əlisoy durub-durub elə bir fikir səsləndirdi ki, adamın lap matı-qutu qurudu. Bu məsələyə qayıtmamışdan öncə isə bir xatırlatma etmək istərdim. Yəqin ki, bir çoxlarınız Türkiyədə 2004-cü ildən bugünə qədər yayımlanan "Qurdlar vadisi" serialına baxmısınız. Həmin serial başlayanda təxminən, belə bir fraza yazılır - "Bu serial tamamən xəyal məhsulundan ibarətdir və gerçəkliyi əks etdirmir".

Ancaq gəl gör Səxavət Əlisoy "Qurdlar vadisi"ni nə təhər gətirib məharətlə Müsavata sırıyıb və bunu gerçəklik kimi qələmə alıb. Məsəlçün, həmin serialda "dərin dövlət", "ağsaçlı" kimi imitasiyalar var və təbii ki, heç bir reallığı əks etrimir. Fəqət, Səxavət Əlisoy deyir ki, oyuncaq başqan (Arif Hacılı-R.) "ağsaçlı"nın məsləhəti ilə onu və Əlövsət Talışxanlını partiyadan kənarlaşdırmalı, sonra da digər narazıları qorxutmaq üçün Vurğun Əyyubu və Qubad İbadoğlunu cəzalandırmalı idi. Onun sözlərinə görə, Hikmət Hacızadənin daha öncəki narazılıqları partiya rəhbərliyini taktikanı dəyişdirməyə vadar etdi: "Məni partiyadan xaric edib, Əlövsət bəyə töhmət elan etdilər. Bununla Hikmət bəyi fikrindən döndərəcəklərini düşündülər. Onların planı gerçəkləşmədi. Töhmətə layiq gördükləri Əlövsət Talışxanlı Hacılını başqan saymağı qüruruna sığışdırmadığı üçün istefa verdi. Daha sonra Hikmət Hacızadə Hacılı dəstəsini intizarda qoymayaraq istefa bəyanatını açıqladı".

Əslində, Səxavət Əlisoy haqlıdır. Daha dəqiqi, o məsələdə haqlıdır ki, Arif Hacılı əlində olan bütün resurslardan istifadə etməklə, onu və digərlərini partiyadan kənarlaşdırdı. Sən demə, hələ İsa Qəmbər Müsavat partiyasının başqanı olarkən, partiyanın "ağsaçlı"nın məsləhəti ilə idarə olunması məsələsi gündəmə gəlmişdi. "Dərin dövlət"in üzvləri sırasında ən çox adı hallanan tərəf isə Türkiyədə "Azərbaycan Kültür Dərnəyi"nin başqanı Cəmil Ünaldır. Əlisoy onu da iddia edib ki, Cəmil Ünalın məsləhətləri Müsavatda önəmli rol oynayır. Çünki başqanlığa keçmiş namizədlər qurultaydan öncə Cəmil Ünalla görüşərək xeyir-dualarını almışdılar. Cəmil Ünal isə seçkinin nəticələri ilə bağlı mübahisələrə, qarşdıurmalara və parçalanmalara baxmayaraq, qurultaydan bir ay sonra Arif Hacılını təbrik etməklə mövqeyini bəyan etdi və məhz bundan sonra partiyada narazılar dalğası sunami effekti verdi və istefalar başladı.

Demək, Səxavət Əlisoyun Müsavata "Qurdlar vadisi" teleserialından gətirdiyi misallar - "ağsaçlı", "dərin dövlət" amilləri həqiqətən də mövcuddursa, onda bəri başdan deyə bilərik ki, bu partiya heç də demokratik-filan deyil. Onun idarəçiliyi kənar qüvvələr tərəfindən davamlı təsirlərə malikdir. Belə olmasaydı, Türkiyədə oturub "kültür dərnəyi" idarə edən bir şəxs Azərbaycanda siyasi müxalifət partiyasına məsləhətlər verməzdi. Ona görə də Səxavət Əlisoy təkcə siyasi partiya təmsilçisi, həm də yazıçı olaraq, "Qurdlar vadisi"ndən gəritdiyi misalları elə-belə səsləndirməyib. Amma daha yaxşı olardı ki, Səxavət Əlisoy Müsavatda baş verənləri "Qurdlar vadisi" deyil, "QURDLULAR" VADİSİ kimi təqdim edərdi. Bax, onda onun iddialarının xəyal təəssüratı olmadığını reallığı əks etdirdiyini deyə bilərdik. Axı partiyada hazırkı situasiyaları təhlil edəndə, orada nə qədər "qurdluların" olduğunu görmək elə də çətin deyil...

Digər xəbərlər