Bu gün ölkədə kişik və böyük sahibkarlıq inkişaf edir. Özü də tam sürətlə. Yəni bu kimi inkişafın təməlində iqtisadi inkişaf amili dayanıb. İnsanlar müxtəlif iş strukturlarında sahibkarlıq amilinin müxtəlif istiqamətlərində fəaliyyət göstərirlər. Bunu hər kəs bilir. Amma hazırda mən iqtisadi inkişaf barədə yazmaq istəmirəm. Çünki mövzu başqadır. Mövzu budur ki, indi sahibkarlıq məsələsi o qədər inkişaf edib ki, hətta bəzi müxalifət partiyalarında da sirayət edib. Məsələn, bu gün ölkədə bir-birlərinə qənim kəsilən AXCP və Müsavat kimi partiyalar və onların rəhbərlikləri həmin təşkilatlara şəxsi biznes obyekti kimi baxırlar. Və bunu yalnız biz deyil, elə həmin partiyalarda fəaliyyət göstərən tərəflər də deyirlər. Götürək, uzun illərdir ki, Müsavatda canını qoyan müsavatçı Məhəbbət Muradovu. O günləri bu şəxs durub deyib ki, təmsil olunduğu təşkilat siyasi qurum deyil, məhz İsa Qəmbər və Arif Hacılı tərəfindən obyektə çevrilmiş biznes, gəlir mənbəyidir. Təbii ki, bu fikirləri M.Muradov elə-belə deməyib. Çünki ortada dha bir ilginc məsələ dayanıb. Belə ki, M.Muradov da partiyanın köhnə və yeni rəhbərliyinin əməllərini ifşa etdiyi üçün Müsavatdan qovulub. O, bunu belə izah edib: "Mənim məhkəməyə şikayət edəcəyimdən qorxaraq partiyaya üzvlüyümü bərpa etdilər. Daha sonra əvvəl olduğu kimi nizamnamə pozuntusuna gedərək bərpa qərarını ləğv etdilər".
Bu arada, xatırlatmaq yerinə düşərdi ki, oktyabrın 22-də M.Muradov özünü iştirakı olmadan Qubadlı rayon təşkilatının qərarı ilə partiyadan uzaqlaşdırılıb. Bir neçə gün öncə rayon təşkilatının qərarı ilə yenidən partiyaya üzvlüyü bərpa olunub. Bu qərardan bir gün sonra yenidən üzvlüyü ləğv edilib (?!-R.) Rayon təşkilatının sədri Nazim Əliyev bunu M.Muradovun sosial şəbəkələrdə partiya yoldaşları haqda aşağılayıcı fikirlər səsləndirməsi ilə əsaslandırıb.
M.Muradov isə bunu təkzib edir. Onun sözlərinə görə, yazdığı fikirlərin heç birində heç kimin adı çəkilmir və heç kimə qarşı aşağılayıcı fikirlər səsləndirməyib. "Qubad İbadoğlunun təşəbbüsü ilə mənim müdafiəmlə bağlı kampaniya başladılmışdı. Həmin kampaniyaya 500-dən artıq müsavatçı imza atdı. Onlar gördülər ki, bu kifayət qədər güc deməkdir və mənim məhkəməyə şikayət edəcəyimdən çəkinərək rayon təşkilatının sədrinə bərpa olunmağımla bağlı göstəriş verdilər. Bir növ Nazim Əliyevə "nə qələt etmisənsə, düzəlt" göstərişi verildi. Mən Nazimlə uzun illər yaxın olmuşam. Hətta ailəvi dostluq münasibətimiz də olub. O əlildir və buna görə mən əlillə qarşı hansısa söz demək istəmirəm. Ümumiyyətlə mən əlillərlə mübarizə aparmıram. Amma o savadsızdır, traktorçu olaraq işləyir və nə nizamnamədən, nə məramnamədən başı çıxmır. Ona deyiləni edir. Müsavatın hazırki rəhbərliyi istəyirdi ki, etdikləri səhvi düzəltsin, amma bu dəfə də nizamnamə pozuntusuna getdilər və özlərinin qərarını özləri ləğv etdi. Çünki mənim partiyada olmağım onlara sərf etmir.
Mən ömrü boyu Müsavatda müxalif olmuşam. Bütün qanunsuzluqlara qarşı çıxmışam. Mən olduğum müddətdə də o təşkilatda nizamnamədən kənar heç bir addım atıla bilməzdi. Ona görə də belə etdilər. Hələ 22 oktyabr qərarında nizamnaməni pozmuşdular. O vaxt mənim iştirakım olmadan, xəbərdarlıq, töhmət və uzaqlaşdırma etaplarını gözləmədən çıxarılan qərar qanunsuz idi. İndi də eyni qanunsuzluqlarını davam etdirirlər. Bu yollarla məni əngəlləmək, siyasi fəaliyyətimə kölgə salmaq istəyirlər. Lakin bu baş tutmayacaq...Bu gün İsa Qəmbər, Arif Hacılı Müsavata obyekt kimi baxır. Mən illərlə İsa Qəmbərə xidmət etmişəm. Lakin heç vaxt ona qarşı namərdlik etməmişəm. Bu gün mənim Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatında olmağım onları narahat edir. ADR yaxın günlərdə daha da genişlənəcək və hazırkı Müsavatdan qat-qat güclü bir təşkilata çevriləcək".
Bax, məsələ də budur! Məsələ budur ki, uzun illər canını bu partiyanın yolunda qoyan, döyülən-söyülən bir müsavatçı həmin xidmətlərinə görə dalından təpik vurularaq atılır çölə. Lap Amerikadakı sahibkarların fəhlələri qovduqları kimi.
Bütün bunlar isə bir daha onu göstərir ki, artıq Müsavat partiyası deyilən bir qurum-zad qalmayıb. Qalsa belə, bu qurumun adı "Müsavat" adlı obyektdir!.
RƏFİQƏ