Son günlər Müsavat partiyası gənclər təşkilatında baş verən qalmaqallar səngimək bilmir. Əslində, qurultayöncəsi partiya daxilində belə bir situasiyanın yaşanması adıçəkilən təşkilata müsbət heç nə vəd etmir. Çünki qurultayöncəsi də və bu gün də hər kəs çox gözəl gördü ki, İsa Qəmbərin qatarı doğurdan da çoxdan gedib və partiya daxilində bu kimi münaqişələrin yaranmasında, daha dəqiq desək, yaradılması arxasında digər başqanlığa namizədlər seçkiöncəsi işlərini ehtiyatlı tutdular. Məsələn, Arif Hacılı özünə yaxın olan gənclərə "fitil" qoyaraq vəziyyətin gərginləşməsinə səbəbkar olub. Yəni Hacılı qabaqcadan ehtiyat tədbirini görüb ki, birdən İsa Qəmbər başqanlıqda qalmaq üçün yeni cəhdlərə əl ata bilər. Bu, anlaşılandır. Çünki bəllidir ki, Arif Hacılı nəyin bahasına olursa-olsun, buna imkan verməyəcək və buna da nail oldu.
Lakin ortada daha bir vacib amil də mövcuddur. Müsavatın gənclər təşkilatından kütləvi istefalar indi də davam edir və gənclər hər nə qədər siyasi fanatizmin, şəxsi mənfəətlərin qurbanları olsalar da, reallığı görə bilməyə başlayıblar. 24 ildir ki, bu insanlar müxalifət düşərgəsində çürüyürlər. Neçə illər bundan qabaq müxalifətə gənc kimi gələnlər artıq qocalıblar. Bu müxalifət üçün qorxulu tendensiyadır. Həmin illər ərzində heç bir uğur əldə edə bilməyən müxalifət "liderlərli" gəncləri ətrafına toplamaqla nəyəsə nail ola bilmirlər. Təbii ki, Əli Kərimli və İsa Qəmbərin uğursuzluqları həmin partiyaların gənclər təşkilatlarına sirayət etməli idi. Həmin gənclər isə heç vaxt sədrlər tərəfindən irəli çəkilməyiblər. Gənclər təşkilatı sədrləri fəaliyyətlərini yalnız yaxın ətrafı ilə məhdudlaşdırmaq məcburiyyətində qalırlar. Digər tərəfdən, müxalifət "liderləri" ətraflarına beyni qanlı və siyasi savaddan uzaq gəncləri cəlb edirlər. Müsavat divanının üzvü, partiyanın gənclər təşkilatının keçmiş sədri Tural Abbaslı və AXCP sədri Əli Kərimlinin müavini, "cəbhə" gənclər təşkilatının eks-sədri Əbülfəz Qurbanlı da eyni kateqoriyaya daxildilər. Ona görə də, müxalifət partiyalarında mənəvi aşınmalar yaranır. Bu gün gəcnlərin müxalifət düşərgəsindən imtina etmələri təbii və gözlənilən hadisələrdəndir. Onlar elə bir mərhələdədirlər ki, siyasi mövqelərini dəyişmək üçün heç bir yer qoymayıblar. Müxalifət partiyalarından gedən gənclər daha çox neytral qalmağa üstünlük verirlər. Hədəfi, ideologiyası olmayan, siyasi "lideri" Əli Kərimli və İsa Qəmbər səviyyəsində olan müxalifətdə dağılmaq mütləq olacaq. Bu gün müxalifət daxilində baş verənlər tamamilə məntiqlidir.
Beləliklə, istər Müsavat, istərsə də AXCP-də baş verən etirazlar nəticə etibarilə hər iki partiya "liderlərini" mat vəziyyətinə qədər sürükləyib. Bu sürükləmə isə bir reallığı təsdiq edir - müxalifətçi gənclər "liderlərindən" birdəfəlik üz çevirməkdədirlər. Çünki onlar bu "liderlərə" nifrət edirlər.