Elza Seyidcahanın "İlin şairəsi" adını aldığı bir zamanda yaşayırıq. Günah heç bu zavallı Elzada da deyil, ona bu adı verib Məhsətinin, Natəvanın, Heyran xanımın, Mirvari Dilbazinin ruhunu narahat edən şıdırğı "mətbuat" orqanındadır ("İntervyu" jurnalı) günah...
Bir sözlə, Elza Seyidcahan yazdığı bu şeirlərlə ədəbiyyatımızı zorlamağı da yaxşı bacarmayıb. O, sadəcə ədəbiyyata, poeziyaya kərkinməklə məşğuldur. Elzanın bütün cızma-qaralarına, söz tullantılarına görə Hüseyn Caviddən, Bəxtiyar Vahabzadədən, Ramiz Rövşəndən üzr istəyirəm, onlardan xahiş edirəm ki, Elzanın ədəbiyyatımıza gətirdiyi bu "yenilikləri" oxuduğuma görə məni əfv etsinlər. Ey Nizami, ey Füzuli, Ey Nəsimi, ey Sabir, başınız sağ olsun, axır qəminiz və ədəbiyyatımıza böyük keçmiş olsun.
Elzanı tanıyandan bəri o bircə fəhlə olmayıb. Elza bəstəkardır, müğənnidir, heyvanların dostudur, hər şeydir. Hətta akademikdir, "kandidat naukdur", böyük sərkərdədir, dülgərdir, pinəçidir, çörəkçidir, çəkməçidir, sürücüdür və sonda şairədir. Sarkisyana yazdığı şeirdən sonra başa düşdüm ki, Elza şeirləri ilə Qarabağı da alıb bizlərə qaytaracaq. Kişilərimizin başına onsuz da hava gəlmişdi, amma qadınlarımızın Elza olacağını heç düşünməzdim.
Elzadan sitatlara fikir verək, görün nələr deyir: "Mən Nizami kimi dahiyəm və unudulmayacam", "Sarkisyan məni məhkəməyə verəcək", "Bütün dahiləri vaxtında qəbul etmirlər", "Oğlum mənə dedi ki, ay ana nolar, heyvanlara konsert vermə", "Mənim şeirimi Nəsiminin şeiri ilə səhv salmışdılar" və sairə və ilaxır... Şərh vermək olmur, qızara-qızara yazıram bunları. Yazıq Nəsimi... Sifətində Allahın təcəlla tapdığı, "Ənəlhəqqin sirri" olduğu Nəsimi indi Elza Seydcahanla səhv düşürmüş. Binəva Nizami... Hər misrasına bir ömür sərf edən Nizami kimi Elza da ölümsüz imiş.
2015-ci ildə deputat da olmaq istəyir. Deyir ki, mən siyasətin anasıyam. İlahi, gürcülər demişkən, bu qədər "zay-zoyu" ifadələri, fikirləri görəsən harasından çıxarır bu insan! Təsəvvür edin, Elza deputatdır və nümayəndə heyətinin tərkibində BMT-də çıxış eləyir, danışmağa başlayır. İnanın, əgər belə olsa, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini ləğv edib Cəlilabada qoşun yeridəcək və beləcə Elza tarixdə qalacaq...
P.S. 30 misralıq şeirinin 29 misrası "ay, oy, vay, hey, tak-tuk" səslərindən ibarət olan Elzadan yazmağa həyam tükəndi. Di, salamat qalın!