Kimsəyə sirr deyil ki, bu gün də ölkəmizdə bəzi qruplar xalqımızın, dövlətimizin əldə etdiyi uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək bu nailiyyətin üstünə kölgə salmaq, onu qaralamaq üçün bütün güclərini səfərbər edirlər. Hələ bu da azmış kimi, Azərbaycanın düşmənlərilə sıx işbirliyi quran bu qruplar ölkəmizin imicini ləkələməyi də özlərinə "borc" bilirlər. Belələri konkret olaraq, ermənilərlə bir masada oturub Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zərbə vurmaq, ona qara yaxmaq planları çızırlar. İfşa olunduqdan sonra isə dönüb-olurlar bəzi dairələrin "mübariz qəhrəmanlarına". Üstəlik dərhal "siyasi məhbus" olub, bunu bütün dünyaya car çəkirlər. Məsələn, Leyla Yunus və onun əri Arif Yunus məhz bu qrup insanlara aiddir.
Daha bir məqamı da xatırlayaq. Məsələn, Ermənistanın "Erkramas" qəzeti Leyla Yunusun bir açıqlamasını yayarkən, saxta hüquq müdafiəçisinin maskası yırtılmışdı. Həmin açıqlamasında Leyla Yunus demişdi ki, 2013-cü ilin yanvar ayında Bakıda və Yerevanda ilk erməni-Azərbaycan birgə internet veb-saytı rəsmi təqdim olunacaq. Onun sözlərinə görə, "İctimai müzakirələr" adlanan bu internet resursu iki QHT-nin - Sülh və Demokratiya İnstitutunun və Ermənistanın "Region" Araşdırmalar Mərkəzinin uzun illərlə davam edən əməkdaşlığının nəticəsi olaraq ortaya çıxıb. Hətta o zamankı əməkdaşlığın nəticəsində Böyuk Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyilə yeni birgə sayt da yaradılmışdı. Layihə qarşı tərəflə bağlı məlumatların araşdırılması, ermənilər və azərbaycanlılar arasında qarşılıqlı anlaşmanın ilk əldən təsdiqlənməsinə xidmət edirdi. Sayt açılan kimi azərbaycanlı və erməni jurnalistlər "İrs" partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edib. Raffi Ovannisyan xəyal dünyasına o qədər qapılıb ki, Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasından, mehriban qonşuluq münasibətlərindən dəm vurub. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər Raffi Ovannisyana münaqişə ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkilərilə bağlı suallar veriblər. Əlbəttə ki, indiki yazımızın əsas mövzusu Ovannisyanın avamlığı haqqında deyil. Burada bir daha Leyla Yunusun və ərinin Arif Yunusun hansı xislətə malik olduqlarını nümayiş etdirməkdir. Bütün bu kimi çoxsaylı faktlardan sonra Leyla Yunus hələ də özünü "haqlı" hesab edir. Bu da azmış kimi, ermənipərəstliyilə özünə haqq qazandırır.
Leyla Yunus həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış Yunuslar ailəsi və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq, beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. Çox uzağa getmədən "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində ermənilər və anti-Azərbaycan dairələri üçün kifayət qədər material ötürürdü. Məhz o zaman qərəzli qrupların dəstəyilə Leyla Yunusun rəhbərliyi altında yarışmanın reallaşmaması üçün fəaliyyət başlamışdı. Elə bu cür "xidmətlərinin" müqabilində aldığı külli miqdarda vəsait hesabına, o, müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olub.
Avropa Yay Oyunları ərəfəsində də eyni hal təkrarlanır. Göründüyü kimi, Leyla Yunus və əri Arif Yunus Azərbaycanın milli maraqlarının təhlükə qarşısına atılması müqabilində şəxsi mənafeyini realizə etmək kimi "müqəddəs" missiyanı üzərilərinə götürüblər. Onlar üçün fərqi yoxdur kim-kimdir: istər azərbaycanlıların qatili olan ermənilər, istərsə də qeyri-ermənilər. Təki onların maliyyəsi verilsin və maraqları təmin olunsun. Amma hara qədər, bax bunu zaman göstərəcək.
P.S. Heç bir azərbaycanlı Vətənin və xalqın maraqlarını satmaz. Bunu yalnız Leyla Yunus və onun əri Arif Yunus, həmçinin dağıdıcı müxalifət təmsilçiləri edə bilərlər. Necə ki, indi də bu çirkin yoldadırlar.