PDF Oxu

Köşə

  • 1 812

İsa Qəmbər yenə ofsaydda qaldı

İsa Qəmbər yenə ofsaydda qaldı

Siyasi gündəmdə qalmaqdan ötrü özünə Milli-Strateji Düşüncə Mərkəzi (MSDM) yaratmış sabiq Müsavat başqanı İsa Qəmbər hələ bir neçə gün öncə təm-təraqla bəyan etmişdi ki, MSDM-in toplantısı keçiriləcək. Özü də uzun müddət toplantı-filan keçirməyən İsa Qəmbər məlum iqtisadi məsələlərdən dərhal sonra ortaya çıxıb. Guya həmin toplantıda "iqtisadi böhran və ondan çıxış yolları" müzakirə ediləcəkmiş. Ancaq sonradan bəlli oldu ki, İsa Qəmbər həmin toplantısını düz-əməlli keçirə bilməməklə yanaşı, həm də ofsaydda qalıb.

Məsələn, xatırladaq ki, Müsavat partiyası və "El" Hərəkatı hələ "Milli Şura"dan çıxdıqdan sonra siyasi gündəmdə qalmaq üçün Milli- Strateji Düşüncə Mərkəzi adlı qurum yaratdıqlarını elan etdilər. Hətta bildirildi ki, mərkəz ayda bir dəfə aktual məsələlərlə bağlı dinləmələr təşkil edəcək. Sonradan isə bəlli oldu ki, "El" Hərəkatı bu prosesdə iştirak etmək istəmir. Elə bu səbəbdən Eldar Namazov qısa zamanda bu qurumun tədbirlərində görünmədi. Dolayısı ilə mərkəzdə olmadığını nümayiş etdirdi. Onun arxasınca isə hərəkatın əsas simalarından olan Köçəri Nağıbəyli toplantılarda gözə dəymədi. "El" Hərəkatından yalnız mərhum Zəfər Quliyev bu proseslərdə iştirak edirdi.

Sabiq başqanın iqtisadi məsələlər üzrə müavini olmuş Qubad İbadoğlu da bu mərkəzdə təmsil olunurdu. Lakin Müsavat partiyası daxilində baş verən məlum olaylardan sonra İbadoğlu da mərkəzin toplantılarına qatılmır və İsa Qəmbərə etirazını həm də bu şəkildə ifadə edir. İş ondadır ki, Milli-Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərdir. İsa Qəmbər bu yolla siyasətdə qalmaq və qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətindədir. Ancaq müşahidələr göstərir ki, İsa Qəmbər bir il əvvəl yaradılan Milli-Strateji Düşüncə Mərkəzinin üzvlərinin çoxunu artıq itirib.

Yeri gəlmişkən, mərkəzin digər üzvləri də, ümumiyyətlə, onun toplantılarına qatılmırlar. Keçirilən iclas isə göstərib ki, əslində, Milli-Strateji Düşüncə Mərkəzi adlandırılan qurum realda mövcud deyil və daha çox Müsavat partiyasının əlavəsidir. Məqsəd isə İsa Qəmbər üçün formal sədr postunu yaşatmaqdır. Amma yaşaya biləcəkmi? Biz bilən yox...

Digər xəbərlər