Son bir həftə ərzində Azərbaycan əhalisinin 95%-i siqaretdən danışır, qalan beş faizi siqaretin onları bitirdiyi insanlardılar ki, özləri də bilmirlər nə danışırlar. Bu 95%-in də 80%-i "Classic"ə keçib, bəyənmədikləri siqareti indi blokla alıb cehiz sandıqlarında gizlədirlər. Heç nə yox, "Kent-4"-ün qiymətinin süni şəkildə qalxması lap müsibət oldu. Əksər iqtisadçılar da ağıl dişi çıxarmağa başladılar. Qadınlar da elə bildilər ki, siqaret qalxdığına görə ərləri siqareti tərgizəcəklər. Ancaq əksinə oldu. Gün ərzində 1 manatlıq siqareti qarın ağrısı ilə alan kişilər indi həmin siqareti 1 manat 60 qəpiyə sevinə-sevinə aldılar.
Bəs qazanan kim oldu? Azərbaycanda əhalinin 40%-i siqaret çəkir, elə mən özüm də bu sıradayam. Bu say etibarilə 4 milyon nəfər deməkdir. Bunun da deyək ki, minimum 5%-i "Kent-4" çəkir, yəni 500000 nəfər. Bu siqaretin qiyməti süni şəkildə birdən-birə 70 qəpik qalxdı. Deməli, 500000 nəfər adam hər gün 70 qəpik əlavə pul ödəməli, bu pul da hansısa vicdanı çırtma çalan sahibkarın cibinə axmalıdır. Nə az, nə çox, minimum 350 min manat pul. Hələ bunun gün ərzində beş-altı qutu çəkənləri var. Bir sözlə, biz qorxmadıq, elə siqaretin özünün də tüstüsü başından çıxdı. Amma bunu kim etdisə, öz cəzasını aldı və bundan sonra yəqin ki, səhvi təkrarlamaz.
Lap deyək ki, manat düşdü, dollar qalxdı. Bunun bərbərə, çayçıya, corab satana nə dəxli var axı? Bir balaca şayiələr artan kimi bərbərlər saçı iki manat artıq qırxmağa başladılar. Çayçı dedi ki, mənim çayım ulu Hindistan dağlarından gəlib, corabçı satdığı corabları uçan xalçaya bənzətdi və sairə. Bölgələrdən də zənglər gəlirdi, evini manatla satanların çoxunu infarkt vurdu. Çox təəssüf... İstəyirsə, dollar lap qalxıb göyün üzündə dayansın, əgər sənin ölkəndə heç nəyin qiyməti qalxmayıbsa, özünü öldürməyin, infarkt olmağın heç yeri yoxdur. Vallah, düz deyirəm, əgər ərzağın qiyməti qalxmırsa, manatla maaş alıb manatla da ərzaq alırsansa, sənin üçün nə dəyişir axı?! 100 dollara "dırınqletini" sata bilməyən motorist indi onu 1500 manat verir, özü də deyir ki, dollar qalxıb.
Amma mənim özümü ən çox narahat edən bir çox iqtisadçıların fikirləri oldu. Bu ölkədə "peşəkar" müğənnilər qədər də "peşəkar" iqtisadçılar var imiş. Kimin ağlına nə gəldisə danışdı. Hərəsi qabağına bir kalkulyator qoyub başladılar vurub-çıxmağa. Ay qardaşlar, bu işi kalkulyatorla düzələn olsa idi, neftin qiyməti bu boyda düşməzdi. Belə olsa idi, dünyanın ən böyük və bahalı kalkulyatorlarını neft maqnatları alardılar.