Son zamanlar ABŞ-da və Qərbdə fəaliyyət göstərən bir sıra dövlət qurumları, o cümlədən dövlət institutları Azərbaycanla bağlı qərəzli, həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər və əslində, bu, birinci halda da deyil. Çünki ortada olan faktlar, yəni Azərbaycana, hakimiyyətə qarşı qərəzlər daha öncələr də baş verib. Hansı ki, biz Qərbin özündə insan haqlarının pozulması barədə demək olar ki, hər gün eşidirik.
Ancaq bu gün Azərbaycan haqqında qərəzli fikirlər səslənirərək, guya ölkəmiz barədə "narahat" olduqlarını bəyan edən tərəflər dönüb geri baxsalar, özləri barədə daha çox narahat olmağa başlayarlar. Hətta deyə bilərik ki, əslində, Azərbaycan ABŞ-da və bir sıra Qərb dövlətlərində baş verən hüquq pozuntularından narahat olmağa başlayıb.
Məsələn, bu qərəzli bəyanatlarla bağlı, əslində, Azərbaycan ictimaiyyətində narahatlıq var. Çünki Azərbaycanda narahatdırlar ki, nəyə görə bizim ölkəmizə "demokratiya dərsi" keçməyə çalışan ABŞ-da irqi və dini zəmində insan haqları pozulur? Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqussonda insan haqları pozulur və bu gün də eyni hal müşahidə edilir. Bəs nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?!
Digər tərədən, Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəlikləri yerinə yetirib. Hansı ki, Ermənistan Avrasiya İttifaqına üzvlüklə bağlı strateji qərar qəbul etdi, ABŞ-da buna etiraz oldu? ABŞ-da Ermənistan QHT-lərinin 78 nəfəri, Gürcüstanda QHT-lərinin 102 nəfəri siyasi məhbus elan etməsinə niyə münasibət bildirilmir? Əksinə, ABŞ-ın bəzi siyasi dairələri keçmiş diplomatlarının dilə ilə Azərbaycana mesajlar verməyə çalışırlar. Kozlariç və Kramen kimi keçmiş diplomatlar Azərbaycana açıq şəkildə çağırışlar edirlər.
Lakin bütün bunlara rəğmən, Azərbaycan bu gün öz milli maraqlarını qorumaq üçün siyasət qurub və bu cür təzyiqlər Azərbaycanın siyasi kursuna heç bir təsir göstərə bilməz.
Həmçinin, hədəfin nəyə görə Azərbaycan olmasının digər məqamları da var və bu məqamlar kifayət qədər bəllidir. Ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunları Qərbin ölkəmizdə olan maraqlı dairələrini ciddi şəkildə narahat edir. Onlar narahat olublar ki, Azərbaycan bütün sahələrlə yanaşı, bu sahədə də birinciliyi əldə edib. Bu baxımdan, indi də könül bulandırmaqla məşğuldurlar. Amma hər dəfə olduğu kimi, bu dəfə də keçməyəcək. Onların bu cür sərsəm, qərəzli və məntiqsiz iddiaları nəticə etibarilə həmin siyasi dairələrin özlərinə ziyan verəcək. Həmin gün isə çox da uzaqda deyil...