Artıq kifayət qədər sübuta yetirilib ki, Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir. Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi barədə verilən qərar və artıq həmin qərarın müqabilində Azərbaycanın möhtəşəm idman yarışlarına hazır olması bir daha təsdiq edir ki, xalqımız və dövlətimiz növbəti qələbəyə çox yaxındır. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, həm də Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir. Onu da qeyd etmək mümkündür ki, bu qələbə gözlənilən idi. Azərbaycan idmanının dünyanın bütün ölkələrində əldə etdiyi uğur və nailiyyətləri, Olimpiya Hərəkatında qazanılan çoxsaylı medallar, ölkəmizdə keçirilən müxtəlif səpgili beynəlxalq idman yarışları -bütün bunlar məhz tarixi nailiyyətlərimizin sırf göstəricisidir. Azərbaycan xalqının ümidləri hər zaman özünü doğruldub. Çünki bu ümidlərin, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi faktı möhkəm əsaslara söykənir. Çünki biz artıq neçə ildir ki, bu qələbəyə doğru irəliləyirik. Birinci dəfə müstəqil dövlət kimi Atlantada bir medal, ondan sonra Sidneydə üç, Afinada beş, Pekində yeddi və nəhayət, Londonda on medal qazanmışıq. Əhali və ərazi baxımından bizdən bir neçə dəfə böyük olan ölkələri arxada qoymuşuq. Bu dəfə də Avropanın bir çox aparıcı dövlətlərini qabaqlayaraq, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə, ev sahibi adını qazanmasına nail olduq.
Beləliklə, bizi gələcəkdə də medallar, qələbələr gözləyir. Bu qələbələr bütün xalqımızı sevindirəcəkdir. Bu qələbələr Azərbaycan xalqının qələbəsi, idmançıların qələbəsi olacaq. Belə ki, Azərbaycan bu qələbələrə layiq ölkədir. Məhz Prezidentimiz Cənab İlham Əliyev də belə vurğulayıb: "Azərbaycan güclü dövlətdir. Güclü dövlətin güclü də idmanı olmalıdır. Həyatımızın hər sahəsində olduğu kimi, idmanda da qələbələrimiz görülən işlərin məntiqi nəticəsidir. Azərbaycanda çox güclü və mehriban idman ailəsi vardır. Bu istiqamətdə düzgün dövlət siyasəti aparılır. Dövlət siyasətinin düzgün istiqamətdə aparılması, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumların vahid komanda şəklində fəaliyyət göstərməsi, idmançılarımızın peşəkarlığı və Vətənə olan sevgisi bu qələbələri şərtləndirdi".
Göründüyü kimi, artıq əldə edilən hər bir nailiyyətin arxasında faktlar, əsaslar, danılmaz həqiqətlər dayanır. Hətta son zamanlar Azərbaycanın bu kimi mötəbər və möhtəşəm yarışlara ev sahibi adını əldə etməsindən vahiməyə düşən, qıcıqlanan, hətta aqressivləşən bir sıra siyasi dairələr, onlara kifayət qədər pul-para buraxan erməni lobbisi, o cümlədən, sapı özümüzdən olan tiyələri kor baltalar da yəqin ediblər ki, onların qərəz, şantajlar üzərində etdikləri var-gəlləri nəticəsiz qalacaq. Çünki Azərbaycanın qələbə əzmi çoxdan bu "qüvvələrin" kələyini kökündən kəsib.