Bakı çox dəyişib, ilk Avropa Oyunlarına hazırlıq paytaxtın simasına xeyli gözəllik gətirib. Qırımızı çubuxunu qaldıranda ürəyindən qıpqırmızı qara qanlar axan polislərimizin geyimlərindən, üz cizgilərindən tutmuş şəhərdə yardılan səliqə-sahman - lap yerinə düşür. Bəzi hallarda bu səliqə-sahmana özümü öyrəşdirə bilməyən vətəndaşalrımız da olur, əsl ziddiyyət yaranır. Məsələn, dünən yol polisi çox mədəni surətdə sürücünü saxladı və xahiş etdi ki, qarşıdan gələn maşınlara yol versin, sonra da keçib-gedər. Sürücüdən heç bir sənəd də tələb etmədi, sadəcə qarşı yolun açılması üçün bir neçə saniyə gözləməsini xahiş elədi. Paho, sürücü elə bir hoqqa çıxartdı ki, polis çubuğunu kürəyində gizlədib çıxıb getdi. Bu sürücü özünə haqq verirmiş kimi üzünü bizlərə çevirib bu sözləri də deməyi unutmadı: "Maaa lazımdııııı, qadan alem, maaa problem yoxdu, heş remen-zad da vurmeram, məni polsimi saxliyajax...".
Öyrənə bilmirik, çətin məsələdir. 10 və 90 seriyalı maşınlardan başqa digərlərinin şəhərə buraxılmaması da lap əla oldu. Bir də görürsən ki, 15 seriyalı qluşiteli cırıq-cırıq olan bir 06 xoruldaya-xoruldaya düz gəlib şəhərin ortasında saxlayır. Maşında bir Belarus traktorunun yükü olur, o qədər meşox yükləyir ki, 3 günə ancaq boşaldıb qurtarmaq olur. Bir qapısından pomidor, o birisindən xiyar, alça, çiyələk tökülür. Qısası, öyrənməliyik. Bundan sonra boz kostyumlu, gülərüz polis əməkdaşı yaxınlaşıb nəsə düzgün yol göstərəndə, o polisin yaxasına əl atmaq lazım deyil. Avstraliyadakı kimi jurnalistin üzündə siqaret söndürmürlər ki burada. Reket jurnalistlərin çörək ağacları baltalandı, hamı iş-güc başında olacaq. Daha bu özlərinə "jurnalist" deyən kəndxudalar bağça müdirəsinə, orta məktəb müəlliminə santaj gəlib 1000 manat pul istəyə bilməyəcklər. Məni ən çox sevindirən bax, budur. Hələ deputatlardan 50 manat alıb material ötürən pəltək, dili uzun "jurnalistləri" demirəm.
"Əziz və hörmətli" sərnişinlər sözünü eşidəndə, hələ də gülməyimiz gəlir. "Torqovı"da şəhərli kəndlilərə gülür, ona görə ki, kəndli hələ də ağ corab geyinir, sport ayaqqabı ilə qalstuk taxıb kostyum geyinir. Kəndlilər də şəhərlilərə gülür, ona görə ki, şəhərlilər də onlar kimi ağ corab geyinib sport ayaqqabı ilə qalstuk vurub kostyum geyinmirlər. Ən acınaqcaqlı durum kənddən gəlib özünü şəhərli kimi görsədənlər də olur. Qabil demişkən, bax, o zaman "yerimiz səhv düşür...".