Kimsəyə sirr deyil ki, AXCP-dən gedənlərin əsas baiskarı elə Əli Kərimlinin özüdür. Yəni o, keçiriləcək qurultayda istəyinə qarşı çıxacaq üzvlərin qovulmasında maraqlı olduğunu açıq şəkildə büruzə verib. Çünki yaxşı bilir ki, sədri olduğu 15 ildə partiyaya heç bir uğur gətirməyib və onun qazana bilmədiyi uğurlarının kökündə avtoritar idarəçiliyi, partiyadaşlarına xəyanətləri, o cümlədən şəxsi mənfəət qazanması amilləri dayanır. Düzdür, Əli Kərimlinin müəyyən "uğurları" var. Həmin "uğurlar" hələ AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyin sədrliyi dövründə "Yurd" qruplaşması yaradılarkən əldə edilib. Yəni onun "uğuru" AXCP daxilində qruplaşmaların yaranmasıdır. Məsələn, rayonlara öz yaxın adamlarını, qohum-əqrəbasını sədr qoyur, partiyada vəzifələr verir, qazandığı qrantları onların arasında bölür. Yerdə qalanlar isə onlara baxıb barmaq sorurlar. Bütün bunlar Əli Kərimlinin "uğurlarıdır"...
Onu da demək olar ki, bu yaxınlarda Nərimanovda gedən proseslərə də rəhbərliyi birbaşa Əli Kərimli edib. Hətta "facebook"da belə öz zombilərini yerləşdirən cəbhə sədri orada şəxsi nəzarəti altında söyüş qrupları yaradır. Kim Əli Kərimlidən deyilsə, söyüləcək, təhqir olunacaq, üstəlik uzun illər canını orada qoymasına baxmayaraq, işlənmiş salfet kimi bayıra atılacaq. Bax, Əli Kərimlinin əsas "siyasi baxışı" bu cür "demokratiya" üzərində qurulub. Hələ bu harasıdır, gün olanda ki, AXCP sədri hər hansı bir məsələ barədə "ağıllı", "kamallı" status yazırsa, həmin status da dərhal "Azadlıq" qəzetində dərc olunursa, siz gəlin görün "facebook"da onu tərifləyən zobmilər necə də "bəh-bəh" edib, şıllaq atırlar. Əli Kərimlini özlərinə sədr deyil, "kral" hesab edən "facebook" nökərləri məlimdur ki, öz yallarına bir parça Kərimlinin haram çörəyini də qazanırlar.
Bu ərəfələrdə AXCP-dən partiyadaxili avtoritar idarəçiliyə etiraz edən və nəticədə oradan qovulan funksioner Ağaşirin Tanrıverdioğlu bu yerdə yaxşı bir fikir bildirib. Sitat: "Kim azad söz yazırsa, parolu oğurlanır. Məmməd İbrahimin parol sındırmaqda olan səriştəsinə bələdəm. Əli bəyin bu işlər üzrə "müşavir"i odur. Əli Kərimli AXCP-nin yox, bir qrup "zombi"nin kralıdır. Özü istədiyi qaydada partiyanı idarə edir. "Zombi"lər də ona saxta alqışlar edirlər. Çıxarılanları kimdənsə pul almaqda ittiham edirlər. Cavid Musazadə çox gözəl bilirdi ki, onu çıxaracaqlar. Dünən partiyaya gələnlər Əli Kərimliyə "zombi"lik edirlər. Əli bəyin daxili aləminə bələdəm. Onun yanında kim varsa, gərək bir əlində aftafa, bir əlində də məhrəba olsun. Mənə çox ləkə vurdular".
Bəli, məhz Əli Kərimli ilə uzun illər bir yerdə addımlamış insanlar indi-indi hansı vəziyyətdə olduqlarının fərqinə varmağa başlayıblar. Onlar soruşurlar və cavab tələb edirlər ki, məsələn, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı heç yerdə işləmir, oliqarx olmasa da, bu səviyyədə imkanları var, ancaq digər cəbhəçi, Əli Kərimlini tənqid etdiyinə görə partiyadan qovulan Dəyanət Babayev isə müalicə olunmaq üçün pul tapmır, amma onun daha bir müavini Həsən Kərimov ildə 3-4 dəfə xaricə müalicəyə gedir, Gözəl Bayramlı hətta təzyiqini ölçdürmək üçün Gürcüstana gedir! Əli Kərimlinin aftafatutanlarından biri olan Məmməd İbrahim 500 manatlıq evdə kirayə qalır və heç yerdə işləmir. Ancaq oğlunun birini də Amerikaya göndərib. AXCP-nin Nərimanov təşkilatının sədri Hacı Abbaslı da 500 manatlıq kirayədə qalır, heç yerdə işləmədiyi halda və bu pulların haradan qaynaqlandığı hələ də kimsəyə bəlli deyil... Sual olunur ki, axı həmin pullar sizdə hardandır? Bax, onda başda Əli Kərimli olmaqla, hər kəs çəkilir öz qınına...
Bu gün Əli Kərimli meydanda deyir ki, "biz azadlıq uğrunda mübarizə aparırıq". Ancaq o, azadlıq uğrunda mübarizənin necə olmasından, ümumiyyətlə xəbərsizdir. Çünki onda azadlıq hissi yoxdur, özünün təlimatı ilə çıxan "Azadlıq" qəzetindən başqa.
Göründüyü kimi, Əli Kərimli diktatordur və onun diktatorluğuna hökmən son qoyulmalıdır. Bu olmasa, onda partiyada vəziyyətin daha da kritikləşəcəyini istisna etmək olmaz. Ən azından onun məhrəbatutanları və aftafadaşıyanları da özü kimi oradan çxıarılmalıdır. Özü də üsyan və qiyam yolu ilə! Bəlkə son zamanlarda oradan çıxarılan etirazçılar bir yerə yığılaraq, AXCP-də narıncı inqilab etsinlər? Məncə, pis fikir deyil...